Məhkəmə qərarları › İş №2(025)-1655/2024

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1655/2024

15.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1655/2024 15.11.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlu sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinə əsasən: 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. 149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Göründüyü kimi iddiaçı iddia ərizəsində cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatları qeyd etməmişdir. Bundan əlavə Azərbaycan Respublikası MPM-nin 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübütlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Göründüyü kimi iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməməklə məhkəməyə təqdim edilmiş, iddiaçı tərəfindən tələbinin əsası ilə əlaqədar sübutların əsli və ya notarial qaydada təsdiq olunmuş surəti iddia ərizəsinə əlavə edilməmişdir. İddiaçı cavabdehdən 100000 (bir yüz min) manat mənəvi ziyan tələb etsə də, ona mənəvi ziyan dəyməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin qanunverciliyin tələblərinə uyğun olaraq iddiaçı iddia ərizəsinə sübut kimi əlavə etdiyi sənədlərin cavabdehə çatacaq surətlərini əlavə etməmişdir. Həmçinin, Mülki Prosessual Məcəllənin 10-1.1-ci maddəsinə əsasən Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən verilmiş ərizə elektron qaydada verilmədiyindən də geri qaytarılmalıdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödənilməsini təsdiq edən sənəd də əlavə etmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, X1 Azərbaycan Respublikasının qanununun 9-cu maddəsinə görə Məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin, məhkəmə əmri haqqında ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsinə, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə dövlət rüsumundan azad edilməsi və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri göstərilmişdir. X1 Azərbaycan Respublikasının qanununun 8.2-ci maddəsinə əsasən Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. X1 Azərbaycan Respublikasının qanununun 8.1.4-ci maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi qədərində dövlət rüsumu ödənilməlidir. Göründüyü kimi, iddiaçı iddia ərizəsində cavabdehdən 100000 (bir yüz min) mənəvi zərərin ödənilməsini xahiş etmiş, lakin 100000 manat iddia tələbinə görə 390 manat dövlət rüsumu ödəməli olduğu halda ümumiyyətlə dövlət rüsumu ödəməmişdir. Məhz bu səbəbdən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1-ci maddəsinə görə hakim Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin tələblərinə uyğun olmayan iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.2, 153.3, 268-269cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Cavabdeh qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərlər. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar