Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-315/2021 19.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx xxxxxx 2014-cü il təvəllüdlü X1 və xx xxx 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər biri üçün hər ay 175 (bir yüz yetmiş beş) manatdan az olmamaqla alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, onun cavabdehlə Qəbələ rayon Qeydiyyat şöbəsində xx.xx.2013-cü ildə 115 nömrə ilə qeydə alınmış birgə nikahından xx.xx.2014-cü ildə anadan olmuş X3 və 22.05,2017-ci ildə anadan olmuş X4 adlı olmaqla iki nəfər azyaşlı uşaqları vardır. Birgə yaşayışının ilk vaxtlarından ailə-nikah münasibətləri qeyri-normal olmuş, 2019-cu ilin sonlarından başlamaqla cavabdeh tərəfindən şiddətə məruz qalmış, 2020-ci ilin iyul ayında ayrılsalar da sonradan barışmışlar və sonuncu dəfə bir ay olar ki, ayrılmışlar və həmin vaxtdan valideynlərinin yanında yaşamağa başlamışdır. Cavabdehlə ayrıldığı vaxtdan hər iki uşaq ayrıca olaraq onun himayəsində qalmışdır. Ötən müddət ərzində cavabdeh onun himayəsində qalmış uşaqlarının saxlanması ilə maraqlanmamış, könüllü şəkildə heç bir maddi vəsait və aliment ödəməmişdir. Odur ki, birgə nikahdan olan iki uşağın 18 yaşı tamam olan günədək saxlanması üçün alimentin alınmasına dair məsələyə məhkəmə qaydasında baxılıb həll edilməsi üçün hazırkı iddia ərizəsi ilə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələblərini qismən qəbul ederək məhkəməyə yazılı etiraz ərizəsi təqdim etdi və bildirdi ki, cavabdehlə 2013-cü ildə ailə qurmuşlar. Birgə nikahdan iki azyaşlı övladı var. Birgə nikah dövründə aralarında hər zaman iddiaçının günahı səbəbindən narazılıqlar, dava-dalaş olmuşdur. Cavabdeh, ailəyə, uşaqlara baxmaq istəməmiş, həddindən artıq sərbəstlik niyyətində olmuş, istədiyi vaxtda onu məlumatlandırmadan qohumlarının evinə, yaxud digər öz arzusuna uyğun yerlərə gedib -gəlməyi üstün tutmuşdur. Dəfələrlə evdən çıxıb getmiş, sonra qayıdıb gəlmişdir. 22 07.2020-ci il tarixdə növbəti dava-dalaşı salmış və uşaqları onun yanında qoyub getmişdir. Uşaqlar xeyli vaxt onun yanında qaldıqdan sonra, nikahının pozulması barədə məhkəməyə ərizə ilə müraciət etmişdir. Ərizə üzrə Qəbələ rayon Məhkəməsində 2(025)-866/2020 saylı mülki işin icraatına başlanmışdır. Məhkəmə araşdırması zamanı uşaqların onun himayəsinə verilməyəcəyindən şübhələnən iddiaçı tələbindən imtina barədə məhkəməyə ərizə vermişdir. Qəbələ rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)- 866/2020 nömrəli Qəradadına əsasən mülki işə xitam verilmişdir. Bundan sonra hazırkı İddiaçı evə qayıdaraq qısa müddət onlarla yaşamış və uşaqları özü ilə götürərək çıxıb getmişdir. Göründüyü kimi, iddiaçı uşaqlardan ona qarşı təzyiq instrumenti kimi istifadə etməyə başlamışdır. Uşaqların saxlanılması üçün İddiaçı vəsaitin verilməsinə gəldikdə bildirir ki, daimi iş yeri yoxdur, fəhlə kimi təsadüfü işlərlə məşğul olur və həmin işlərdən az miqdarda, yəni orta hesabla 300 manat civarında gəliri formalaşır. Uşaqlarla birgə yaşadığı zaman hər uşağın saxlanılması üçün təqribən 80-100 manat civarında pul xərləmişdir. İddia ərizəsində göstərilmişdir ki, guya o, usta işi ilə məşğul olur, ona məxsus dülgər sexi vardır. Bu tamamilə yalandır, iddiaçının uydurmasıdır. O, sahibkar deyil, ona məxsus heçbir dülgər, yaxud digər sex yoxdur. O, sadəcə təsadüfü tapdığı fəhlə işlərini yerinə yetirir. O ki,qaldı uşaqların vəsaitlə təmin edilməsinə uşaqlarıı yaxşı saxlamaq niyyəti olsa da, əldə etdiyi aylıq gəlirlərini və qənaətbəxş olmayan ümumi maddi vəziyyətini nəzərə almaqla, maksimum hər uşaq üçün 100-110 manat sabit məbləğdə aylıq aliment ödəyə bilər. Odur ki iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli “Nikah haqqında” arayışdan görünür ki, Cavabdeh ilə Ərzimanlı Könül Elçin qızı arasında xx.xx.2013-cü il tarixdə nikah bağlanmış və bu barədə nikahın haqqında akt qeydləri kitabında 115 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Fərmanov, arvada Fərmanova soyadı verilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2021-ci il tarixdə verilmiş Doğum haqqında arayışdan görünür ki, X5 xx xxxxxx 2014-cü il tarixdə Qəbələ şəhərində doğulmuş və bu baradə doğum haqqında akt qeydləri kitabında 56 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2021-ci il tarixdə verilmiş Doğum haqqında arayışdan görünür ki, X6 xx xxx 2017-ci il tarixdə Şəki şəhərində doğulmuş və bu baradə doğum haqqında akt qeydləri kitabında 471 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin nikah münasibətlərindən iki övladı anadan olmuşdur. Tərəflər arasında bağlanmış nikah pozulmamışdır. Hazırda iddiaçı övladlarının saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 175 manat olmaqla ümümilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə uşağın mənafelərini nəzərə alaraq, aliment tutulmasını məqsədə müvafiq hesab edir. Ancaq məhkəmə alimentin iddiaçının tələb etdiyi kimi 175 manat həddində ədalətli və qanuna uyğun hesab etmir. İddiaçı cavabdehin işləməsi, bununla da tələb etdiyi məbləğdə alimentin cavabdehin ödəmək imkanına malik olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəzərə alınmalıdır ki, uşaqlarını saxlamaq atanın borcu olduğu kimi, həm də ananın valideynlik vəzifələrinə aiddir. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehdən xx xxxxxx 2014-cü il təvəllüdlü X1 və xx xxx 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 110 (bir yüz on) manat olmaqla cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə, hesab edir ki, aliment xx xxxxxx 2021-ci il tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olan iddialar üzrə iddia ərizəsi verilərkən, 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 500 manatdan çox olduğundan, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx xxxxxx 2021-ci il tarixdən başlayaraq xx xxxxxx 2014-cü il təvəllüdlü X1 və xx xxx 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 110 (bir yüz on) manat olmaqla cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-315/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-315/2021
19.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver