Məhkəmə qərarları › İş №2(024)-506/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-506/2024

27.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-506/2024 27.08.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi (məsləhətçi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh hamiləliyi dövründən və uşağın üç yaşı tamam olanadək ana üçün 270 manat miqdarında alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehlə el adəti üzrə toy edərək evlənmiş, lakin nikahlarını rəsmi olaraq qeyd etdirməmişlər. Hazırda cavabdehdən 8 aylıq hamilədir. Cavabdeh heç bir əsaslı səbəb olmadan onu döymüş və təhqir etmiş, xəyanət etmişdir. Onlar faktiki olaraq ayrılmışlar. Hazırda o hamilə vəziyyətdə atasının evində yaşayır. Heç bir yerdə işləmir, aylıq gəliri və evi yoxdur. Valideynlərinin himayəsindədir. Hamilə olduğundan heç bir yerdə işləyə bilmir. Cavabdeh isə onunla maraqlanmır və atalıq borcunu yerinə yetirmir, uşağa baxmır. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməməmiş, habelə məhkəməyə ərizə ünvanlayaraq xx.xx.2024-cü ildə əməliyyatla uşağı doğulduğundan xx.xx.2024-cü tarixə təyin edilmiş məhkəmə iclasına gələ bilməyəcəyini göstərmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdi və izahatında göstərdi ki, iddiaçı ilə faktiki olaraq ayrı yaşayırlar. İddiaçı bir neçə gün əvvəl uşaqlarını dünyaya gətirmişdir. Uşağın atası özüdür. Uşağa Cəsur adı qoyulmuşdur. Bu vaxta kimi iddiaçı ilə aralarında dəfələrlə mübahisə yaranıb, iddiaçı bir neçə dəfə valideyinlərinin yanına qayıtmışdır. Ailənin bərpa olunması mümkün deyil. Aliment ödənilməsi ilə bağlı qeyd etdi ki, hazırda işsiz olduğu və aylıq əmək haqqı almadığı üçün yaşadığı kənddə fəhləlik edərək fərdi işlərlə məşğul olur. Ananın hamiləliyi dövründə və uşaq 3 yaşına çatana kimi uşağa qulluq etməklə bağlı anaya yalnız ay ərzində 20-30 manat məbləğdə aliment ödəyə bilər. Həmin məbləğdən çox ödəniş etməyə maddi imkanı çatmır. Gələcəkdə uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment məbləğinin də iddiaçı tərəfindən tələb olunacağından xəbərdardır. Odur ki, alimentin onun göstərdiyi məbləğdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddia ərizəsindən və əlavə edilmiş materiallardan görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2023-cü il tarixində rəsmi nikahları olmadan evlənmişlər. AA******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdə doğulmuşdur. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞŞ/MT018/2024-01044 nömrəli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə sessiyada iştirak etməmişdir. Hayat Hospital tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ultrasəs müayinəsindən görünür ki, İddiaçı hestasiya 25 həftə 5 gün, fetometrik 25 həftə 3 günlük hamilədir. Fotoşəkillərdən görünür ki, İddiaçı ilə Cavabdeh rəsmi nikahlarını qeyd etdirməsələr də, ailə qurmuşlar. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə alimentin tutulması üzrə yaranmış mübahisədir. Ona görə də işin hallarına qüvvədə olan Ailə Məcəlləsinin müddəaları əsasında hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsi nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.3-cü maddəsində təsbit edilmişdir ki, nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər xx.xx.2023-cü il tarixində rəsmi nikahları olmadan ailə qurmuşlar və iddiaçının ərizəsinə əsasən xx.xx.2024-cü il tarixdə Cəsur adlı uşaqları doğulmuşdur. Tərəflər hazırda faktiki olaraq ayrılmışlar və uşaq iddiaçının himayəsindədir. Uşağın məhkəmə iclasından bir neçə gün əvvəl doğulmasını cavabdeh özü də məhkəmə iclasında ifadə verərkən təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərək hamiləliyi dövründə və uşağın 3 yaşı tamam olana kimi özünə hər ay 270 (iki yüz yetmiş) manat məbləğində aliment pulunun ödənilməsini xahiş edir. İddia tələbinin ananın hamiləliyi dövründə və uşaq üç yaşına çatana kimi ana üçün hər ay 270 manat sabit pul məbləğində alimentin tutulması hissəsi ilə bağlı məhkəmə göstərir ki, tələbin qanuni əsasını Ailə Məcəlləsinin 84-cü maddəsi təşkil edir. Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci, 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər; hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad. Həmin Məcəllənin 86-cı maddəsində qeyd olunmuşdur ki, aliment ödənilməsi barədə ərarvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən maddi yardıma ehtiyacı olan ər (arvad) əmək qabiliyyətini spirtli içkilərin, narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və ya qəsdən törətdiyi cinayət əməli nəticəsində itirdikdə, aliment ödənilməsini tələb edən ər (arvad) ailədə ləyaqətsiz davrandıqda və nikah çox çəkmədikdə məhkəmə əri (arvadı) nikah dövründə və nikah pozulduqdan sonra maddi yardıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan arvadı (əri) saxlamaq vəzifəsindən azad edə və bu vəzifəni müəyyən müddətlə məhdudlaşdıra bilər. Məhkəmə qeyd edir ki, baxılan işdə bu şərtlər mövcuddur. Belə ki, Cəsur adlı uşaq bir neçə gün əvvəl doğulub, üç yaşına çatmamışdır və iddiaçı buna görə də işləyə bilmir. Nəzərə alınmalıdır ki, cavabdeh iddiaçıya maddi cəhətdən kömək etməyə borclu olduğuna görə, iddia tələbinə qarşı etiraz etdiyi hər bir halda maddi iqtidarsızlığı barədə sübut təqdim etmə yükünü dayışır. Lakin bu cür sübutlar təqdim edilməmişdir. Bununla belə məhkəmə onu da nəzərə çatdırır ki, iddiaçının xahişi üzrə 270 manat məbləğdə alimentin də tutulması yolverilən və ədalətli deyildir. Uşağa qayğı göstərilməsinin valideynlərin həm hüququ həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın 3 yaşına çatmadığını, ümumiyyətlə yeni doğulduğunu, iddaçının yeni uşaq dünyaya gətirməsini, səhhətinin vəziyyətini, işləmədiyini və uşağın gündəlik tələbatının artmasını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən uşağın 3 yaşınadək saxlanması üçün hər ay 30 manat məbləğində vəsaitin tutulması həm tərəflərin maddi vəziyyətinə uyğun olar. Eyni zamanda məhkəmə hesab edir ki, tərəflər faktiki ayrı yaşadığından və uşaq anasının yanında olduğundan, alimentin tutulması iddia ərizəsinin məhkəməyə verildiyi vaxtdan tutulmalı, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ananın hamiləliyi dövründə və uşağın üç yaşı tamam olanadək ananın özünü saxlaması üçün cavabdehdən hər ay 30 (otuz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməlidir. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablanmalı və qətnamə alimentə aid hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Bundan başqa iddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən cavabdehdən alınıb dövlət büdcəsinə ödənilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki-Prosesual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı hamiləliyi dövründən və tərəflərin birgə evliliyindən xx.xx.2024-cü il tarixdə doğulmuş Cəsur adlı uşağın üç yaşı tamam olanadək ana üçün 30 manat aliment Cavabdeh alınaraq İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə aliment tələbinə dair hissədə dərhal icra olunsun. İddia ərizəsinin verilməsi üçün ödənilməli olan 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar