Məhkəmə qərarları › İş №2(024)-442/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-442/2025

17.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-442/2025 17.06.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «aliment və yetkinlik yaşına çatmış övladların valideyinlərinə görə əlavə xərclərdə iştirak edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddia tələbinin dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «aliment və yetkinlik yaşına çatmış övladların valideyinlərinə görə əlavə xərclərdə iştirak edilməsi» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 hər ay sabit pul məbləğində hər birindən aliment və yetkinlik yaşına çatmış övladların valideyinlərinə görə əlavə xərclərdə iştirakına görə 250 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yuxarıda qeyd olunan ünvanda yaşayır. Ailəlidir və 4 övladı vardır. Özü ağır xəstədir. Artıq 67 yaşı var. Əmək qabliyyətini itirmişdir. O, diz qapağından əməliyyat olunmuşdur. Sag diz qapağı da əməliyyat olunmalıdır. Eyni zamanda belində 7.5 mm yırtıq var və əməliyyat olunmalıdır. Heç bir yerdə işləyə bilmir. Əmək qabliyyətini tamamıilə itirmişdir. Cavabdehlər isə ona heç bir yardım etmirlər. Lakin o cavabdehlərə bir ata kimi hər cür qayğı göstərmişdir. Türanəni oxutmuş, işlə təmin etmişdir. Ona toy etmişdir. Torpaq ev və digər işlərinə pul vəsaitləri ilə kömək etmişdir. Həm maddi və həm də mənəvi dəstəyini daim əsirgəməmişdir. Eyni zamanda Günaya da, maddi və mənəvi dəstəyimi əsirgəməmişdir. Təhsil almağına daim dəstək göstərmişdir. Hazırda Almaniya Respublikasındadır. 10.000 Yevro əmək haqqı alır. Bir valdeyin olaraq öz borcunu laiqincə yerinə yetirmişdir. Hazırda hər bir əməliyyatına görə 2.500 manat pul lazımdır. Lakin cavabdehlər ona heç bir maddi və mənəvi dəstək göstərmirlər. Bu səbəbdən o məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri: Cavabdeh2 məhkəməyə təqdim etdiyi etiraz ərizəsindən görünür ki, iddiaçı tərəf olan atası İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ondan və bacısı Cavabdeh1 hər ay sabit pul məbləğində alimentin və yetkinlik yaşına çatmış övladların valideynlərə görə əlavə xərclərdə iştirakına görə 250 manat məbləğində pulun da onlardan alınaraq ona verilməsini xahiş etmişdir. Hazırda iş Qax Rayon Məhkəməsinin icraatındadır. İddiaçı onun atasıdır və hazırda o, tək yaşamaqdadır. Övladları olaraq onlar, hər zaman onun qayğısına qalmış, ehtiyaclarında yanında olmağa çalışmışlar. Lakin ailəsi ilə birlikdə yaşayan müddətdə atası tərəfindən övladlarına qarşı hər zaman kobud və ittiham edici münasibət olmuşdur. Birgə yaşam müddətində anası atası tərəfindən göstərilən şiddətə və pis rəftara dözməyərək evi tərk etməli olmuşdur. İddiaçının məhkəmə prosesi zamanı bildirdiyi halların heç bir sübutu və reallığı mövcud deyildir. O dəfələrlə ağır xəstə olduğunu və müalicələrə ehtiyac duyduğunu ifadə etmişdir. Halbuki, qarşı tərəf yaşına görə yetərincə sağlamdır və özünü idarə etməkdə heç bir çətinlik çəkmir. Bundan başqa, iddiaçının bildirdiyinə görə güya o, övladlarını oxutmuş və işlə təmin etmişdir. Bu iddia əsassızdır. Bundan başqa, uzun illər boyu qarşı tərəf bizə, yoldaşına kobud rəftar etmiş, incitmiş, ata və həyat yoldaşı olaraq öz vəzifələrini icra etməmişdir. Bu səbəbdən də, ailəsində daimi problemlər yaşanmışdır. Qarşı tərəf məhkəməyə müraciət edən zaman maddi durumunun zəif olması və həqiqətən də alimentə ehtiyac duymasını göstərə biləcək hər hansınsa mötəbər sübut da təqdim etməmişdir. Bu da, onun maddi durumunun bir daha araşdırılması üçün səbəbdir. Öncədən olan məhkəmə prosesləri zamanı da o, mövcud maddi və sağlamlıq vəziyyətinin pis olması barədə məlumatlar bildirmişdir. Belə ki, o işsizdir və ailədə yalnız yoldaşım işləyərək onları dolandırır. Onların ailəsinin aylıq gəliri yalnız xırda ehtiyaclarını ödəməyə yetərlidir və bununla da, onun aliment ödəyə bilməsi mümkün deyildir. İddiaçının tələb etdiyi aliment məbləği onun real vəziyyətinə uyğun deyildir. Bu işdə sübutetmə yükü iddiaçının üzərinə düşsə də, onun bu işlə bağlı heç bir mötəbər sübutu da yoxdur. Həmçinin, iddiaçı əvvəlki iş üzrə apellyasiya baxışının məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, onun pensiyası onun yaşaması üçün kifayət edir, onun uşaqlarının maddi yardımına ehtiyacı yoxdur. Bundan başqa da, iddiaçı tərəfin əlavə gəlirləri, yeni aldığı maşını vardır. Onun hazırda nə də əvvəlki illərdə onların maddi dəstəyinə ehtiyacı olmamışdır. İddiaçının hazırki və əvvəlki məhkəmə instansiyasına müraciət məqsədləri sadəcə övladları olaraq onlara qarşı qərəzli mövqedə olması, yalan məlumatlar verərək onlara mənəvi və maddi vəziyyətinə zərər yetirməyə çalışmaqdan ibarətdir. Məhkəmə prosesi zamanı iddiaçının maddi vəziyyəti tam şəkildə hərtərəfli araşdırılsa bütün hər şey aydın olacaqdır. İddia əsassız olduğu üçün iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 məhkəməyə göndərdiyi elektron ərizədən görünür ki, 05 iyun 2025-ci il tarixli məhkəmə iclasında ölkə xaricində yaşamağım və xroniki xəstəliyindən ötrü halhazırda mütəmadi müalicə almasına görə səyahət edə bilmədiyinə görə iştirak edə bilmədiyinə görə üzr istəyir. Bundan əlavə, burda qısaca Abidov Əzəddınin alıment iddiasına etirazını əsaslandırmaq istəyir. O, orta təhsilini-Qax rayonunda bitirdikdən sonra Bakalavr təhsilini Bakıda, bacısı Cavabdeh2 evində qalaraq və dövlət sifarişli fakültədə stipendiya alaraq bitirmişdir. Bu illər ərzində valideynləri onun üçün nə kirayə xərci çəkmiş, nə də gündəlik xərcləri üçün mütəmadi pul göndərmişdirlər. Almaniyadakı Magistratura təhsil və yaşam xərclərin isə bır təhsil fondundan tam stipendiya qazanaraq özüm qarşılamışdır. Bu səbəbdən iddiaçının iddia etdiyi, onları böyütmək ücün xüsusi xərc çəkdiyi iddiasi ilə razılaşmır. Bundan əlavə, iddiaçının qeyd etdiyi, əmək qabiliyyətinin itirməyi səbəbilə gəlir olmaması da tamamilə yalandır, cünki o: aylıq 400 manata yaxın pensiya alır. «Opel» markalı minik maşını ilə taksi fəaliyyəti göstərir. Qax rayon polis şöbəsinin yaxınındakı mağazasını kirayəyə verdiyi ət dükanından aylıq təqribən 200 manat gəlir əldə edir. Mütəmadi olaraq sələmçiliklə məşğul olaraq borc verdiyi şəxslərdən artıq faizlə borcu geri alaraq gəlir qazanır. Banklardakı hesablarından əmanət hesablarına görə illik pul qazanır. Qeydiyyat olduğu evin yaxınlığındakı «çaylaq» adlı ərazidəki sənədsiz, təqribən 100 ağacdan ibarət olan fındıq bağından hər ilin yay sonunda/payızında fındıq sataraq gəlir r əldə edir. Ən sonuncu, artıq bir bacı və qardaşından məhkəmə qərarı ilə hər birindən aylıq 150 manat aliment alır. O, hal-hazırda Almaniyada yaşayır və işləyir. Həkim yaxud da hüquqşünas olmadığından yüksək gəlir yoxdur, təhsil sahəsində işləyir və kirayədə yaşayır. Övlad olaraq vəzifəsinin fərqindədir, lakin burda maddi dəstəyə ehtiyac olan İddiaçı deyil, boşanarkən evdən paltarlarını da olsa götürə bilməyən anasıdır. O, bu səbəbdən mütəmadi olaraq anasına maddi yardım göstəri (anası qardaşının yanında yaşasa da, qardaşı, Abidli Deyanət həm İddiaçı aliment, həm də başqa kredit borcları olduğundan maddi vəziyyəti yaxşı deyil). Uşaqlıqdan bəri İddiaçı yolda, evdə, qohumları ilə pul üstündə davalarından travma alaraq böyümüşlər. İndi təəssüf ki, növbə onlara çatıb. Pul istəməkdən əlavə, o, öz qızlarını hər yerdə nalayiq ifadələrlə rüsvay etməyə çalışır və hətta əqli qüsurlu azyaşlı nəvəsi üçün ağza alınmaz ifadələr işlədir. Bu səbəblərdən və iddiaçının maddi cəhətdən sıxıntı çəkmədiyini nəzərə alaraq, məhkəmədən adil qərar qəbul etməyinizi xahiş edir. Çünki yuxarıda qeyd etdiyi kımı, halhazırda onun pensiyadan başqa gəliri9 olmayan anasının dəstəyə ehtiyacı var və o əlindən gəldiyincə onu edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, onun evlilik dövründə dörd övladı olmuşdur. Layiqincə övladlarına atalıq etmiş, böyütümş, oxutmuş, evləndirmiş, ev və maşın almışdır. Övladını böyütmüş oxutmuşdur. M.Ş.Abidova onun keçmiş həyat yoldaşıdır. Ayda 327 manat pensiya alır. 4 uşaq böyütmüş, evləndirmişdir. Maddi və mənəvio dəstək olmuş, həmişə yanlarında olmuşdur. Son vaxtlar arvadı onu tərk etdikdən sonra övladları onu atmışlar. O, İİ qrup əlildir. Sol dizindən əməliyyat olunmuş. saöğ dizindən də əməliyyat olunmalıdır. Belində 7.5 mm yırtıq var və əməliyyat olunmalıdır. Özü xəstədir və iş qüvvəsi yoxdur. Aldığı pensiya onun müalicəsinə və dərmanlarına yetmir. X5 yaxşı vəzifədə, işdə işləyir. Əmək haqları yüksəkdir. Yaxşı əmək haqqı alır. Qızı yaxşı əmək haqqı alsın. İstəsə iyirmi min alsın. O bundan peşman deyildir. Lakin iki ildən artıqdır, lakin anası ilə bir birləşərək bir dəfə də olsun onunla əlaqə saxlayıb maraqlanmadılar. Bu səviyyəyə anası və özləri çatdırmışlar. O, çox fikirləşmişdir. Onun bir günahı vardır. O da ailəsini və uşaqlarını özündən çox istəməsi və özünə dəyər verməməsidir. Evini Almaniyada yaşayan qızına bağışlamışdır. Qızı burada ərə getmədiyi üçün səkkiz min manat cehiz pulu vermişdir. O xəstə düşdükdən sonra olan qlan hamısı əlindən çıxmışdır. Ona baxmağın dərdindən hamısı ondan imtina etmişlər. Etirazda onun qızlarını oxutmaması, baxmaması barədə yazılanlar hamısı yalandır. Qızlarını oxutmuş, təhsillərini almış, evləndirmişdir. Bir ata kimi layiqincə vəzifələrini yerinə yetimişdir. Övladları onlara əmlaklarını bağışladıqdan sonra ondan imtina etmişlər. Çünki o xəstədir və çəliklə gəzirdi, əməliyyat olunub xəstəxanada iki-üç gün narkozda yatmış, yanına gəlməmişlər. Qızının qapısına getmiş, qapını açmamışdır. Cavabdeh2 ərizəsində yazdıqları və məhkəmə iclasında dedikləri hamısı yalandır, heç birini qəbul etmir. Son vaxtlara qədər arvadı ilə mehriban olmuşdar. Son zamanlar onun heç xəbəri olmamış, arvadı əvvəlcədən bütün paltarlarını yığıb göndərmişdir. 250 manat pul vermiş, biletini almış və bir də bazarlığını etmişdir. Arvadı Türanəgilə gedərək onlarda qalırdı. Dörd-beş gün sonra gəlməyəcəyini demişdir. Nə qədər çalışmış, gəlməmiş və Dörd uşaq böyüdüb oxutmuş, evləndirmişdir. Türanənin yoldaşı fəhlə işləyirdi və dolanacaqları çətin idi. Ona pul verimş və o da maşın almışdır. Sonra da həyətyanı üçün torpaq almağa, ev tikməyə köməklik etmişdir. O, övladları üçün eldiklərinin heç birini arzulamır və halallığını verir. Lakin bu etdiklərinə baxmayaraq övladları ona qarşı nankorluq etmişlər. O, xəstəxanadan çıxıb qızının evinə getmiş, ona qapı açmamışlar. Dekabr ayının 27-si tort alaraq oğlunun evinə barşmaq üçün getmiş, üzünə qapı açmamışlar. Ona baxan adam lazımdır, aldığı təqaüdlə dolana bilmir. İki mərtəbəli, 17 sot həyətyanısı olan evini Alamniyda yaşayan qızına bağışlamışdır 3 ildən artıq müddətdir ki. qızı onu axtarmır. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X1 məhkəmə iclasında izahatında göstərmişdir ki, əvvəlcə oxutmamaq barədə göstərilənlərə münasibət bildirmək istəyir. Düzdür, texnikum bitirmişdir. Ola bilər ki, yazılanda texniki səhvə yol verilib. O, oxumuşdur. Bu danılmazdır. Atası deyir ki, o oxutmuşdur, baxmışdır və s. O, 23 ildir ki. evlidir. Atası 23 əvvəlki söhbətləri indi edir ki, uşaqları belə etmişlər. Onlar heç bir şey etməmişlər. İddiaçı onunla telefon əlaqəsi saxlamış, Rusiyada və Almaniyada yaşayan bacılarını da çağırmışdır. Bölgülər edəndə demişdir ki, qoy bunlar gəlsinlər, bundan sonra anasını boşayacaqdır. Yalansa iddiaçı desin ki, yalandır. Atası o vaxtdan bu planı qurmuş, onun anasını bezdirmiş, anası təkcə çantasını götürmüş, paltarlarını götürərək onun əlindən belə qaçmışdır. Anası onkoloji xəstədir. İddiaçı özü etmişdir, onun üçün fərqi yoxdur, anası haradadır. İndi də iddiaçı onların üstünə atır. Onlar heç bir şey etməmişlər. Sonrası da ki, uşaqların biri pis olar, digəri yaxşı. Nə oldu, dördü də atasına üz çevirmişlər. Heç olmasa biri yaxşı olardı. Deməli atası belə hərəkətlər etmişdir. Neçə illərdir ki, atası onu məhkəmələrdə süründürür. Hər şeyi sübut edəcəkdir ki, atasının nələri və gəliri nə qədərdir. Atası desin ki, onun ehtiyacı vardır, onlar da bir övlad kimi necə ki anası tək qaldı, onkoloji xəstədir, hər ay övladlarını biri anasına baxmışlar. İddiaçı da atası idi, ona baxar və qulluğunda dayanardılar. Atası onları məhkəmələrdə süründürür, özünü təmizə çıxarır. O, övlad kimi atasına necə baxsın?. Tutaq ki, onlar pis övladlardır, onu danışdırmırlar, onun qapısını açmırlar. İddiaçının bir dənə qohumu, qonşusu qapısını açan varmı?. Gəlib kimsə bunu danışdırırmı. Qonaq çağırırmı, düz əməlli salam verirmi və ya qapısını açırmı? Onlara və anasına etdiklərinə görə. Anası xəstədir və iynə dərman alınır deyə qovdu, cavan qadın alıb gətirdi. İndi isə onları pisləyir ki, məhkəmə onlara aliment təyin etsin. İddiaçının iki maqazini vardır. Deyir ki, maddi imkanı yoxdur. Atasının xəstəliyi ilə bağlı deyə bilər ki, ayağında problem vardır, bu yaşda normalıdr, o yaşlı adamdır, 67 yaşı var. Onlar isə cavandır və bu saat onun özü də iynə dərmanla yaşayır. İddiaçı dizindən əməliyyat olunub, bir də deyir ki, belində yırtıq vardır. O, yaşda kişilər şəhərdə fəhlə də işləyir, karyerdə də işləyirlər. Xahiş edir ki, atasının aylıq gəlirlərini nəzərə alıb qərar verilsin. Atasının pulu vardır və banka qoyub. Atası onların uşaqlığından bu yana sələmə pul verir. 400 manat pensiya alır. Bacı qardaşından hər ay aliment kəsilib, hər birindən 150 manat alimenti vardır. Fındıq bağları vardır. Hər yay fındıq yığır, otunu biçir, ot preslərindən qazanır. İki ədəd mağazası vardır. təzəlikcə avtomobil almışdır, avtomobili də vardır. Anası ilə də ortaqlı maşını var idi, satdılar, anası indi ona aylıq pul ödəyəcəkdir. İllərdir, taksi fəaliyyəti ilə məşğul olur. İddiaçı hazırda bir özü, bir də evləndiyi həyat yoldaşı vardır. Uşağı, övladları, nəvələri, əglib-gedəni yox, rayon yerində yaşayır, evi həyət bacası, əkin biçini var. Şəhərdə də yaşamır. İddiaçı necə deyə bilər ki, dolana bilmir. Gəlsin onlar kimi şəhərdə yaşasın. O, ərinin əlinə baxır. Oğlu da əsgərliyə getmişdir. Ərinin heç avtomobili də yoxdur. Onun aliment ödəməyə imkanı yoxdur. İddiaçının bu qədər gəliri vardır, deyir ki işləmir. Onsuz da iddiaçı illərdir ki, işləmir. Xeyr, İddiaçı ona köməklik edilməsi barədə ona müraciət etməyib. Çünki onlarla davası başlamış, anası ilə necə arası dəydi, anasını gecəylə küçəyə atdı. Anası gecə qonşularda qalmışdır. Anası dərmanlarla yaşayır, təziqi də vardır. Həmçinin onkoloji və psixi xəstədir. Anası qapını döymüşdür ki, iddiaçı dərmanları versin, lakin atası verməmişdir. Əri gecə işdən icazə aldı, avtomobilə oturub gəlmiş və anasını aparmışlar. İddiaçı isə demişdir ki. anasını nə üçün aparmışlar. İddiaçı belə bəhanələrlə onları məhkəmələrə verir. Atasının onu evə buraxmaması barədə demək istəyir ki, həmin vaxtı o evdə olmamış, əri atasını qarşılamışdır. Anası atasının səsini eşitmək istəmir. Məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmiş məhkəməyə elektron ərizə göndərərək Almaniya Federasiyasında yaşadığı üçün məhkəməyə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. İşin halları: Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: Qax Rayon Məhkəməsinin 2 (024)615/2023 №li, 07 noyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə X3 arasında 28 yanvar 1982-ci il tarixdə Qax rayon VVAQ şöbəsində bağlanmış 6 № ilə qeyd edilmiş nikah pozulmuşdur. İş materiallarında olan «Elektron məhkəmə informasiya sistemi» vasitəsi ilə əldə olunmuş məlumatlardan görünür ki, İddiaçı İİ qrup əlilliyə görə 393.33 manat əmək pensiyası alır. Əmlak məlumatlarınnan görünür ki, İddiaçı mülkiyyətində «Opel Astra minik» markalı, 1998ci il istehsallı, avtomobil və Qax rayonu Əmircan kəndində 0.1054 ha kənd təsərrüfatı təyinatlı əkin məqsədli isitfasəd növlü torpaq sahəsi vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komsisiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı onurğanın yayılmış osteaxandrozu, diskagen bel oma radikuliti, tez-tez residiv verən sürəkli lumbaişalgiya, sağda kökcüyünün zədələnməsi diaqnozu əsasında müddəsiz, ümumi xəstəliyə görə İİ dərəcəli əllik təyin edilmişdir. Ambulator kitabçadan Çıxarışdan görünür ki. İddiaçı prostat vəzinin hiperplaziyası diaqnozu qoyulmuş, müəyyən edilmə tarixi 03 dekabr 2024-cü ildir. Çıxarış Ekiprizindən görünür ki. İddiaçı sol dizdə qonartroz diaqnozu qoyulmuşdur. M.A.Toçubaşov adına X2 verdiyi aşağı (yuxarı) ətrafların venoz (arterial) sisteminin dupleks skanlaşdırılması və doppleroqrafiyasından görünür ki, tənəffüslə əlaqəlidir. Valsalva sınağı hər iki SFS və SPS-lərdə mənfidir. Sol tərəfin qamış venalarında spontan qan axınının sürəti bir qədər azalmışdır, qan axını diastolo-dominant tiplidir (ikinci mənbəli!). Sol BDV (d=4,8-5,5mm) damarın gedişi boyü özü və şaxələri bir qədə genişləniblər, zəif qıvrılmış şəkildədirlər. Mənfəzləri sərbəstdir. Qapaqların funksiyası pozulmayıb. Digər səthi venaların diametri N daxilindədir. Perforantlar intaktdırlar.Arterial sistem: Kompleks intima-media bir qədər diffiız qalınlaşıb, qatla aydın differensiasiya edilir. Hər iki qalça-bud-dizaltı-baldır-ayaq seqmentlərdə əhəmiyyət kəsb edən dəyişikliklər aşkarlanmır. Qan axını maqistral tipli və simmetrikdir. P.S. Sol dizaltı nahiyyədə qan damarları ilə əlaqəsi olmayan, kanarları hamar, aydın izlənilən, uzanılmış oval formada, maye tərkibli, kompressivliyi kafi olan hipoexogen törəmə Beyker aşkarlanır. Ölçüləri 2.35 x 1,27 sm. Belə ki, yetkinlik yaşına çatmış övladların valideynlərini saxlamaq tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 82-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar(maddə 82.1). Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur(maddə 82.2). Qeyd olunan maddədən görünür ki, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. İşin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı işdə Ailə Məcəlləsinin 82.1-ci maddəsinin dispozitiv şərtləri mövcud deyil. Belə ki, iddiaçının əmək qabiliyyətsiz olduğu iş matterialları ilə öz təsdiqini tapmağına və işin mübahisəsiz halı olmasına baxmayaraq, iddiaçı özü apellyasiya baxışının məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, onun pensiyası onun yaşaması üçün kifayət edir, onun uşaqlarının maddi yardımına ehtiyacı yoxdur. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçının 4 övladı vardır. İddiaçı əmək qabiliyyətini qismən itirmişdir. Belə ki, iddiaçı orqanizm funksiyalarının 61-80 faiz (ikinci dərəcəli əlillik) pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi müddəti daimi olmaqla 393.33 manat əmək pensiyası alır. İddiaçı iddia ərizəsində aliment və yetkinlik yaşına çatan övladların valideyinlərinə görə əlavə xərclərdə iştirakına görə 250 manat pul tələb edir. Lakin iş materiallarına əlavə edilmiş tibbi sənələr iddiaçının səhhəti ilə bağlı problemlərinin olmasını əks etdirsə də, əməliyyat xərclərinin 2.500 manat təşkil etməsini sübut etmir. Bundan başqa iddiaçı iddia ərizəsində övladı Günayın 10.000 Avro əmək haqqı almasını göstərsə də, bununla bağlı məhkəmə sübut təqdim etməmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, hazırkı işdə Ailə Məcəlləsinin 82.1-ci maddəsinin dispozitiv şərtləri mövcud deyil. Belə ki, iddiaçının əmək qabiliyyətsiz olduğu iş materialları ilə öz təsdiqini tapmır və pula ehtiyacı omlası barədə heç bir tutarlı sübut məhkəməyə təqdim olunmamışdır. Hazırki tələbə baxılarkən İddiaçı övladlarının ona baxmadığını, nankorluq etdiyini bildirir və onlardan narazılığını ifadə edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.1-ci maddəsinin dispozisiyasında isə əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladların maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideyinlərini saxlamağa və onlara qayğı göstərməyə borclu olmaları şərtləndirilmişdir. Bundan başqa iddiaçının saxlaması üçün onun yetkinlik yaşına çatmış digər ovladlarından aliment tutulması barədə məhkəmə qətnaməsi mövcuddur. Ona görə də, məhkəmə iddia tələbinin sübuta yetirilməməsi qənaətinə gəlir. Tətbiq edilən hüquq Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə keçmiş ər-arvadın aliment öhdəlikləri üzrə yaranmış mübahisədir. Ona görə də işin hallarına qüvvədə olan Ailə Məcəlləsinin müddəaları əsasında hüquqi qiymət verilməlidir. Nikah pozulduqdan sonra keçmiş ərin (arvadın) aliment tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 85-ci maddəsidir. Eyni zamanda iddia tələbinin həllində başqa hüquq normaları da nəzərdən keçirilməlidir. Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının Qanunu 1.0.2-ci maddəsinə əsasən əlilliyi olan şəxslər, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları əmək qabiliyyəti olmayan şəxslərdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Həmin Məcəllənin 82.2-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia rədd edildiyi üçün iddia ərizəsinin verilməsi üçün iddiaçını ödəməkdən azad olunduğu 50 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə, 60 manat ödənilmiş mediasiya xərci isə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «aliment və yetkinlik yaşına çatmış övladların valideyinlərinə görə əlavə xərclərdə iştirak edilməsi» tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün iddiaçının ödəməkdən azad olunduğu 50 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə, 60 manat ödənilmiş mediasiya xərci isə iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar