Məhkəmə qərarları › İş №2(024)-820/2024

Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-820/2024

21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-820/2024 21.11.2024 QAX RAYON MƏHKƏMƏSİ Mən, Qax Rayon Məhkəməsinin hakimi Kərimov Taleh Etibar oğlu, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı «ümumi birgə mülkiyyətdəki payların alqı-satqısına dair sadə yazılı əqdin etibarlı sayılması, əqd üzrə öhdəliyinin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı qarşı iddia ərizəsini ilə Qax Rayon Məhkəməsinə müraciət edərək, Qax rayonu Meşəbaş kəndinin ərazisinin “Molla Həsən” adlı hissəsində Qax rayon Aqrar İslahat Komissiyasının 19 fevral 2003-cü il tarixli, 01 saylı qərarı ilə əvəzsiz ayrılmış 0.83 ha torpaq sahəsinin 1307 saylı 0.53 ha əkinə yararlı torpaq sahəsinin, 0.83 ha torpaq sahəsinin ayrılmaz tərkib hissəsi olan Qax rayonunun Meşəbaş kəndində yerləşən 11 top fındıq bağının altındakı 1307 C saylı torpaq sahəsinin ümümi birgə mülkiyyətdəki payların mülkiyyətçiləri Kuzibabaşvili Roland İloyeviç, Cavabdeh1, Kuzibabaşvili Nukri Rolandoviç, Cavabdeh2 və Kuzibabaşvili Qiorqi Rolandoviç ilə İddiaçı arasında bağlanmış ümumi birgə mülkiyyətdəki payların alqı-satqısına dair 10 mart 2005-ci il tarixli sadə yazılı əqdin etibarlı sayılması, əqd üzrə öhdəliyin 240 ay müddətində ödənilməsindən yayınmaqla vurulan zərərin Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi ilə müəyyən edilib cavabdehlərdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri Mülki Prosessual Qanunvericiliyin tələbləri baxımından hüquqi qiymətləndirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin iddia ərizəsinin forma və məzmunundan bəhs edən 149-cu maddəsində göstərilmişdir ki, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. (149.1), ərizədə aşağıdakılar göstərilməlidir (149.2), ərizənin verildiyi məhkəmənin adı (149.2.1), iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ( 149.2.2), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb (149.2.3), müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat (149.2.4), “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat (149.2.4-1.), ərizəyə əlavə edilən sənədlərin siyahısı (149.2.5). İş materiallarından görünür ki, iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmədən tərtib edilmiş, ərizədə cavabdehin şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatları göstərilməmişdir. Belə ki, iddiaçı tərəfindən verilmiş ərizədə Cavabdeh4 adı, soyadı, onun ünvanı qeyd olunsa da, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Elektron Məhkəmə” İnformasiya Sistemində cavabdehin şəxsi məlumatları barədə, habelə rəsmi qeydiyyat ünvanı barədə məlumat tapılmamışdır. İddiaçı tərəfindən cavabdehin qeydiyyatda olduğu və yaşayış yeri barədə Arayışı iddia ərizəsinə əlavə ediməmişdir. Həmçinin, Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin xx.xx.2024-cü il tarixli Maps üzrə məlumat şöbəsinin Arayışına əsasən Cavabdeh4 barədə rəsmi qeydiyyat ünvanı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablamalarla, sübutlarla təsdiq olunmalıdır. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmuş və ya öhdəlik yaranmır. Bu hallar olmayanda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyən etmək olmur. Hazırki iş üzrə iddiaçı cavabdehdən zərərin əvəzinin ödənilməsini tələb etsə də, zərərin miqdarını və ya dəyərini sübut etmək üçün müvafiq sənədlər təqdim etməmişdir. Həmçinin, sübut etmək yükü məhkəmənin deyil, iddia edənin üzərinə düşür. Bu yanaşma məhkəmə prosesinin çəkişmə şəraitində aparılması prinsipindən irəli gəlir. Belə ki, MPM-nin 9.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 9.3-cü maddəsinin tələbinə görə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Göründüyü kimi məhkəmə mülki prosesin çəkişmə şəraitində həyata keçirilməsini təmin etməyə borcludur, lakin cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatları tapmaq məhkəmənin vəzifəsi deyildir. Bu cür vəzifə iddiaçının üzərinə qoyulmuşdur. Məhz buna görə MPM-nin 149.2.2-ci maddəsində cavabdehin şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlaının iddia ərizəsində göstərilməsi tələb olunur. Nəzərə alınmalıdır ki, iddia ərizəsində cavabdehin şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatların göstərilməsi və vurulan zərərin dəqiq müəyyən edilərək göstərilməsi formal xarakterli məlumat olmayıb, məhkəmə prosesinin çəkişmə prinsipinin təmin olunmasına yönələn, cavabdehin məhkəmədə iştirakını təmin etməsi üçün şərait yaratmaq kimi səmərəli nəticəyə xidmət edən ilkin prosessual tələblərdən biridir. Eyni zamanda bu hal gələcəkdə qətnamənin icrasını təmin etmək, ədalət mühakiməsinin xəyali xarakter almamasına yönələn atılmış addımdır. Həmçinin iddiaçı tərəfindən qiymətləndirilən iddia ərizəsinin verilməsi üçün 55 (əlli beş) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia ərizəsində isə vurulan zərərin dəqiq miqdarı qeyd edilmədiyi üçün dövlət rüsumunun hansı məbləğə görə hesablanmasını müəyyən etmək mümkün olmamışdır. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsində iddia ərizəsinin geri qaytarılmasının əsasları göstərilmişdir. Həmin maddədə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraatın başlanmasını istisna edir. Həmin Məcəllənin 152.1.1-ci maddəsində göstərilmişdir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir (Mülki Prosessual Məcəllənin 152.2 və 152.3-cü maddələri). İddia ərizəsi qaytarıldığı üçün hesab edirəm ki, ərizənin verilməsi üçün iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 18744 nömrəli qəbzlə "xxxx" ASC-nin ödəniş sistemi vasitəsilə ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumu MPM-nin 114.1.3-cü maddəsinə əsasən iddiaçının özünə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı «ümumi birgə mülkiyyətdəki payların alqı-satqısına dair sadə yazılı əqdin etibarlı sayılması, əqd üzrə öhdəliyinin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizənin verilməsi üçün KapitalBank ASC-nin ödəniş sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə 18744 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 55 (əlli beş) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar