Məhkəmə qərarları › İş №2(025)-1007/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1007/2025

17.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1007/2025 17.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, alimentin həcminin azaldılması) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, İddiaçı nümayəndəsi X9 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbi barədə iddiasına dair mülki işə məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbi barədə iddia qaldıraraq xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X4 qızının yetkinlik yaşına çatanadək saxlanmasından ötrü uşaqların hər biri üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,48 misli məbləğində müəyyən edilmiş alimentin miqdarının azaldılaraq hər biri üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X9 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Qəbələ rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə, birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X4 qızının yetkinlik yaşına çatanadək saxlanmasından ötrü İddiaçı uşaqların hər biri üçün ayda 120,0 manat aliment tutulması müəyyən edilmişdir. Onun əmək haqqı 632,0 manat təşkil edir və ödənilməyən aliment borcu olduğuna görə hazırda Cavabdeh həy ay 555,0 manat aliment ödəyir. İddiaçı xx.xx.2018-ci il tarixdə X5 ilə nikaha daxil olaraq evlənmiş və həmin nikahdan iki uşağı olmuşdur. Qəbələ rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(025)36/2025 saylı qərardadı ilə, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X4 qızının yetkinlik yaşına çatanadək saxlanmasından ötrü kəsilmiş alimentin məbləği dəyişdirilərək uşaqların hər biri üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,48 misli məbləğində müəyyən edilmişdir. Cavabdeh ödənilən alimentin miqdarı əhəmiyyətli dərəcədə artdığından İddiaçı həmin məbləği ödəmək imkanı yoxdur. Ona görə də, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X4 qızının yetkinlik yaşına çatanadək saxlanmasından ötrü uşaqların hər biri üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,48 misli məbləğində müəyyən edilmiş alimentin miqdarının azaldılaraq, biri üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməsi haqqında iddia qaldırılmışdır. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Qəbələ rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə, birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X4 qızının yetkinlik yaşına çatanadək saxlanmasından ötrü İddiaçı uşaqların hər biri üçün ayda 120,0 manat aliment tutulması müəyyən edilmişdir. Lakin aliment vaxtı-vaxtında ödənilməmiş və 6000,0 manat aliment borcu yaranmışdır. O, uşaqlarla birlikdə Rusiya Federasiyasının Surqut şəhərində yaşayır və fərdi qaydada dırnaq ustası işləməklə qazanc əldə etməsinə baxmayaraq uşaqların maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Uşaqlar böyüdükcə onlara sərf edilən xərclər də ilbəil artır və son vaxtlarda gündəlik təlabat mallarının qiymətlərində müşahidə edilən artımlar vəziyyəti daha da ağırlaşdırır. Manatın alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə əlaqədar ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının artması nəzərə alınıb Qəbələ rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(025)36/2025 saylı qərardadı ilə, uşaqların saxlanmasından ötrü kəsilmiş alimentin məbləği indeksasiya olunaraq uşaqların hər biri üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,48 misli məbləğində müəyyən edilmişdir. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan Qəbələ rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(025)1054/2019 saylı qətnaməsi ilə, birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X4 qızının yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Cavabdeh xeyrinə İddiaçı uşaqların hər biri üçün ayda 120,0 manat aliment tutulması müəyyən edilmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli 8(025)-36/2025 saylı qərardadının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(025)- 1054/2019 nömrəli qətnaməsi ilə,xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X4 qızının yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Cavabdeh xeyrinə İddiaçı tutulan alimentin məbləği dəyişdirilərək xx.xx.2025-ci il tarixdən başlayaraq uşaqların hər biri üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,48 misli məbləğində müəyyən edilmişdir. İşdə olan AR FHN DYMX Qəbələ rayon DYMH tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3- 18-251/2-93/2025 saylı arayışa əsasən İddiaçı xx.xx.2016-cı il tarixdən AR FHN DYMX Qəbələ rayon DYMH 96 YMB-nin sürücüsü vəzifəsində işləyir və aylıq əmək haqqı 632,0 manat təşkil edir. İşdə olan AZ-İİ 243564 nömrəli “nikah haqqında” şəhadətnamənin surətinə əsasən İddiaçı ilə X1 nikahı xx.xx.2018-ci il tarixli 01 saylı akt qeydi ilə bağlanmışdır. Nikahdan sonra arvada Abızadə soyadı verilmişdir. İşdə olan Qəbələ RİHB Vəndam qəsəbə İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5-59-15/2-699/2025 saylı arayışa əsasən İddiaçı ilə X2 xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X10 adında uşaqları vardır. AR Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynlərin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, yaxud onun qazancı və sair gəliri yoxdursa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci madəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimentinm ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» AR Qanunun 13-cü maddəsinə əsasən uşağın AR qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 (iki yüz qırx altı) manat məbləğində müəyyən edilmişdir. AR Ali Məhkəməsi Plenumunun «nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı Qərarının 8.2. bəndində izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunverciliyi ilə müəyyən edilmiş minimum dolancaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır («Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideyinlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyindən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. AR Konstitutsiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X6 yalnız Cavabdeh tərəfindən qulluq edilərək onların onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarını təkbaşına çəkməsi və son vaxtlarda gündəlik təlabat mallarının qiymətlərində müşahidə edilən artımlarla əlaqədar dolanacaq xərclərinin əhəmiyyətli dərəcədə artması, o cümlədən İddiaçı maddi vəziyyətində pisləşmə olmadığı nəzərə alınaraq uşaqların saxlanmasından ötrü hər biri üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,48 misli məbləğində müəyyən edilmiş alimentin miqdarı azaldılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar