Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-148/2024 08.02.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, alimentin ödənilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş 14 may 2007-ci il təvəllüdlü X2 və 20 avqust 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər biri üçün hər ay 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin və Mediasiya Təşkilatına ödənilmiş 52 manat məbləğində mediasiya xərcinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2006-cı il tarixində el adəti üzrə toyları olmuş, nikahlarını isə xx.xx.2007-ci il tarixdə Qəbələ rayonu Böyük Pirəlli kənd İnzibati Ərazi Nümayəndəliyində 02 nömrə ilə qeyd etmişlər. Cavabdehlə birgə nikahlarından 14 may 2007-ci il tarixdə X5 və 20 avqust 2009-cu il tarixdə X4 anadan olmuşdur. Ailə qurduqları ilk günlər münasibətləri normal olmuş, aralarında heç bir narazılıq olmamışdır. Sonradan münasibətləri pozulmuş xasiyyətləri uyğun gəlməmiş, tez-tez ailədə söz-söhbət, mübahisələr və münaqişələr baş vermişdir. Hal-hazırda cavabdeh ilə birlikdə yaşamırlar. Uşaqlar onun himayəsindədir və onların maddi təminatı ilə uzun müddətdir ki, cavabdeh şəxs maraqlanmır. Uşaqların saxlanması üçün yeməyə, geyimə, müalicəyə və digər ehtiyaclara tələbatı yaranmışdır. Onun təkbaşına onları böyütmək üçün müvafiq xərclərini ödəməyi mümkün deyildir. Belə ki, o heç yerdə işləmir, azyaşlı uşqlarına baxır. Uşaqlarının təminatına valideyinlərin köməklik edirlər. Hesab edirəm ki, cavabdehin uşaqlarının saxlanması üçün hər birinə görə hər ay 220 manat sabit pul məbləğində aliment ödəməyə maddi imkanı çatır. Belə ki, cavabdeh şəxs “Bakı Still Company”də işləyir və əmək haqqısı yüksəkdir. Qanunvericiliyin tələbinə əsasən Mediasiya Şurasına müraciət etmişdir və qarşı tərəf ilə razılaşma baş tutmadığından mediator Ədalət Əliyev tərəfindən ona X3 verilməsi haqqında protokol tərtib olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək, izahatında göstərmişdir ki, iddiaçı ilə 2006-cı ildə el adəti üzrə toyları olmuş, nikahları isə xx.xx.2007-ci il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Ailə qurduqları ilk günlər münasibətləri normal olmuş, sonradan münasibətləri pozulmuş, xasiyyətləri uyğun gəlməmiş, tez-tez ailədə söz-söhbət, mübahisələr və münaqişələr baş vermişdir. Hal-hazırda iddiaçı ilə birlikdə yaşamır. Nikahları pozulmamış, lakin gələcəkdə nikahın pozulması barədə iddia qaldırmaq fikri vardır. Uşaqlar iddiaçının himayəsindədir və onlara iddiada qeyd olunduğu məbləğdə aliment ödəməyə razıdır (bu barədə məhkəməyə ərizə təqdim etmişdir). Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-217.5-ci maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Qəbələ rayonu Böyük Pirəlli kənd İ.Ə.N tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İ 998249 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2007-ci il tarixdə X6 ilə rəsmi nikaha girmiş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 nömrə ilə qeydi aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İşdə olan Qəbələ rayonu Böyük Pirəli kənd İ.Ə.N tərəfindən 08 sentyabr 2015-ci il tarixdə verilmiş AZ-İİİ 585653 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 20 avqust 2009-cu il tarixdə anadan olmuşdur. Bu barədə 08 sentyabr 2015-ci il tarixdə 12 nömrəli akt qeydi Qəbələ rayonu Böyük Pirəli kənd İ.Ə.N-də tərtib edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Qəbələ rayonu Böyük Pirəli kənd İ.Ə.N tərəfindən 26 sentyabr 2007-ci il tarixdə verilmiş AZ-İ 998953 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 14 may 2007-ci il tarixdə anadan olmuşdur. Bu barədə 26 sentyabr 2007-ci il tarixdə 20 nömrəli akt qeydi Qəbələ rayonu Böyük Pirəli kənd İ.Ə.N-də tərtib edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan xx.xx.2023-cü il tarixli “X3 verilməsi haqqında Protokol”a əsasən İddiaçı və Cavabdeh arasına olan mediasiya prosesinə “Mediasiya haqqında” Qanunun 32-ci maddəsinə əsasən xitam verilmişdir. Mediasiya xərci olan 52 manatı İddiaçı ödəmişdir. Məhkəmə uşaqların mənafeyini nəzərə alaraq, aliment tutulmasını məqsədə müvafiq hesab edir. Nəzərə alınmalıdır ki, uşaqlarını saxlamaq atanın borcu olduğu kimi, həm də ananın valideynlik vəzifələrinə aiddir. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 11 dekabr 2023cü il tarixdən başlayaraq, 14 may 2007-ci il təvəllüdlü X2 və 20 avqust 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilkidə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, həmçinin Mediasiya Təşkilatına ödənilmiş 52 (əlli iki) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 1000 manatdan çox olduğundan, cavabdehdən 72.80 manat məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 11 dekabr 2023-cü il tarixdən başlayaraq, 14 may 2007-ci il təvəllüdlü X2 və 20 avqust 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilkidə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh Mediasiya Təşkilatına ödənilmiş 52 (əlli iki) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı verilsin. Cavabdeh 72 (yetmiş iki) manat 80 (səksən) qəpik məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-148/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-148/2024
08.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver