Məhkəmə qərarları › İş №2(024)-522/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-522/2023

19.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-522/2023 19.09.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı alimentin azaldılması barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona təyin olunmuş 120 manat alimentin miqdarının azaldılaraq 50 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, Qax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(024)-33/2022 nömrəli icra sənədi üzrə xx.xx.2012-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 120 manat sabit pul məbləğində aliment ödəməlidir. Lakin o hazırda heç bir yerdə işləmir. Özü fiziki cəhətdən xəstədir. Əsəb tibb müəssisəsində qeydiyyatdadır. Onu heç bir yerdə işə qəbl etmirlər. Anası sağlığında ona maddi dəstək göstərmişdir. Lakin hazırda anası vəfat etmişdir. Hər ay 50 manat alimenti bacılarının maddi dəstəyi ilə çətinliklə ödəmişdir. Lakin Cavabdeh alimentin artırılması barədə iddia qaldırdıqdan sonra təyin edilən 120 manat alimenti ödəyə bilmir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ona təyin olunmuş 120 manat alimentin miqdarının azaldılaraq 50 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçının göstərdiklərini qəbul etmir. Uşaq böyüdükcə xərcləri də artır. Ona görə də, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə toplanmış materialları araşdıraraq belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. İşə əlavə edilmiş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Qax rayonu Qaysarlı kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh Qax rayonu Qaysarlı kəndində qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər rəsmi nikah bağlayaraq evlənmiş, birgə nikahdan xx.xx.2012-ci il tarixdə doğulmuş Tunar adlı övladları dünyaya gəlmişdir. Qax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(024)-33/2022 nömrəli qətnaməsinə əsasən tərəflər arasında olan nikah pozulmuş və xx.xx.2012-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 120 manat sabit pul məbləğində aliment ödənilməsi qət edilmişdir. İddiaçı hazırda məhkəmədə iddia qaldıraraq alimentin miqdarının azaldılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Göstərilən qərarda məhkəmə qeyd etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Ona görə də, məhkəmə hesab edir ki, Tunar Cəfərlinin saxlanması üçün İddiaçı 50 (əlli) manat məbləğində aliment tutulacağı təqdirdə həmin məbləğ Tunarın saxlanması üçün yetərli deyildir və həmin məbləğ həddindən artıq aşağıdır. Ona görə də, iddiaçı tələbində haqlı deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndin əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İnsan Hüquqlarına Dair Ümumi Bəyamnamənin 25 ci maddəsinin 2-ci bəndinə əsasən Analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nigah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanununun 8-ci maddəsinə əsasən Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin qanunun 13-cü maddəsinə əsasən Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi alimentin müəyyən olunmuş miqdarı yalnız o halda dəyişə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olsun. Beləliklə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra keçən müddət ərzində iddiaçının maddi vəziyyətində dəyişiklik olması halları öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “ona təyin olunmuş 120 manat alimentin miqdarının azaldılaraq 50 manat müəyyən edilməsi tələbi”nə dair iddiası rədd edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı “ona təyin olunmuş 120 manat alimentin miqdarının azaldılaraq 50 manat müəyyən edilməsi tələbi”nə dair iddiası rədd edilsin. Qax rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar