Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1206/2021 01.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı, cavabdeh ”X15 Məhsulları İstehsalı” ASC-nin nümayəndəsi X2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası 19 saylı Region üzrə X10 Xidmətinin nümayəndəsi Nümayəndə Abduləziz oğlunun iştirakları ilə İddiaçı cavabdeh “X15 Məhsulları İstehsalı” ASC-nə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X15 Məhsulları İstehsalı” ASC-nə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X15 Məhsulları İstehsalı” ASC tərəfindən 30.06.2020-ci il tarixdən 25.11.2020-ci il tarixinə kimi hesablanmış əmək müqaviləsi üzrə əmək haqqı 1250 manat, satış üzrə bonuslar-əmək haqqına əlavə 1500 manat və əlavə iş saatlarına görə verilməli olan 1000 manat olmaqla, ümumilikdə 3750 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 09 avqust 2021-ci il tarixdə İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək göstərmişdir ki, cavabdeh “X15 Məhsulları İstehsalı” ASC-nə qarşı ümumilikdə 3750 azn pulun alınaraq ona verilməsinə dair iddia irəli sürmüşdür. İddia ərizəsi tərtib edilərkən texniki səhv olaraq hesablama 30.06.2020-ci il tarixdən 25.11.2020-ci il tarixinə kimi aparılmışdır. Halbuki, bu hesablama 30.06.2019-cu il tarixdən 25.11.2020-ci il tarixinə kimi olmalıdır. Belə olduqda hesablamalar zamanı aydın olur ki, onun cavabdehdən hesablanmış, lakin əldə etmədiyi əmək haqqı məbləği 4250 azn, bonuslar üzrə alacağı məbləğ 5100 azn olmaqla, ümumilikdə 9350 azndir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 12 oktyabr 2017-ci il tarixdən etibarən cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinə əsasən “X15 Məhsulları İstehsalı” ASCnin “X12” satıcı vəzifəsində işə başlamışdır.30 iyun 2020-ci il tarixədək həmin vəzifədə işləmişdir.2020-ci ilin iyun ayında başlayan yoxlamalar zamanı ona müəssisənin rəhbəri bildirmişdir ki, “müəyyən sənədlərə imza atın, daha sonra özümüz həll edərik”. O, və bir neçə işçi onunla razılaşdılar. Yoxlamalar bitdikdən sonra zavod rəhbərliyi onların hamısını işdən çıxararaq guya yeyinti etdikləri pulun geri alınması tələbi ilə Qəbələ rayon Məhkəməsində iddia irəli sürdülər. O, 2020-ci ildə işdən çıxarılarkən ondan maaş kertını geri aldılar. Daha sonra bir neçə dəfə iş üçün müəyyən yerlərə müraciət edəndə bildirmişlər ki, onun adına aktiv əmək müqaviləsi var və ona aylıq 250 manat məbləğində əmək haqqı hesablanır. Həmçinin onu da qeyd edir ki, COVİD-19 epidemiyası zamanı dövlət tərəfindən təyin edilmiş heç bir sosialdan yararlana bilməmişdir. Belə ki, adında aktiv əmək müqaviləsinin mövcdluğu onu bu hüququndan məhrum edib. O, bunula bağlı Qəbələ rayon Məhkəməsində bildirmişdir. Məhkəmə zamanı cavabdehin nümayəndəsi əmək müqaviləsinə elektron sistemdə xitam vermədiklərinin səbəbini izah edə bilməmiş, həmin dövrdə onun adına əmək haqqı hesablanmasına dair sualları cavablandırmamışdır. Hesab edir ki, 30.06.2020-ci il tarixdən 25.11.2020-ci il tarixinə kimi o, işə buraxılmadığı müddətdə hər bir ay üçün 250.00 azn olmaqla 1250 manat məbləşində rəsmi əmək haqqı, həmçinin hər ay üçün satış bonusu olan 300 azn olmaqla 1500 manat, ümumilikdə 2750 azn məbləğində pul mənimsənilmişdir. Cavabdehin bu hərəkətindən qaynaqlanan səbəblərdən iş tapa bilməmiş, dövlət tərəfindən təyin edilmiş sosial yardımlardan yararlana bilməmişdir. Həmçinin onu da qeyd edir ki, cavabdeh onun adına elektron hökumət portalında aktiv əmək müqaviləsi saxlaması nəticəsində Azərbaycan Respublikası Prezidentinin pandemiyadan zərər çəkmiş sahibkarlara dəstək paketindən də yararlanmamış, onun adına 250 manat məbləğində yardım paketi əldə etmişdir. Cavabdehin bu hərəkətləri tamamilə əsas verir ki, o haqsız qazanc əldə etmiş və bununla onun həm əmək qanunvericiliyi üzrə həmçinin də sosial qanunvericilik üzrə hüquqlarını tapdalamışdır. O, bununla bağlı dəfələrlə X9 müraciət ünvanlamışdır. Müraciətinə sonuncu dəfə 10.04.2020-ci il tarixdə 19 saylı Region üzrə Əmək Müfəttişliyi tərəfindən cavab verildi ki, Azərbaycan Respublikası Prezidentinin 20 oktyabr 2015ci il tatixli 1410-İVQ saylı sərəncamına əsasən sahibkarlıq obyektlərində yoxlamalar dayandırılmışdıır.Halbuki, bu fakt üzrə aşkar qanun pozuntusu və vətəndaş şikayəti mövcud idi. Həmçinin onu da qeyd edir ki, ona işlədiyi müddətdə əlavə iş saatlarına və bayram günlərində işləməyə görə hesablanmış ödənişlər də yerinə yetirilməmişdir. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, göstərmişdir ki, o, 2017-2019-cu illər arasında işlədiyi müddətdə iş vaxtından artıq saatları olmuş və buna görə əmək haqqını bu günə kimi ala bilməmişdir. Həmçinin 12.07.2019-cu il tarixdən 25.11.2020-ci il tarixinə kimi o, işə buraxılmadığı müddətdə hər bir ay üçün 250.00 azn olmaqla 1250 manat məbləşində rəsmi əmək haqqı, həmçinin hər ay üçün satış bonusu olan 300 azn olmaqla 1500 manat, ümumilikdə isə 2750 azn məbləğində pul məbləği onun adına yazılaraq mənimsənilmişdir. Əmək müfəttişliyinə ayın 1-dən 30-na kimi işlədiyi barədə sənədləri təqdim etmişdir. Həqiqətən də bir ayın 30 günü işləmişdir. Sənədə baxış keçirməklə araşdırıblar, lakin neqativ heç bir hal tapa bilməyiblər. 2017-2018, 2018-2019-cu illərə dair sənədləri təqdim etmişdir. Tələb etmişdir ki, qeyri iş günlərini, artıq iş saatlarını və bayram saatlarını aydınlaşdırsınlar. Məhkəmədən artıq saatlar üçün olan əmək haqqını və işləmədiyi müddət üçün hesablanmış əmək haqqının və “pandemiya” ilə əlaqdar müəssisəyə ödənilmiş, ona çatacaq pul vəsaitinin tutulub ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh ”X15 Məhsulları İstehsalı” ASC-nin nümayəndəsi X8 məhkəmə iclasında iddianı etiraf etməyərək verdiyi izahatında qeyd etmişdir ki, İddiaçı 12.10.2017-ci ildə müəssisədə işə başlamışdır.12.07.2019-cu ildə onun əmək fəaliyyəti dayandırılmışdır. İddiaçının əmək fəaliyyəti dayandırıldıqdan sonra o, heç bir ödəniş almamış və işə cəlb olunmamışdır. İl ərzində ona düşən məzuniyyət haqqından tam şəkildə istifadə etmişdir. Buna görə də onun əmək fəaliyyətinə 25.11.2020-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən son haqq-hesab aparılmamışdır. Pandemiya dövründə müəssisə daimi işlədiyi üçün heç bir yardım almamışdır. Bundan əlavə, iddiaçının adına torpaq sahəsi mövcuddur, onun əmək müqaviləsinə son versəydilər də iddiaçı yenə də dövlət tərəfindən verilən 190 manat yardımı ala bilməyəcəkdir. İddia müddətini tətbiq etməklə iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmənin 09 avqust 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası 19 saylı Region üzrə X10 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası 19 saylı Region üzrə X10 Xidmətinin nümayəndəsi Nümayəndə Abduləziz oğlu məhkəmə iclasında iddianı etiraf etməyərək verdiyi izahatında qeyd etmişdir ki, 10.01.2021-ci il tarixdə X10 Xidmətinin Şəki Regional Ərazi Şöbəsinə iddiaçının ərizəsi daxil olmuşdur. Müəssisədən təqdim olunmuş sənədlər əsasında araşdırma aparılmışdır. Həmin arasdırılma zamanı iddiaçının əlavə iş saatları tapılmamışdır. Onun məzuniyyət haqları tam şəkildə ödənilmişdir. Araşdırmaların nəticəsində iddiaçıya əmək qanunvericiliyi izah olunmuş və o, heç bir tələbinin olmadığını, araşdırmadan razı qaldığını bildirmişdir. İşçinin əmək müqaviləsi mövcuddursa onsuz da ona 190 manat ödənilməyəcəkdir. Sadəcə müəssisələrə ödənilən müəyyən məbləğdə pul vəsaiti var ki, yəqin iddiaçı həmin məbləği tələb edir. İş üzrə ədalətli qərar qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iş üzrə iddiaçının, cavabdehlərin izahatlarını və çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı “X15 Məhsulları İstehsalı” ASC-nin İdarə Heyətinin sədri X3 yazdığı 12 oktyabr 2019-cu il tarixli ərizədən görünür ki, İddiaçı çörək və şirniyyat sahəsinə satıcı vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan “X15 Məhsulları İstehsalı” Açıq Səhmdar Cəmiyyətinin 12 oktyabr 2017-ci il tarixli, 87/İQ nömrəli “İşə qəbul haqqında” əmrin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 12 oktyabr 2017-ci il tarixdən cəmiyyətlə onun arasında bağlanmış əmək müqaviləsinə əsasən “X15 Məhsulları İstehsalı” ASC-nin çörək və şirniyyat sexinə satıcı vəzifəsinə qəbul edilmişdir. Əmrdə əsas olaraq İddiaçı ərizəsi və 12.10.2017-ci il tarixdə bağlanmış əmək müqaviləsi qeyd edilmişdir. İş materiallarında olan “X15 Məhsulları İstehsalı” ASC ilə İddiaçı arasında bağlanmış 12 oktyabr 2017-ci il tarixli “Əmək müqaviləsi”nin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 12 oktyabr 2017-ci il tarixindən İşəgötürən tərəfindən satıcı vəzifəsinə təyin edilmiş və işçinin qarşısında duran əsas vəzifələri mağazada yüksək keyfiyyətli müştəri xidmətini həyata keçirmək, müəssisədən keyfiyyətli çörəyi götürüb mağazaya çatdırmaq və çörəyin satışından alınan pulu zavodun kassasına təhvil vermək, işləyən zaman sanitariya və giyiena qaydalarına əməl etmək, məhsulun və xammalın ilkin kulinariya emal qaydalarını bilmək, rəhbərlik tərəfindən təyin edilmş digər tapşırıqlarıın icrası olmuşdur. Əmək müqaviləsinə görə onun işçi olaraq öz əmək funksiyalarını peşəkar səviyyədə və vicdanla yerinə yetirmək, əmək intizamına və işəgötürənin daxili intizam qaydalarına əməl etmək, əməyin təhlükəsizliyi normalarına əməl etmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyat daşımaq kimi vəzifələri də onun əsas vəzifələrinə daxildir. İş materiallarında olan 15 fevral 2019-cu il tarixli, 180/19 nömrəli “Tam maddi məsuliyyət haqqında” müqavilənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı həmin müqavilənin 3.2-ci bəndində işçi olaraq maddi məsuliyyətinin əsasları sadalanmışdır. Müqavilənin qeyd olunan bəndinə görə saxlanmaq, iş məqsədləri üçün istifadə etmək və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın, digər sərvətlərin salamatlılığının onun tərəfindən qəsdən və ya ehtiyatsızlıqdan təmin edilməməsi, verdiyi qərarların və tapşırıqların icrasının nəticəsində işəgötürənə maddi ziyan dəyməsi, etibar edilmiş əmlakın isra olunması, mənimsənilməsi və ya digər şəkildə özgəninkiləşdirilməsi və s. hallar işçi kimi cavabdehin maddi məsuliyyətinin əsaslarını təşkil edir. İş materiallarında olan işəgötürən cəmiyyət tərəfindən 12.10.2017-ci il tarixdə tərtib olunmuş və «tanış oldum» qeydi ilə X1 tərəfindən imzalanmış, satıcının “Vəzifə Təlimatı”nın təsdiqlənmiş surətindən görünür ki, onun üzərinə cəmiyyət tərəfindən vəzifə olaraq - işləyən zaman sanitariya və gigiyena qaydalarına əməl etmək, məhsulların və xammalın ilkin kulinariya emal qaydalarını bilmək, yanğından mühafizə və texniki təhlükəsizlik qaydalarına əməl etmək və daim nəzarət altında saxlamaq kimi vəzifələr qoyulmuş, hazırkı vəzifə təlimatında nəzərdə tutulan vəzifə borclarının yerinə yetirilməməsinə və ya düzgün icra olunmamasına görə Azərbaycan Resypublikasının qüvvədə olan Əmək qanunvericiliyi çərçivəsində məsuliyyət daşıdığı İddiaçı nəzərinə çatdırılmışdır. İş materiallarında olan 08 iyul 2019-cu il tarixli üzləşmə aktından görünür ki, hesablaşmaların qarşılıqlı üzləşdirilməsində 01.06.2019-cu il tarixdən 30.06.2019-cu il tarixinə qədər çörək satışı ilə əlaqədar əməliyyatlara görə qalıq Gilan QYMİ ASC-nin xeyrinə 6.091,20 (altı min doxsan bir manat iyirmi qəpik) məbləğində müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən “X15 Məhsulları İstehsalı” ASC-nin sədri X5 yazılmış 10 iyul 2019-cu il tarixli izahatda göstərmişdir ki, müəssisədə işlədiyi müddətdə borcu yaranmışdır. Bu borcun məbləği 30 iyun 2019-cu il tarixinə 6.091,2 (altı min doxsan bir manat iyirmi qəpik) manatdır. Həmin borcun 460.0 manatı 30 iyun bazar günü olduğu üçün 01 iyul 2019-cu il tarixində ödənilmişdir. Onun özünə aid borcunun məbləği 5.631,20 manatdır. Müəssisəyə olan borcunu 3 (üç) il müddətinə tam ödənilməsini öhdəsinə götürmüşdür. İş materialladında olan “X15 Məhsulları İstehsalı” ASC-nin 27.11.2018-ci il tarixli “əmək məzuniyyətinin verilməsi haqqında” 130/M saqlı əmrin surətindən görünür ki, müəssisənin şirniyyat istehsalı sahəsinin satıcısı İddiaçı 01.12.2018-ci il tarixdən 22.12.2018-ci il tarixinə qədər (2017-2018-ci illər üçün) 21 təqvim günü əsas məzuniyyət verilmişdir. Əmrin verilməsinə əsas olaraq İddiaçı ərizəsi göstərilmişdir. İşdə olan “X15 Məhsulları İstehsalı” ASC-nin 27.05.2019-cu il tarixli “əmək məzuniyyətinin verilməsi haqqında” 44/19M saqlı əmrin surətindən görünür ki, müəssisənin çörək istehsalı sahəsinin operatoru İddiaçı 01.06.2019-cu il tarixdən 28.06.2019-cu il tarixinə qədər (2018-2019-cu illər üçün) 6 təqvim günü staja görə əlavə məzuniyyət olmaqla, toplam 27 təqvim günü məzuniyyət verilmişdir. Əmrin verilməsinə əsas olaraq İddiaçı ərizəsi göstərilmişdir. İşdə olan “X15 Məhsulları İstehsalı” Açıq Səhmdar Cəmiyyətinin 12 iyul 2019-cu il tarixli, 29/19 K nömrəli “müvəqqəti işdən uzaqlaşdırma haqqında” əmrin təsdiq olunmuş surətindən görünür ki,müəssisədə satıcı işləyən İddiaçı debitor borcları ödəyənədək həmin tarixdən etibarən müvəqqəti işdən uzaqlaşdırılmış və ona əmək haqqı hesablanmamışdlr. İşdə olan “X15 Məhsulları İstehsalı” Açıq Səhmdar Cəmiyyətinin 25 noyabr 2020-ci il tarixli, 60/20 X nömrəli “xitam haqqında” əmrin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı “X15 Məhsulları İstehsalı” Açıq Səhmdar Cəmiyyətində “satıcı” vəzifəsində işləyən əməkdaşı ilə bağlanmış əmək müqaviləsinə, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə qetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) 25.11.2020-ci il tarixdən xitam verilmişdir. Əmrə görə işçinin son haqq hesab 0 təqvim günü məzuniyyət, noyabr ayından 0 təqvim günü işlədiyi günlərin əmək haqqı, qanunvericiliyə uyğun şəkildə hesablanmışdır. Əsas olaraq Əmək Məcəlləsi və məhkəmə qətnaməsi gösrətilmişdir. İşdə olan 25.11.2020-ci il tarixdə sistemə daxil edilmiş “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək nüqaviləsi bildirişinin təsdiq olunmuş surətindən görünür ki, “X15 Məhsulları İstehsalı” ASC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə həmin tarixdə xitam verilmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 16.12.2019-cu il tarixli, 2(025)-1495/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı“X15 Məhsulları İstehsalı” ASC cavabdeh İddiaçı qarşı “maddi ziyannın ödənilməsi” tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddia tələbi qismən təmin edilmişdir. Qətnamə ilə cavabdeh İddiaçı 5.631,20 (beş min altı yüz otuz bir manat iyirmi qəpik) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 5.661,20 (beş min altı yüz altmış bir manat iyirmi qəpik) manat məbləğində pulun tutularaq iddiaçı “X15 Məhsulları İstehsalı” ASC-nə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan 10 saylı Ərazi Vergilər İdarəsinin “X15 Məhsulları İstehsalı” ASC-nə 10 avqust 2020-ci il tarixdə ünvanladığı **********700900 nömrəli “müraciətə baxılması barədə” cavab məktubunda qeyd edilmişdir ki, “X15 Məhsulları İstehsalı” ASC-nin müraciətinə baxılmışdır. Müraciətə cavab olaraq bildirilmişdir ki, faktiki fəaliyyət sahəniz və ya iqtidasi göstəriciləriniz təsdiq olunmuş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hisəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstərişin” tələblərinə uyğun olmadığından icrası mümkün olmamışdır. İşdə olan “X15 Məhsulları İstehsalı” ASC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti 19 saylı region üzrə X9 16 yanvar 2020-ci il tarixdə ünvanladığı 07/2020 nömrəli məktubunun təsdiq olunmuş surətindən gğrünür ki, sonuncunun 13 yanvar 2020-ci il tarixli **********2 saylı məktubuna əsasən tələb olunan məlumatlar 45 vərəqədə onlara təqdim edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti 19 saylı region üzrə X6 İddiaçı 10 aprel 2020-ci il tarixdə ünvanladığı **********4 nömrəli məktubundan (**********8 nömrəli elektron sənəd olaraq) görünür ki, sonuncunun 10 yanvar 2020-ci il tarixdə **********8 nömrəli qeydiyyatla göndərdiyi şikayət “X15 Məhsulları İstehsalı” ASC-nin müfəttişliyə təqdim etdiyi sənədlər əsasında araşdırılmışdır. İddiaçı hüquqları izah edilməklə, iddia tələblərinə görə müvafiq məhkəmə orqanlarına müraciət etməyi tövsiyə edilmişdir. İddiaçı izahat verərək aparılan araşdırmadan razı qaldığını bildirmişdir. Əmək qanunvericiliyinə görə əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 99-cu maddəsinə əsasən iş vaxtından artıq iş - işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiysını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirilməsi sayılır. 154-cu maddinə görə əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 157-ci maddəsinə görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı - işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqınin əsas hissəsidir. Əmək haqqına əlavə - əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən ödəncdir. Mükafat -əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndiirici pul vəsaitidir. İşin halları ilə müəyyən olunur ki, İddiaçı “X15 Məhsulları İstehsalı” ASC-nin İdarə Heyətinin sədri X3 yazdığı 12 oktyabr 2019-cu il tarixli ərizədə çörək və şirniyyat sahəsinə satıcı vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. X15 Məhsulları İstehsalı” Açıq Səhmdar Cəmiyyətinin 12 oktyabr 2017-ci il tarixli, 87/İQ nömrəli “İşə qəbul haqqında” əmri ilə o, 12 oktyabr 2017-ci il tarixdən cəmiyyətlə onun arasında bağlanmış əmək müqaviləsinə əsasən “X15 Məhsulları İstehsalı” ASC-nin çörək və şirniyyat sexinə satıcı vəzifəsinə qəbul edilmişdir. İşlədiyi dövrdə “X15 Məhsulları İstehsalı” ASC-nin 27.11.2018-ci il tarixli “əmək məzuniyyətinin verilməsi haqqında” 130/M saylı əmlə İddiaçı 01.12.2018-ci il tarixdən 22.12.2018-ci il tarixinə qədər (2017-2018-ci illər üçün) 21 təqvim günü əsas məzuniyyəti, 27.05.2019-cu il tarixli “əmək məzuniyyətinin verilməsi haqqında” 44/19M saqlı əmrlə 01.06.2019-cu il tarixdən 28.06.2019-cu il tarixinə qədər (2018-2019-cu illər üçün) 6 təqvim günü staja görə əlavə məzuniyyət olmaqla 27 təqvim günü məzuniyyəti verilmişdir. X15 Məhsulları İstehsalı” ASC-nin 12 iyul 2019-cu il tarixli, 29/19 K nömrəli “müvəqqəti işdən uzaqlaşdırma haqqında” əmr ilə isə o, debitor borcları ödəyənədək həmin tarixdən etibarən müvəqqəti işdən uzaqlaşdırılmış və ona əmək haqqı hesablanmamışdlr. “X15 Məhsulları İstehsalı” ASC-nin 25 noyabr 2020-ci il tarixli, 60/20 X nömrəli “xitam haqqında” əmri ilə “X15 Məhsulları İstehsalı” Açıq Səhmdar Cəmiyyətində “satıcı” vəzifəsində işləyən əməkdaşı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) 25.11.2020-ci il tarixdən xitam verilmişdir. Əmrə görə işçinin son haqq hesab 0 təqvim günü məzuniyyət, noyabr ayından 0 təqvim günü işlədiyi günlərin əmək haqqı, qanunvericiliyə uyğun şəkildə hesablanmışdır. “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi 25.11.2020-ci il tarixdə sistemə daxil edilmişdir. “X15 Məhsulları İstehsalı” ASC İddiaçı qarşı “maddi ziyannın ödənilməsi” tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Qəbələ Rayon Məhkəməsinin 16.12.2019-cu il tarixli, 2(025)-1495/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Qətnamə ilə cavabdeh İddiaçı 5.631,20 (beş min altı yüz otuz bir manat iyirmi qəpik) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 5.661,20 (beş min altı yüz altmış bir manat iyirmi qəpik) manat məbləğində pulun tutularaq iddiaçı “X15 Məhsulları İstehsalı” ASC-nə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd edilən qətnamə icraya yönəldilmiş və hazırda da icra mərhələsindədir. Əmək qanunvericiliyinə görə işçinin işləmədiyi vaxta görə verilən ödəmələr dedikdə əmək, təhsil və yaradıcılıq məzuniyyətinə görə ödənilən məbləğlər; dövlət və ictimai vəzifələrin yerinə yetirilməsi üçün cəlb edilən işçilərin iş vaxtının ödənilməsi; qismən ödənişli sosial məzuniyyətdə olan işçilərə ödənilən məbləğ; tətillərdə iştirak etmiş işçilərə ödənilən məbləğ və s. başa düşülür. Mülki işin məhkəmə araşdırılması zamanı İddiaçı məhkəmədə verdiyi izahatında 12.07.2019-cu il tarixdən 25.11.2020-ci il tarixinə kimi onun işə buraxılmadığı müddətdə hər bir ay üçün 250.00 azn olmaqla 1250 manat məbləğində rəsmi əmək haqqı, həmçinin hər ay üçün satış bonusu olan 300 azn olmaqla 1500 manat, ümumilikdə isə 2750 azn məbləğində pul məbləği onun adına yazılaraq mənimsənildiyini və həmçinin “pandemiya” ilə əlaqdar müəssisəyə ödənilmiş və ona çatacaq pul vəsaitinin olduğunu göstərərək həmin pulun cavabdehdən tutulmasını iddia etmişdir. Lakin onun 09 avqust 2021-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddia tələbinin həcminin artırılması barədə ərizəsində İddiaçı cavabdeh “X15 Məhsulları İstehsalı” ASC-nə qarşı ümumilikdə 3750 azn pulun alınaraq ona verilməsinə dair iddia irəli sürdüyünü və iddia ərizəsi tərtib edilərkən texniki səhv olaraq hesablama 30.06.2020-ci il tarixdən 25.11.2020ci il tarixinə kimi aparıldığını qeyd etməklə, bu hesablamaın 30.06.2019-cu il tarixdən 25.11.2020-ci il tarixinə kimi olmalı olduğunu və əldə etmədiyi əmək haqqı məbləğinin 4250 azn, bonuslar üzrə alacağı məbləğin isə 5100 azn olmaqla, ümumilikdə 9350 azn təşkil etdiyini göstərmişdir. Göründüyü kimi İddiaçı cavabdehə qarşı irəli sürdüyü iddia tələbi ilə məhkəmə iclasında verdiyi izahatı arasında (cavabdehdən tutulması tələb olunan pulun məbləği baxımından) zidiyyət mövcuddur. İddiaçı 12.07.2019-cu il tarixdən 25.11.2020-ci il tarixinə kimi olan dövr üzrə əmək haqqını tələb etsə də iddia tələbinin əsaslandığı hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı iddia tələbinin bir hissəsini də satış üzrə bonuslar-əmək haqqına əlavələr, eləcə də əlavə iş saatlarına görə verilməli olan pul məbləği təşkil edir. O, mülki işin məhkəmə araşdırılması zamanı məhkəmədə verdiyi izahatında da 2017-2019-cu illər arasında işlədiyi müddətdə iş vaxtından artıq saatlarının olduğunu və buna görə əmək haqqını bu günə kimi ala bilmədiyini göstərməklə həmin pulun cavabdehdən tutulmasını iddia edir. Qanunvericilidə işçilərə pul formasında verilən əmək haqqına aylıq tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına əmək şəraiti ilə əlaqədar əlavə olunan ödənclər, işçinin maddi marağının artırılması məqsədilə verilən mükafatlar, tarif (vəzifə) maaşına artımlar, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günü görülən işə görə əmək haqqının ödənilməsi, iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi kimi ödəmələr aid edilir. Qanunun mənasına görə əgər işçi iş vaxtından sonra işəgötürənin göstərişi olmadan qalıb işləyirsə, bu iş vaxtından artıq vaxtda görülən iş hesab olunmur. Əgər işçi işəgötürənin əmri (sərəncamı, qərarı) əsasında iş vaxtı qurtardıqdan sonra əlavə işə cəlb olunarsa, bu iş vaxtından artıq görülən iş hesab olunur. Qanunvericiliklə əmək haqqına edilən əlavələr və mükafatların məbləği dedikdə isə istehsalat nəticələrinə görə mükafatlar: xüsusi təyinatlı vasaitlər və məqsədli daxilolmalar hesabına ödənilən mükafatlar; ilkin işin yekunlarına görə mükafatlar; tarif (vəzifə) maaşına artımlar; uzunmüddətli işə, iş stajına görə artımlar; iş rejimi və əmək şəraiti ilə bağlı təminat xarakterli ödəmələr başa düşülür. İş materiallrında olan İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti 19 saylı region üzrə X7 10 yanvar 2020-ci il tarixdə **********8 nömrəli iləqeydə alınmış ərizəsindən müəyyən olunur ki, o, həmin tələb üzrə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti 19 saylı region üzrə X9 müraciət etmişdir. Verilən şikayət əsasında cavabdehə sorğu ünvünlanmış və həmin sorğuya istinadən “X15 Məhsulları İstehsalı” ASC 16 yanvar 2020-ci il tarixdə ünvanladığı 07/2020 nömrəli məktubla (müfəttişliyin 13 yanvar 2020-ci il tarixli **********2 saylı məktubuna əsasən) tələb olunan məlumatlar 45 vərəqədə müfəttişliyə təqdim edilmişdir. “X15 Məhsulları İstehsalı” ASC-nin müfəttişliyə təqdim etdiyi sənədlər əsasında müfəttişlik tərəfindən iddiaçının şikayəti araşdırılmışdır.Araşdırılma nəticəsində iddiaçının cavabdeh müəssisədə əmək qanunvericiliyində nəzərdə tutulmuş saatlardan əlavə işləməsi faktı təsdiq olunmamış, bununla belə sonuncunun əmək məzuniyyətlərdən vaxtında istifadə etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İşin halları ilə müəyyən olunur ki, iddiaçı 30.06.2019-cu il tarixdən 25.11.2020-ci il tarixinə kimi hesablanmış əmək müqaviləsi üzrə əmək haqqı, satış üzrə bonuslar-əmək haqqına əlavə və əlavə iş saatlarına görə verilməli olan əmək haqqını tələb etsə də, iddia tələbinə dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı “pandemiya” dövründə işçilərə kompensasiya olaraq dövlət tərəfindən cavavdehə ödənilən (cavabdeh tərəfindən “mənimsənilən”) və ona düşən hissəsinin cavabdehdən tutulmasını iddia edir. Lakin cavabdehin məhkəməyə sübut olaraq təqdim etdiyi 10 saylı Ərazi Vergilər İdarəsinin “X15 Məhsulları İstehsalı” ASC-nə 10 avqust 2020-ci il tarixdə ünvanladığı **********700900 nömrəli “müraciətə baxılması barədə” cavab məktubundan müəyyən edilir ki, “X15 Məhsulları İstehsalı” ASC-nə belə ödəniş edilməmişdir. Buna görə də iddia həmin hissədə də əsassızdır. Qanunvericiliyin tələblərinə görə iddia tələbinin əsaslandığı hallara dair sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdür. İddiaçı iddia tələblərinə ayrı-ayrılıqda və sistematik olaraq təhlil etməklə məcmu halında qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Bundan başqa nəzərə almaq lazımdır ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbə görə əmək qanunvericiliyi ilə müddət (iddia müddəti) müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Göründüyü kimi,Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MM-nin 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.». Konstitusiya Məhkəməsinin Plenumu «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008ci il tarixli Qərarında da iddia müddətlərinə əməl olunmasına xüsusi önəm verərək aşağıdakıları qeyd etmişdir: «Xüsusi qeyd olunmalıdır ki, MM-in 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.». İş materiallarında olan 31 avqust 2021-ci il tarixdə cavabdeh ”X15 Məhsulları İstehsalı” ASC-nin nümayəndəsi X2 məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, İddiaçı 12 iyul 2019-cu il tarixli əmrlə müvəqqəti işdən uzaqlaşdırılmışdır. 25.11.2020-ci il tarixli əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. O, 12.07. 2019-cu il tarixdən 25.11.2020-ci il tarixə kimi faktiki olaraq işləməsə də onunla bağlanmış əmək müqaviləsi elektron sistemdə aktiv qalmışdır. İddiaçının özü də bundan xəbərinin olduğunu iddia ərizəsində etiraf etmişdir. Lakin o, məhkəməyə iddia müddətini ötürməklə müraciət etmişdir. Buna görə də cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq olunması ilə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin sadalanan hallarını və cavabdeh ”X15 Məhsulları İstehsalı” ASC-nin nümayəndəsi X2 məhkəməyə təqdim edilmiş «iddia müddətinin tətbiqi barədə» ərizəsini nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçı əlavə iş saatlarına görə cavabdehdən pul tutulmasına dair iddianı qanunla nəzərədə tutulmuş iddia müddətini ötürülməklə vermişdir. İddia müddətinin ötürülməsi isə iddianın rədd olunması üçün əsasdır. Buna görə də İddiaçı iddia tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh “X15 Məhsulları İstehsalı” ASC-nə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh “X15 Məhsulları İstehsalı” ASC-nə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1206/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1206/2021
01.09.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver