Məhkəmə qərarları › İş №2(025)-130/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-130/2021

01.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-130/2021 01.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “reqres qaydasında pul tələbi”nə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “reqres qaydasında pul tələbi”nə dair məhkəmədə iddia qaldırıb, Cavabdeh görə ondan tutulan 2310 manat 81 qəpik məbləğində borcun və ödədiyi dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2016-cı il tarixdə “xxxx” ASC ilə zaminlik müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən zamin xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə borc alan Cavabdeh kreditor qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin kredit müqaviləsinə əsasən borcalan Cavabdeh kreditordan 2343,91 (iki min üç yüz qırx üç manat doxsan bir qəpik) manat məbləğində pul götürərək hər ay 80 manat olmaqla borcu 48 ay müddətinə geri qaytarmaq öhdəliyini öz üzərinə götürür. xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə borcalan Cavabdeh kreditor qarşısında üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməməsi səbəbindən bank borcun tutulması barədə iddia ərizəsi ilə aidiyyatı üzrə Qəbələ Rayon Məhkəməsinə müraciət etmişdir. Borcluların gəlirlərindən 50 faizin tutulması ilə bağlı icra orqanına müraciət edilmiş, lakin banka icra qaydasında vəsait daxil olmamışdır. Borcun tutulması istiqamətində tutulmalar onun əmək haqqı kartına yönəldilmişdir. Qəbələ Rayon Məhkəməsi müştərək qaydada cəmi 2310,81 (iki min üç yüz on manat səksən bir qəpik) manat borcun və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat məbləğində pulun “xxxx” ASC-nin xeyrinə tutulması qət edilmişdir. Lakin bütün pul onun yarım aklad əmək haqqı kartından tutulmuşdur. Hal-hazırda onun bir neçə ciddi xəstəliyi ilə əlaqədar uzun müddətli müalicəyə ehtiyacı vardır. Ancaq müalicə etməyə imkanı yoxdur, tək qadındır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Cavabdeh iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. xx xxxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(025)- 234/2018 nömrəli qətnaməsi ilə ondan və İddiaçı müştərək qaydada cəmi 2310,81 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğdə pulun “xxxx” ASC-nin xeyrinə tutulması qət edilmişdir. Lakin həmin məbləğ tamamilə onun əmək haqqından tutulmuşdur. Belə ki, o, “28 May” Neft və Qazçıxarma idarəsində işləyir və aldığı əmək haqqından borc məbləği tutulmuşdur. Həmçinin iddiaçı daha əvvəl də reqres qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(025)-2010/2017 nömrəli qətnaməsinə əsasən ondan1477,79 manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. İşdə olan xx.xx.2016-ci il tarixli Z-149RGTK162440001 nömrəli Zaminlik müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı borcalan Cavabdeh “xxxx” ASC qarşısındakı xx.xx.2016-ci il tarixli kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İşdə olan Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Təbiyyət Həsənquliyevin xx.xx.2018-ci il tarixli “icraata başlamaq haqqında” qərarının surətindən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-234/18 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Həmin icra sənədi üzrə borclular Cavabdeh və İddiaçı 2310,81 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar “xxxx” ASC-nin xeyrinə ödənilməlidir. İşdə olan Qəbələ rayon İcra və probasiya şöbəsi tərəfindən Cavabdeh və İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli bildişdən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)- 234/18 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş edilmişdir. İşdə olan “xxxx” ASC tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli məktubda göstərilmişdir ki, əvvəlki öhdəliklərin icrasında yaranmış çətinlik nəzərə alınaraq borc restrukturizasiya edilmiş və xx xxxxxx 2016-cı il tarixdə Bankın Qəbələ rayon filialı ilə Cavabdeh arasında 2343,91 (iki min üç yüz qırx üç manat doxsan bir) manat məbləğdə yeni kredit müqaviləsi rəsmiləşdirilmişdir. Kredit müqaviləsi üzrə zamin kimi vətəndaş İddiaçı çıxış etmiş və onunla zaminlik müqaviləsi rəsmiləşdirilmişdir. Müqavilələr üzrə öhdəliklər vaxtında icra edilmədiyi üçün Bank borcun tutulması barədə iddia ərizəsi ilə aidiyyəti üzrə Qəbələ Rayon məhkəməsinə müraciət edilmişdir. Məhkəmənin xx xxxxxx 2018-ci il tarixli 2(025)- 234/2018 nömrəli qətnaməsi ilə Cavabdeh və İddiaçı müştərək qaydada cəmi 2310,81 (iki min üç yüz on manat səksən bir qəpik) manat borcun və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat məbləğdə pulun “xxxx” ASC-nin xeyrinə tutulması qət edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Qəbələ rayon İcra və probasiya şöbəsi tərəfindən verilmiş xx xxxxxx 20201-ci il tarixli, 659/5 nömrəli məktubda göstərilmişdir ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-234/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Cavabdeh və İddiaçı müştərək qaydada 2310,81 manat məbləğində borc və iddianın qaldırılması ilə əlaqədar ödənilmiş 20 manat dövlət rüsumu tutularaq “xxxx” ASC-nin xeyrinə ödənilməlidir. Aparılmış icra tədbirləri nəticəsində borclu Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “AZNEFT” İstehsalat Birliyində işlədiyi məlum olmuş və tərəflərindən xx.xx.2018-ci il tarixli, 4283/18 saylı təkliflə icra sənədi borclu Cavabdeh çatası əmək haqqından tutulmalar aparılması üçün icra sənədi borclunun iş yerinə göndərilmişdir. Tələbkar “xxxx” ASC xx.xx.2020-ci il tarixli, 1235000/24 saylı məktublar icra şöbəsinə müraciət edərək icra sənədi üzrə cavabdehlərin banka olan qalıq borcunu 555 manat kimi göstərmiş və qalıq borcun Cavabdeh əmək haqqına yönəldilməsi xahişini etsələr də, lakin qalıq borc məbləği borclunun əmək haqqına yönəldilməmişdir. Həmçinin icra sənədi üzrə digər borclu İddiaçı pensiya alması və iş yeri olmadığı üçün İddiaçı iş yerindən və pensiyasından tutulmaların aparılması mümkün olmamış və borclunu özü tərəfindən icra sənədi üzrə hər hansı məbləğdə borcun ödənilməsi barədə ödəniş qəbzini icra şöbəsinə təqdim etməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Qəbələ rayon İcra və probasiya şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(025)-2010/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ümumilikdə 1477,79 (bir min dörd yüz yetmiş yeddi manat yetmiş doqquz qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinin tələbinə görə, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinin tələbinə görə, zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 475.3-cü maddəsinin tələbinə görə, bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, 31 avqust 2016-cı il tarixdə Bankın Qəbələ rayon filialı ilə Cavabdeh arasında 2343,91 (iki min üç yüz qırx üç manat doxsan bir) manat məbləğdə yeni kredit müqaviləsi rəsmiləşdirilmişdir. Kredit müqaviləsi üzrə zamin kimi vətəndaş İddiaçı çıxış etmiş və onunla zaminlik müqaviləsi rəsmiləşdirilmişdir. Müqavilələr üzrə öhdəliklər vaxtında icra edilmədiyi üçün Bank borcun tutulması barədə iddia ərizəsi ilə aidiyyəti üzrə Qəbələ Rayon məhkəməsinə müraciət edilmişdir. Məhkəmənin xx xxxxxx 2018-ci il tarixli 2(025)-234/2018 nömrəli qətnaməsi ilə Cavabdeh və İddiaçı müştərək qaydada cəmi 2310,81 (iki min üç yüz on manat səksən bir qəpik) manat borcun və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat məbləğdə pulun “xxxx” ASC-nin xeyrinə tutulması qət edilmişdir. İddiaçı isə 2310,81 (iki min üç yüz on manat səksən bir qəpik) manat borcun onun tərəfindən banka ödənildiyini və bu səbəbdən həmin məbləği cavabdehdən tələb etdiyini bildirir.Cavabdeh isə 2310,81 manat məbləğində borcun onun əmək haqqından tutulduğunu və bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş edir. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “X1” qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir.Belə ki, məhkəməyə müraciət etmiş şəxs binici növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində Qəbələ Rayon Məhkəməsinin 2(025)- 234/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ondan və Cavabdeh müştərək qaydada tutulması qət edilmiş 2310,81 manat məbləğində pul vəsaitinin əmək haqqı kartından tutulduğunu bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə məhkəmənin sorğusuna cavab olaraq Qəbələ rayon İcra və probasiya şöbəsi tərəfindən verilmiş xx xxxxxx 20201-ci il tarixli, 659/5 nömrəli məktubda göstərilmişdir ki, icra sənədi üzrə digər borclu İddiaçı pensiya alması və iş yeri olmadığı üçün İddiaçı iş yerindən və pensiyasından tutulmaların aparılması mümkün olmamış və borclunu özü tərəfindən icra sənədi üzrə hər hansı məbləğdə borcun ödənilməsi barədə ödəniş qəbzini icra şöbəsinə təqdim etməmişdir. Göründüyü kimi iddiaçının iddia tələbi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, məhkəmə tərəfindən müvafiq araşdırma aparılmış və müəyyən olunmuşdur ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-234/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə İddiaçı tərəfindən hər hansı ödəniş edilməmiş və onun iş yerindən və pensiyasından tutmalar aparılması mümkün olmamışdır. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Lakin iddiaçı iddia tələbi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə proses iştirakçılarının digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşsədə o, cavabdeh tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və hüquqların pozulmasını mübahisələndirilməsini təsdiqləyən faktları məhkəməyə təqdim etməmişdir. Əksinə məhkəmə tərəfindən sorğu edilmiş və Qəbələ Rayon Məhkəməsinin 2(025)-234/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə İddiaçı tərəfindən hər hansı ödəniş edilmədiyi, İddiaçı iş yerindən və pensiyasından tutmalar aparılmadığı müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “reqres qaydasında pul tələbi”nə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı “reqres qaydasında pul tələbi”nə dair iddiası təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar