Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-747/2024 10.12.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə. İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh olan 28 aprel 2021-ci il təvəllüdlü oğulları X1 saxlanması üçün sabit pul məbləğində hər ay 235 manat alimentin tutularaq özünə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 19 avqust 2019-cu il tarixində ailə həyatı qurmuşlar. Nikahları rəsmiləşdirilməyib. Cavabdehlə birgə nikahdan 28 aprel 2021ci il təvəllüdlü X2 adlı bir oğulları vardır. Ailə həyatı qurandan sonra bir müddət cavabdehlə normal ər-arvad münasibətində olmuşlar. Lakin sonradan cavabdehin iddiaçıya qarşı münasibəti tamamilə pisləşmişdir. Hazırda ayrı yaşayırlar. Ər-arvad münasibətləri yoxdur. Uzun müddətdir ki, cavabdeh uşağı ilə maraqlanmır, ona heç bir maddi yardım göstərmir. İddiaçı uşağı valideynlərinin köməkliyi ilə saxlayır. Maddi cəhətdən çox çətinlik çəkir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. İddiaçı məhkəmə iclasında iştirak etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verdi və əlavə olaraq onu da göstərdi ki, 19 avqust 2019-cu ildə cavabdehlə toyları olub, lakin rəsmi nikah bağlamamışlar. Daha sonra Rusiya Federasiyasına getmiş və orada 2 il yaşamışlar. Orada X2 adlı uşaqları dünyaya gəlmişdir. Cavabdeh sənədləşmə işləriylə bağlı rəsmi nikaha girmək istəməmişdir. İlk əvvəl Cavabdeh özünün, daha sonra İddiaçı vətəndaşlıq alması üçün belə bir addım atmışdır. Cavabdeh heç bir maddi yardım etmir və uşaqla maraqlanmır. İddiaçı özü isə ali təhsillidir və ev şəraitində məktəbəqədər hazırlıq kursu keçir. X1 səhhəti ilə bağlı problem yarandığına görə əməliyyat üçün Rusiya Federasiyasına aparılmışdır. Həmin vaxt xəstəxana xərclərini Danil adlı uşağın atası Cavabdeh ödəmişdir. Ödədiyi məbləğ təxminən 300 (üç yüz) manat olmuşdur. Cavabdeh hazırda fəhlə olaraq işləyir və tələb olunan aliment məbləğindən qat-qat artıq ödəniş edə bilər. Onun öz övladını düşünən bir ata kimi hissinin olduğunu düşünmür. Cavabdeh iddiaçıya bildirmişdir ki, ayrılıb getdiyinə görə uşağa özü baxmalı və böyütməlidir. İddiaçı məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Vİİ-ИК № 704458 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında tərcüməsinin təsdiq olunmuş surətindən görünür ki, X2 xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyası, Moskva vilayəti, Naro-Fominsk şəhərində doğulmuşdur. Onun atası Cavabdeh, anası isə İddiaçıdır. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli MŞŞ/MT018/2024-01588 saylı arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli **********2 əməliyyat nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştrak etmək üçün 60 mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Qax RİHB-nın Güllük kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 230 saylı arayışından görünür ki, İddiaçı Qax rayonu, Güllük kəndində qeydiyyatdadır. “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş sərhədkeçmə məlumatlarından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasını tərk etmiş və hazırki vaxtadək ölkə ərazisinə qayıtmamışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə alimentin təyin edilməsi üzrə yaranmış mübahisədir. Ona görə də işin hallarına qüvvədə olan Ailə Məcəlləsinin müddəaları əsasında hüquqi qiymət verilməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında rəsmi qeyd edilməklə nikah bağlanmamış, lakin tərəflər faktiki ailə münasibətlərinə daxil olmuş, 28 aprel 2021-ci il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. İddiaçı və cavabdeh faktiki olaraq ayrılmışlar, Danil adlı uşaq hazırda iddiaçının himayəsindədir. Cavabdeh isə uşağın saxlanılması üçün köməklik etmir. Uşaq üçün alimentin təyin edilməsi tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsidir. Eyni zamanda iddia tələbinin həllində başqa hüquq normaları da nəzərdən keçirilməlidir. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində də göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (alimentin təyin edilməsi) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara alimentin təyin edilməsi ödənilməsi barədə saziş yoxdursa, eləcə də alimentin təyin edilməsi verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin təyin edilməsi valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin təyin edilməsinin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu yetkinlik yaşına çatmayanlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. Sadalanan hüquq normalarından göründüyü kimi, valideyn qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Valideynin işləməməsi və ya qazanca malik olmaması, yaxud qazancının az olması onu uşağı saxlamaq, normal maddi dolanışığını təmin etmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 78-ci maddəsi sabit məbləğdə alimentin tutulmasına əsas verən hallardan biri kimi valideynin qazancının (gəlirinin) olmamasını, başqa bir hal kimi də alimentin təyin edilməsin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu halı müəyyən etmişdir. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin təyin edilməsi miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsi sabit pul məbləğinin miqdarının müəyyən edilməsi üçün tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının əsas tutulmasını tələb edir. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar alimentin təyin edilməsi təyini zamanı nəzərə alınsa da, uşaqların mənafeləri baxımından qiymətləndirilməlidir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Hazırki iş üzrə alimentin təyin edilməsi tələbinə dair iş üzrə aliment ödəməli olan tərəf uşağın atasıdır. Cavabdeh məhkəmə baxış iclasında iştirak etməmiş, iddiaçının tələbinə qarşı alimentin hansı miqdarda təyin edilməsi ilə bağlı öz etirazlarını bildirməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin alimentin təyin edilməsi kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin təyin edilməsinin bir uşaq üçün 190 (bir yüz doxsan) manat məbləğdə müəyyən edilməsini uşağın mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolverilən hesab edir. Məhkəmə göstərir ki, alimentin bu məbləği uşağın mənafeləri baxımından qənaətbəxşdir. Eyni zamanda məhkəmə hesab edir ki, tərəflər faktiki ayrı yaşadığından, uşaq anasının yanında olduğundan, alimentin tutulması iddianın məhkəməyə daxil olduğu xx.xx.2024-cü il tarixdən etibarən hesablanmalı və qətnamə alimentə dair hissədə dərhal icra edilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə alimentin təyin edilməsi məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin təyin edilməsi və alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən xx.xx.2021-ci il tarixdə doğulmuş X2 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması uçün hər ay bir uşaq üçün 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan və iddianın qiyməti Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə müvafiq olaraq bir illik ödəmənin məcmusu ilə müəyyən olunduğundan cavabdehdən 42.80 (qırx iki manat səksən qəpik) manat məbləğdə dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə alimentin təyin edilməsi, alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti alimentin alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsində qeyd olunmuşdur ki, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021--ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Alimentin təyin edilməsinin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. İddia ərizəsinin verilməsi üçün və iddiaçının ödəməkdən azad edildiyi 42.80 (qırx iki manat səksən qəpik) manat məbləğdə dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Taleh Kərimov
Məhkəmə qərarları › İş №2(024)-747/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-747/2024
10.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver