Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-548/2023 17.10.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2 etibarnamə üzə nümayəndəsi həmçinin Cavabdeh1 iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment və yetkinlik yaşına çatan övladların valideynlərinə görə əlavə xərclərdə iştiraka cəlb edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 hər ay sabit pul məbləğində hər birindən 350 manat alimentin alınıb özünə verilməsi və cavabdehlərdən əməliyyat üçün tələb olunan 5000 manat pul vəsaitinin alınıb özünə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verib göstərdi ki, onun 66 yaşı var. Hazırda ağır xəstədir. Əmək qabiliyyətini itirmişdir. Belə ki, hazırda o sol diz qapağından əməliyyat olunmuşdur. Həmçinin sağ diz qapağından əməliyyat olunmasına ehtiyac var. Belində 7.5 mm yırtıq var və ona görə də əməliyyat olunmalıdır. Evlidir 4 övladı var. O övladlarına layiqincə atalıq etmiş, onlara toy etmiş və evlə təmin etmişdir. Övladları ona nə maddi nə də mənəvi köməklik etmirlər. İİ qrup əlildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Ona görə də o məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh1 və Cavabdeh2 hər ay sabit pul məbləğində hər birindən 350 manat alimentin alınıb özünə verilməsi və cavabdehlərdən əməliyyat üçün tələb olunan 5000 manat pul vəsaitinin alınıb özünə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahat verib göstərdi ki, o, Bakı şəhərində yaşayır. Hazırda zavodda işləyir və aylıq əməkhaqqı 400 manatdır. Anası və arvadı ilə birlikdə yaşayır. Arvadı hamilədir. İddiaçının tələb etdiyi miqdarda alimenti ödəməyə maddi imkanı yoxdur. Göstərdiklərini nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 etibarnamə üzə nümayəndəsi Cavabdeh1 izahat verərək göstərdi ki, Cavabdeh2 heç bir yerdə işləmir, uşağı autizim xəstəsidir. İddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan DSMF-nin 2 saylı Şəki-Zaqatala regional filialının Qax rayon qəbul şöbəsinin verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı orqanizm funksiyalarının 61-80 faiz (ikinci dərəcəli əlillik) pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi müddəti daimi olmaqla əmək pensiyası alır. Əmək zəmanəti-Əmək qabiliyyətsizdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə toplanmış materialları araşdıraraq belə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı evlidir və 4 övladı var. Hazırda iddiaçının 66 yaşı var. O əmək qabiliyyətini qismən itirmişdir. Belə ki, sol ayağının diz qapağından əməliyyat olunmuş və maddi yardıma ehtiyacı var. Övladları isə iddiaçıya heç bir maddi yardım göstərmirlər. İddiaçı orqanizm funksiyalarının 61-80 faiz (ikinci dərəcəli əlillik) pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi müddəti daimi olmaqla əmək pensiyası alır. İddiaçı əmək qabiliyyəti olmayan şəxsdir. Həmçinin məhkəmə araşdırması zamanı cavabdehlərin əmək qabiliyyətsizliyinin olması müəyyən edilməmişdir. İddiaçı özünü saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Ona görədə iddiaçı cavabdehlərdən aliment tələb edir. Məhkəmə iddiaçının mənafeyi ilə yanaşı həmçinin cavabdehlərin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddiaçının tələb etdiyi aliment miqdarı olduqca yüksək olmaqla yerli şəraitə və cavabdehlərin hazırkı real vəziyyətinə uyğun deyildir. Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının Qanunu 1.0.2-ci maddəsinə əsasən əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları əmək qabiliyyəti olmayan şəxslərdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Həmin Məcəllənin 82.2-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. Həmçinin iddiaçı iddia ərizəsində cavabdehlərdən əməliyyat olunması üçün 5000 manat məbləğində pulun alınaraq özünə verilməsini xahiş etmişdir. Lakin iş materiallarına bununla bağlı hər hansı mötəbər sübut əlavə etməmişdir. Ona görə də məhkəmə iddianın həmən hissəsinin rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin qeyd olunan maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə tərəflərin maddi və ailə vəziyyətini nəzərə almaqla iddiaçının özü üçün cavabdehlərdən hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də, alimentin tutulması xx.xx.2023-cü il tarixdən yəni iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan başlanılmalıdır. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd olunan hüquq normalarının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehlərdən birgə qaydada 56 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birindən hər ay 150 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablansın. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 56 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi əsassız olduğundan rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-548/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-548/2023
17.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver