Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-95/2023 09.01.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh Soltan oğlunun iştirakı ilə. İddiaçı Cavabdeh Soltan oğluna qarşı “sabit pul məbləğində alimentn ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahdan xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Soltan oğlundan hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, Cavabdeh Soltan oğlu iddianı qismən qəbul etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, Cavabdeh Soltan oğlu ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan onların xx.xx.2017-ci il tarixdə Təhminə adlı qızı doğulmuşdur. Cavabdehlə ailə münasibətləri pozulduğu üçün aralarında olan formal nikahın pozulması, uşağın himayəyə verilməsi və əmlak tələbi ilə qanunvericiliyin tələbinə uyğun olaraq ilk növbədə mediasiya xidmətinə müraciət etmişdir. Mediasiya mərhələsində nikahın pozulması, uşaqların onun himayəsində qalması və əmlak tələbi barədə razılığa gəlsələr də, aliment və digər tələblərlə bağlı mediasiya prosesinə xitam verilmişdir. Hazırda o uşağın maddi ehtiyaclarını qarşılamaqda çətinik çəkir. Cavabdeh isə bu tələbatları qarşılamadığı üçün hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən birgə nikahdan xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Soltan oğlundan hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Soltan oğlu izahat verib göstərdi ki, iddiaçı ilə birgə nikahlarından xx.xx.2017-ci il tarixdə Təhminə adlı qızı dünyaya gəlmişdir. Övladına aliment ödəməkdən imtina etmir. Sadəcə olaraq iddiaçının tələb etdiyi aliment miqdarını ödəməyə maddi imkanı yol vermir. Övladı Təhminənin saxlanılması üçün hər ay 30 manat aliment ödəyə bilər. Göstərdiklərini nəzərə alaraq iddianın qismən, yəni qəbul etdiyi hissədə təmin edilməsini xahiş etdi. İş materiallarında olan AZ-İ № 952376 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh Soltan oğlu ilə Ramazanova (Hacıyeva) Samirə Nəbi qızının nikahları 11 avqust 2014-cü ildə rəsmi qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ № 978293 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2017-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” Arayışdan görünür ki, İddiaçı və Cavabdeh aliment tələbi ilə bağlı ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı 50 manat mediasiya xərci ödəmişdir. İş materiallarında olan AA******* saylı biometrik şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Qax rayonu Qaxbaş kəndində qeydiyyatdadır. İş materiallarında olan AA******* saylı biometrik şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, X2 şəhəri, İmam Mustafayev küçəsi, ev 132-də qeydiyyatdadır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, toplanmış materialları araşdıraraq belə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər xx.xx.2014-cü il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə evlənmişlər. Birgə nikahdan tərəflərin xx.xx.2017-ci il tarixdə Təhminə adlı qızı doğulmuşdur. Uşaq hazırda iddiaçının himayəsindədir. İddiaçı uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Ona görədə uşağın saxlanması üçün cavabdehdən hər ay 193 manat məbləğində aliment tələb edir. Məhkəmə uşağın mənafeyi ilə yanaşı həmçinin cavabdehin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddiaçının tələb etdiyi aliment miqdarı olduqca yüksək olmaqla yerli şəraitə və cavabdehin hazırkı real vəziyyətinə uyğun deyildir. Bundan başqa məhkəmə hazırki iş üzrə qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycanda 2023-cü il üçün yaşayış minimumu haqqında” qanunda uşaqların saxlanması üçün 220 manat məbləğ müəyyən edilməsinə baxmayaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olması müəyyən edilmişdir. Odur ki, uşağın qayğısına qalmaq və ehtiyaclarını təmin etmək hər iki valideynin üzərinə qoyulmuş vəzifə və mənəvi borcdur. Belə olan halda uşağın saxlanması üçün nəzərdə tutulmuş 220 manat məbləğə də ümumilikdə hər iki valideynin öhdəliyi kimi yanaşılmalıdır. Həmin məbləğin bir valideynin üzərinə qoyulması cavabdehin maddi vəziyyətinə və Ailə Məcəlləsinin 56.1-ci maddəsinin tələblərinə uyğun deyildir. Məhkəmə Cavabdeh uşaqların saxlanması üçün tutulan alimentin miqdarının hər ay sabit pul məbləğində bir uşaq üçün 150 (yüz əlli) manat məbləğində müəyyən edilməsini qanuna müvafiq hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İnsan Hüquqlarına Dair Ümumi Bəyamnamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən “Analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər”. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanununun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə uyğun olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyənləşdirilməlidir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Soltan oğlundan xx.xx.2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də, alimentin tutulması xx.xx.2022-ci il tarixdən yəni iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan başlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Ona görə də qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd olunan hüquq normalarının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehdən 38 (otuz səkkiz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh Soltan oğlundan xx.xx.2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2022-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Cavabdeh Soltan oğlundan 38 (otuz səkkiz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətinə Qax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-95/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-95/2023
09.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver