Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-105/2024 28.03.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və üçüncü şəxs Bakı şəhəri 12 saylı Notariat ofisinə qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: daşınmaz əmlakın bağışlanması müqaviləsinin və çıxarışın ləğv edilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və üçüncü şəxs Bakı şəhəri 12 saylı Notariat ofisinə qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və üçüncü şəxs Bakı şəhəri 12 saylı Notariat ofisinə qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-1433 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və onun əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına verilmiş reyestr nömrəsi **********18, qeydiyyat nömrəsi ********** olan Çıxarış və xx.xx.2019-cu il tarixli A №434211 olan Torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.1947-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu, Bum kəndində anadan olmuşdur. X1 13 yanvar 1998-ci il tarixində, anası X5 isə 22 iyun 1998-ci il tarixində vəfat etmişlər. Atası və anasının evliliyindən Vaqif, Arif, Nizami adlı 3 oğul övladları olmuşdur. Böyük qardaşı X6 1970-ci illərdə ailə quraraq birgə təsərrüfatdan ayrılmış, başqa torpaq sahəsində özünə ev tikərək ailəsi ilə birlikdə orada yaşamışdır və 31 dekabr 1998-ci ildə vəfat etmişdir. Kiçik qardaşı Cavabdeh1 isə 1971-ci ildən Bakı şəhərinə köçərək orada ailə quraraq yaşamış, birgə təsərrüfatdan ayrılmış, bu fakt təsərrüfatbaşına kitabdan olunmuş çıxarışda da öz əksini tapır. Ata və ananın təsərrüfatında isə o yaşamışdır, valideynlərinə baxmış, vəfat etdikləri zaman, onları dəfn etmiş, yas mərasimlərini təşkil edərək keçirmişdir. Valideynləri vəfat etdikdən sonra da faktiki olaraq onlardan qalan miras əmlaka (torpaq sahəsi, istismara yararsız ev və tikililər) onun tərəfindən sahiblik edilmiş, qulluq olunaraq istifadə olunmuş, qorunub saxlanılmışdır. Yuxarıda qeyd etdiklərinə əsasən valideynlərinə məxsus əmlakın (torpaq və tikililər) onların adına sənədləşməsi aparılmalı idi. Lakin, 2019-cu il noyabr ayında Cavabdeh2 ona və həyat yoldaşı X2 qarşı Qəbələ Rayon Məhkəməsinə müraciət edərək iddia qaldırmış, məhkəmə iclası təyin olunduqdan və iddia ərizəsinin surəti onun ünvanına daxil olduqdan sonra ona məlum olmuşdur ki, qardaşı Cavabdeh1 onun xəbəri olmadan 2015-ci ildə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsini qeyd etməklə "X3 istifadəsində olmuş 0,09 ha torpaq sahəsinə plan-ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair məhkəmədə iddia qaldırmış və iddiası Azərbaycan Respublikası Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02 oktyabr 2015-ci il tarixli, 2-1(84)-721/2015 saylı qərarı ilə təmin olunaraq cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə X3 istifadəsində olan 0,09 ha torpaq sahəsinə iddiaçı Cavabdeh1 adına torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilməsi öhdəliyinin qoyulması qət edilmiş, sonradan Cavabdeh1 Azərbaycan Respublikası Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02 oktyabr 2015-ci il tarixli, 2-1(84)-721420115 saylı qərarı əsasında (faktiki olaraq isə qərarda Çıxarışın verilməsi öhdəliyinhər hansı inzibati orqanın üzərinə qoyulmamışdır) torpaq sahəsinə qanunsuz yolla öz adına ünvan 2indəki 0,09 ha torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixində Seriya RX ******* nömrəli Çıxarış əldə etmiş, Bum bələdiyyəsi isə torpaq sahəsi ayırmışdır. xx.xx.2019-cu il tarixdə isə Bakı şəhəri 12 saylı notariat ofisində (xüsusi notarius X7) 4Ə-1433 nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsi bağlayaraq Qəbələ rayonu, Bum qəsəbəsindəki 0.09 ha torpaq sahəsini Cavabdeh2 bağışlamışdır. Həmin bağışlanma müqaviləsi əsasında müvafiq olaraq Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına Daşınmaz əmlakın reyestr nömrəsi **********18, qeydiyyat nömrəsi ********** olan Çıxarış və xx.xx.2019-cu il tarixli A №434211 olan Torpaq sahəsinin planı və ölçüsü əldə olunmuşdur. Onun isə bütün bu sənədləşmələrdən xəbəri olmamışdır. Ona görə də o, ilkin olaraq Şəki İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Şəki İnzibati- İqtisadi Məhkəməsinin 02 oktyabr 2015-ci il tarixli, 2-1(84)-721/2015 saylı qərarı maraqlarıma toxunduğundan müvafiq qərarın ləğv edilməsini və həmin iddia tələbi üzrə üçüncü şəxs qismində işə cəlb edilməyi barədə vəsatət ilə müraciət etmiş, vəsatəti təmin olunmuş və həmin qərar ləğv edilərək işə mahiyyəti üzrə baxılmışdır. xx.xx.2020-ci il tarixə təyin olunmuş məhkəmə iclasında iddia tələbinin baxılması mümkünsüz olduğundan işə baxılmasının mümkün olmaması barədə qərardad qəbul olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(107)- 372/2020 nömrəli qərardadı ilə inzibati iş üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-988/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-95/21 nömrəli Qərarı ilə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(107)-372/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Mülki qaydada o, iddiaçı kimi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə, Qəbələ rayon Bum bələdiyyəsinə qarşı və maraqlı şəxs Bakı şəhəri 12 saylı notariat ofisi olmaqla "çıxarış və bağışlanma müqaviləsinin etibarsız hesab olunması" tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Qəbələ Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2(025)-789/2020 saylı qətnaməsi ilə(sədrlik edən E.İsayev) iddia tələbi təmin edilməmişdır. O, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi 2(107)-227/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən G.Abbasov) apellyasiya şikayəti təmin edilməmiş və Qəbələ Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 227/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)- 4118/2021 nömrəli qərarı ilə mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası mülki işə baxaraq onun, yəni İddiaçı tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 2(107)-176/2022 nömrəli "Qəbələ Rayon Məhkəməsinin 1 sentyabr 2021-ci il tarixli 2(046)-227/2021 nömrəli qətnaməsinin "Cavabdeh1 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 27 dekabr 2016-cı il tarixli Seriya RX ******* nömrəli Çıxarışın ləğv edilməsi" tələbinə dair hissəsində ləğv edilməsi və iddia tələbinin Cavabdeh1 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 27 dekabr 2016-cı il tarixli Seriya RX ******* nömrəli Çıxarışın ləğv edilməsinə aid hissəsində iş üzrə icraata xitam verilməsi ilə bağlı" qərardadı nəzərə alınmaqla, Qəbələ Rayon Məhkəməsinin 1 sentyabr 2021-ci il tarixli 2(046)- 227/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-1433 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və onun əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına verilmiş Daşınmaz əmlakın reyestr nömrəsi **********18, qeydiyyat nömrəsi ********** olan Çıxarış və xx.xx.2019-cu il tarixli A №434211 olan Torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab olunmasına aid iddianın rədd olunmuş hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. O, iddiaçı qismində cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı, üçüncü səxslər Cavabdeh1, Cavabdeh2 olmaqla "Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qanunsuz və əsassız əldə olunmuş Cavabdeh1 adına ünvan 2indəki 0.09 ha torpaq sahəsinə görə verilmiş reyestr nömrəsi **********18, qeydiyyat nömrəsi ********** olan, Seriya RX, № 0976470, xx.xx.2016-ci il tarixli Çıxarışın ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulmasına" dair inzibati məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Şəki İnzibati Məhkəməsinin (hakim V.Musayev) 22 noyabr 2022-ci il tarixli, 2-1(116)-1570/2022 saylı qərarı ilə iddia tələbi təmin edilmiş və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə ünvan 2ində yerləşən 0.09 ha torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququnun dövlət qeydiyyatına dair **********18 reyestr nömrəli, Seriya RX, № ******* №-li, xx.xx.2016-ci il tarixli Çıxarışın ləğv edilməsi öhdəliyi qoyulmuşdur. Üçüncü şəxs Cavabdeh1 birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi 2-1(107)-283/2023 saylı, 01 iyun 2023-cü il tarixli qərarı ilə (sədrlik edən V.Məlikov) apellyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2-1(116)- 1570/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Eyni zamanda eyni tarixli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin hərəkətlərində cinayət tərkibi olduğuna görə araşdırılması üçün müvafiq olaraq Qəbələ rayon prokurorluğuna göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi 2-1(107)-283/2023 saylı, 01 iyun 2023-cü il tarixli qərarından kassasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəyə minmişdir. Ona görə də Cavabdeh1 mülkiyyət hüququnun dövlət qeydiyyatına dair **********18 reyestr nömrəli, Seriya RX, № ******* №-li, xx.xx.2016-ci il tarixli Çıxarış ləğv edildiyinə görə həmin Çıxarış əsasında həyata keçirilmiş sənədləşmələr və əldə olunmuş sənədlər (bağışlama müqaviləsi, çıxarış) də ləğv edilməlidir. İddiaya etiraz: xx.xx.2023-cü il tarixdə Cavabdeh1 məhkəməyə poçt vasitəsi ilə etiraz ərizəsi göndərərək göstərmişdir ki, o, 1952-ci il aprelin 1-də Bum kəndində anadan olmuşdur. İddia ərizəsində atası və anasının ölüm tarixlərini belə düzgün yazmayan “qardaşı” atası və anasına məxsus hər yeri tutaraq onu ata mülkündən tam məhrum etmişdir. Torpaqları özəlləşdirib ona verməyinə baxmayaraq onu aldadıb 1 qarış torpaq belə ona verməmişdir. Hətta atasının vəfatından sonra bankda onun adına olan vəsaiti əldə etmək üçün Bum icra nümayəndəsindən guya ailənin tək uşağı olduğu haqqında saxta arayış almış və bankdan pulu onun xəbəri olmadan tək çıxarmışdır. 2016-cı ildə ona verilən 0,09 ha torpağın çıxarışından onun xəbəri olmaması barədə iddiaçının dedikləri yalandır. Çünki ərazinin ölçülüb ona verilməsi onun özünün və ailəsinin yanında həyata keçirilmişdir. Şəki İnzibati-İqtisadi məhkəməsinin 2015-ci ildə çıxarılan qərarından 2020-ci ildə şikayət vermək və həmin qərarın eyni hüquqlu məhkəmə tərəfindən ləğv edilməsi nə dərəcədə düzgündür? Çıxarışın ləğv olunması haqqında iddiaçının iddiası Şəki Apellyasiya Məhkəməsi və Ali məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və üçüncü şəxs Bakı şəhəri 12 saylı Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin və üçüncü şəxs Bakı şəhəri 12 saylı Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən 10 sentyabr 2019-cu il tarixdə, 4Ə-1433 reyestr nömrəsi ilə qeydə alınmış «Daşınmaz əmlakın bağışlanması müqaviləsi»nin surətindən görünür ki, hədiyyə verən Cavabdeh1 tam mülkiyyət üzrə ona məxsus ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0,09 ha olan torpaq sahəsini (tam hissə 0,09 ha) qızı olan hədiyyə alan Cavabdeh2 bağışlamışdır. Bağışlanan torpaq sahəsi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr № si **********18, qeydiyyat № si ********** qeydiyyat tarixi xx.xx.2016 olan çıxarış Cavabdeh1 (hədiyyə verənə) məxsusdur. B Müqavilə bağlanan zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666- 674-cü maddələrinin məzmunu tərəflərə izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş reyestr № si **********18, qeydiyyat № si ********** olan Çıxarışın surətinə görə Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0.09 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 138 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1570/2020 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Qəbələ rayonu Bum kənd kəndində yerləşən 0,09 ha torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququnun dövlət qeydiyyatına dair **********18 reyestr nömrəli, ********** nömrəli, Seriya RX, № ******* №-li, xx.xx.2016-ci il tarixli Çıxarışın ləğv edilməsi öhdəliyi qoyulmuşdur. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)- 283/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, üçüncü şəxs Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)- 1570/2020 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 25 dekabr 2023-cü il tarixli məktubda göstərilmişdir ki, Cavabdeh1 adına tərtib edilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********18 qeydiyyat nömrəli çıxarış Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1570/2022 saylı qərarı əsasında ləğv edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 13, birinci hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar xx.xx.2007-ci il tarixli Qərarı “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 2-ci bəndinə görə daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 3-cü bəndinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1.4-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. 149.2.-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmənin mövqeyi: Beləliklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Cavabdeh1 Qəbələ rayonu Bum kəndində yerləşən 0,09 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatına dair Seriya RX, ******* №-li, xx.xx.2016-ci il tarixli Çıxarışın tərtib edilməsinə əsas Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2- 1(84)721/2015 saylı qərarı olmuşdur. Həmin qərara əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr № si **********18, qeydiyyat № si ********** qeydiyyat tarixi xx.xx.2016 olan çıxarışa əsasən Qəbələ rayonu Bum kəndində yerləşən 0,09 ha torpaq sahəsi Cavabdeh1 adına qeydə alınmışdır. 10 sentyabr 2019-cu il tarixli «Daşınmaz əmlakın bağışlanması müqaviləsi»nə əsasən hədiyyə verən Cavabdeh1 tam mülkiyyət üzrə ona məxsus ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0,09 ha olan torpaq sahəsini (tam hissə 0,09 ha) qızı olan hədiyyə alan Cavabdeh2 bağışlamışdır. Həmin bağışlama müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş reyestr № si **********18, qeydiyyat № si ********** olan Çıxarışın surətinə görə Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0.09 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 138 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində qeydiyyata alınmışdır. X9 Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(84)721/2015 saylı qərardadı ilə həmin qərar ləğv edilərək işə mahiyyəti üzrə baxılması təzələnmiş və Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-998\2020 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Yəni, iddiaçıTemurov Nizami Musa oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə qarşı “0,09 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə qəbul edilmiş yekin məhkəmə aktı iddia tələbinin mümkün sayılmaması olmuşdur. Nəticədə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1570/2020 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Qəbələ rayonu Bum kənd kəndində yerləşən 0,09 ha torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququnun dövlət qeydiyyatına dair **********18 reyestr nömrəli, ********** nömrəli, Seriya RX, № ******* №-li, xx.xx.2016-ci il tarixli Çıxarışın ləğv edilməsi öhdəliyi qoyulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-283/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə üçüncü şəxs Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1570/2020 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə iddiaçı, Cavabdeh1 mülkiyyət hüququnun dövlət qeydiyyatına dair **********18 reyestr nömrəli, Seriya RX, № ******* №-li, xx.xx.2016-ci il tarixli Çıxarış ləğv edildiyinə görə həmin Çıxarış əsasında həyata keçirilmiş sənədləşmələr və əldə olunmuş sənədlər (bağışlama müqaviləsi, çıxarış) də ləğv edilməsini tələb etməkdədir. Cavabdehlər isə məhkəmə iclaslarında iştirak etməmiş, sözügedən iddia tələbinə dair hər hansı etiraz etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Maddənin mənasına görə bağışlama müqaviləsi üçün xarakterik cəhət hədiyyə verənin öz əmlakının bir hissəsini bağışlamalıdır. Göründüyü kimi bağışlama müqaviləsi o halda bağlanmış sayılır ki, hədiyyə verən öz əmlakını bağışlamalıdır. Hazırkı işdən isə müəyyən olunur ki, 10 sentyabr 2019-cu il tarixli «Daşınmaz əmlakın bağışlanması müqaviləsi»nə əsasən hədiyyə verən Cavabdeh1 Cavabdeh2 bağışladığı ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0,09 ha olan torpaq sahəsinin onun əmlakı olmaması qanuni qüvvəsini alımış yuxarıda istinad olunan məhkəmə qərarları ilə (Şəki İnzibati Məhkəməsinin 2-1(116)- 1570/2020 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı və Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-283/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı sübuta yetirilməkdədir. Belə ki, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1570/2020 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Qəbələ rayonu Bum kənd kəndində yerləşən 0,09 ha torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququnun dövlət qeydiyyatına dair **********18 reyestr nömrəli, ********** nömrəli, Seriya RX, № ******* №-li, xx.xx.2016-ci il tarixli Çıxarışın ləğv edilməsi öhdəliyi qoyulmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 25 dekabr 2023-cü il tarixli məktubda göstərilmişdir ki, Cavabdeh1 adına tərtib edilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********18 qeydiyyat nömrəli çıxarış Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1570/2022 saylı qərarı əsasında ləğv edilmişdir. Göründüyü kimi Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi zamanı hədiyyə verən Cavabdeh1 hədiyyə verdiyi əmlaka, yəni ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0,09 ha olan torpaq sahəsinə subyektiv hüququ olmamışdır. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar xx.xx.2007-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki,Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilikkimi hüquqi xassələrə malikdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarında şərh edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.” Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Beləliklə, məhkəmə hesab edir ki, bağışlama müqaviləsinin forma və məzmunun qanunvericiliyin tələblərinə uyğun olması üçün hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirməsi əsas şərt olduğundan, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi zamanı hədiyyə verən Cavabdeh1 hədiyyə verdiyi əmlaka, yəni ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0,09 ha olan torpaq sahəsinə subyektiv hüququ olmadığından Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-1433 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi və onun əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına verilmiş **********18 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış ləğv edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il tarixli A №434211 olan Torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi hissəsində isə iddia tələbi əsassız olduğundan iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdehlərin iddiaçının mülkiyyətinə qanunsuz müdaxiləsi sübuta yetirilir. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-1433 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi və onun əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına verilmiş **********18 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-105/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-105/2024
28.03.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver