Məhkəmə qərarları › İş №2(025)-336/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-336/2022

16.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-336/2022 16.03.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 07.10.2015-ci il tarixdə doğulmuş X7 və 11.06.2017-ci il tarixdə doğulmuş X1 üçün hər ay hər uşağa 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 25 iyul 2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından 07.10.2015-ci il tarixdə X10, 11.06.2017-ci il tarixdə X13 adlı iki övladları doğulmuşdur. Bir müddətdir ki, cavabdehlə ayrı yaşayırlar. Hazırda aralarında olan nikah pozulmamışdır, barışıb bir ailə kimi yaşaya bilərlər. Uşaqların onun himayəsində olmasına baxmayaraq cavabdeh uşaqların saxlanılması ilə maraqlanmamış, könüllü şəkildə heç bir maddi vəsait və aliment ödəməmişdir. Odur ki, birgə nikahlarından olan uşaqlarının 18 yaşı tamam olan günədək saxlanılması üçün alimentin alınmasına dair məsələyə məhkəmə qaydasında baxılıb həll edilməsi üçün hazırki iddia ərizəsi ilə müraciət edir. Cavabdeh könüllü olaraq aliment ödəməkdən yayınır. Cavabdeh uşaqların saxlanılmasına yardım etmək imkanındadır. Onunla birgə yaşadığı müddətdə cavabdehin rəsmi iş yeri olmuşdur. Cavabdehin aylıq gəliri təxminən 600 manatdan çoxdur. Lakin onla ayrıldıqdan sonra rəsmi iş yerinin olub-olmaması barədə nə məlumatı, nə də sübutu yoxdur. O, hal-hazırda kirayədə yaşayır və uşaqlara təkbaşına baxmaqda çətinlik çəkir. Cavabdeh 09.03.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi hallar yalan və iftiradır. Belə ki, o, 25 iyul 2014-cü il tarixində iddiaçı ilə birgə nikaha daxil olmuş və həmin nikahdan iki övladları dünyaya gəlmişdir. İddiaçı dəfələrlə heç bir tutarlı arqument göstərmədən müxtəlif bəhanələrlə guya onun valieynləri ilə birgə yaşadıqları evdən qaynaqlanan problemlərdən ayrı yaşamaq istədiyini bildirmişdir. O, ailələrini qorumaq məqsədi ilə ayrıca ev tutmuş və ora köçmüşlər. Lakin yenə də birgə ailə kimi yaşamaqları mümkün deyil. Belə ki, iddiaçı dəfələrlə öz hərəkətlərində psixoloji problemlərin olduğunu göstərmişdir. Hətta hazırkı məhkəmə prosesi ilə bağlı mediatorun sesiyalarında olarkən mediator tərəfindən psixoloji yardıma ehtiyacın olduğu vurğulamış, psixoloqa getmək tövsiyyə edilmişdir. Lakin İddiaçı mediatorun yanında hər ikisinin psixoloji dəstək görməsinə razılıq verməsinə baxmayaraq mediatorun yanından ayrılan kimi imtina etmişdir. Hazırda ona iş yerindən verilmiş xidməti evi tam şəkildə iddiaçının istifadəsinə vermiş, hətta özü həmin evdə yaşamır. Lakin İddiaçı o evdən heç bir səbəb göstərmədən çıxıb getmişdir. İddiaçı dəfələrlə iki az yaşlı uşağı tək buraxıb gah işləmək bəhanəsi ilə kursa gedir, gah da uşaqları özü ilə götürərək bütün günü öz iş yerinə aparır. İddiaçı ciddi psixoloji problemləri var, lakin sonuncu bunu qəbul etmir və ixtisaslı psixoloq tərəfindən müayinə və müalicə olmaqdan imtina edir. Həmçinin İddiaçı ərizəsində guya onun ailəsinə baxmadığını əsas göstərmişdir. Halbuki o, istər birgə yaşadıqları dövrdə, istərsə də ayrı yaşadıqları zamanlarda dəfələrlə uşaqların xərci üçün müxtəlif məbləğlərddə ödənişlər etmişdir. Bununla bağlı onda bank ödənişi qəbzləri də mövcuddur. O, İddiaçı dəfələrlə birgə yaşamaları üçün mümkün olan şərtləri təklif etmişdir. Lakin İddiaçı müstəqil yaşamaq istədiyini bildirmiş, ailəni qorumaq üçün təşəbbüs göstərməmişdir. Hazırda övladlarının hər ikisi anaların himayəsindədir. O, uşaqlarla görüşərkən ciddi stres vəziyyətində olduqlarını müşaiət etmişdir. Hətta böyük qızı Xədicə böyük dayısından qorxduğunu açıq şəkildə ona bildirmişdir. Bu münasibətdə onu düşündürən yeganə hal uşaqlarının taleyidir. O, uşaqların travmasız, psixoloji sağlam böyüməsini istəyir. Lakin yuxarıda da qeyd etdiyi xüsuslardan da aydın olur ki, uşaqların anaları ilə birgə qalması onların taleyində ciddi mənfi rol oynayacaqdır. O, övladlarının analarından ayrılmasını istəməsə də, bu şəraitdə onların anaları İddiaçı ilə birgə qalması onu ciddi narahat edir. İddiaçı hər bəhanədə özünü öldürməklə şantaj edir, guya nevraloji dərmanlar atdığı ilə onları şantaj edir. İddiaçı onunla birgə psixoloji yardım almağa razılıq verərsə, ailə münasibətlərinin düzəlmə ehtimalı var. Övladları 07 oktyabr 2015-ci il təvəllüdlü X7 və 11.06.2017-ci il təvəllüdlü X13 anaları ilə qalacağı təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş sabit pul məbləğində aliment ödənilməsinə etirazı yoxdur. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib, eyni zamanda məhkəməyə ərizə təqdim edərək göstərdi ki, 09 mart 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh məhkəməyə etiraz və mülahizələr təqdim etmişdir. O, həmin etiraz və mülahizələrlə tanış olmuş, lakin orada qeyd edilən bir çox xüsusatları razı deyildir. Belə ki, cavabdeh guya ki, onun psixoloji problemlərinin olduğunu qeyd etmişdir. Lakin onun heç bir psixoloji problemləri yoxdur. Hətta heç bir yerdə psixoloji problemləri ilə əlaqədar qeydiyyata düşməmişdir. Bundan əlavə iddiaçı yetkinlik yaşına çatmayan uşaqların doğma atası kimi öz uşaqlarına lazımi diqqət yetirmir və uşaqların tərbiyəsində və saxlanmasında köməklik etmir. Bir ana kimi uşaqların bərpası və saxlanması ilə bağlı öhdəlikləri yerinə yetirmədiyi iddiaçının sözlərinə görə heç bir şey təsdiqləmir. Heç bir dövlət müvəkkili orqanında öz öhdəliklərini yerinə yetirməyən yetkinlik yaşına çatmayan uşaqların anası kimi ona qarşı ərizə və ya şikayət yoxdur. Həmçinin o, hec vaxt uşaqlarını nəzarətsiz buraxmamışdır. O, işə gedib gəlsə də, həmin vaxtda uşaqlar nəzarətsiz qalmırlar. Günün ilk yarısında uşaqlar dərsdə, baxçada olurlar, digər vaxtlarda isə uşaqlarına anası nəzarət edir. Cavabdeh onu evdən özü çıxarmış, buna səbəb kimi tək yaşamaq istədiyi göstərmişdir. Uşaqlarla görüşlə bağlı rəsmi məhkəmə qərarı olmasa, uşaqlarla ünsiyyətə icazə vermək istəmir. Çünki qarşı tərəfə etibarı yoxdur. Cavabdeh dəfələrlə ondan səbəbsiz yerə polis şöbəsinə şikayətlər etmişdir. Məhkəmə iclasında cavabdeh FHN X5 növbətçi işlədiyini qeyd etmişdir. Lakin cavabdehin rəsmi iş yerindən başqa qeyri-rəsmi gəlirləri var ki, həmin gəlirləri sübut edə bilmir. Cavabdeh özü məhkəmə hazırlıq iclasında etiraf etmişdir ki, o, aliment tələbi ilə məhkəməyə müraciət etdiyi dövrdən, yəni 28 yanvar 2022-ci il tarixdən 09 mart 2022-ci il tarixinədək keçmiş təxminən bir ay müddət ərzində 3 dəfəyə ümumilikdə 400 manat məbləğində maddi yardım etmişdir. Hesab edir ki, bu da iddia tələbinin etiraf olunması kimi qiymətləndirilməlidir. Həmçinin o, hazırda kirayədə yaşayır. Təkbaşına uşaqlarını maddi cəhətdən təmin etmək ona müəyyən çətinliklər yaradır. Ona görə də, qətnamə qəbul edilərkən alimentin sabit pul məbləğində, hər ayda bir uşağa 200 manat olmaqla, ümumilikdə 400 manat məbləğində müəyyən edilməsini məhkəmədən xahiş edir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərilənlərə uyğun çıxıb edib, iddia tələbini qismən qəbul edərək göstərdi ki, uşaqlarına baxmaqdan və aliment ödəməkdən imtina etmir. Lakin rəsmi iş yeri var və əməkhaqqı 791 manatdır. Həmçinin məhkəməyə iddia ərizəsi təqdim etdiyi tarixdən etibarən ümumilikdə 400 manat ödəniş etmişdir və iddiaçı da bu halı qəbul etmişdir. Bu səbəbdən aliment təyin edilərkən həmin məbləğin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25.07.2014-cü il tarixli, AZ-İ seriyalı, 936749 №-li “Nikah haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X2 25 iyul 2014-cü ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 80 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Sadıqov, arvada Sadıqova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21.10.2015-ci il tarixli, AZ-İİİ seriyalı, 610474 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X10 07.10.2015-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 21.10.2015-ci ildə 666 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ Regional “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30.06.2017-ci il tarixli, AZ-İİİ seriyalı, 937124 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X13 11.06.2017-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 30.06.2017-ci ildə 525 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Şimal-qərb Regional Mərkəzi tərəfindən verilmiş 10 mart 2022-ci il tarixli, 37/39-0013 nömrəli arayışdan görünür ki, Cavabdeh 01.11.2013-cu il tarixdən Fövqəladə Hallar Nazirliyi X6 Növbətçisi Hissəsinin növbətçisi vəzifəsində çalışır və hesablanmış aylıq əmək haqqısı 791,00 (yeddi yüz doxsan bir) manatdır. “Elektron Məhkəmə” Sistemindən çıxarışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İsmayıllı Regional Mədəniyyət İdarəsində yardımçı fəhlə vəzifəsində işləyir və əmək haqqı 312 manatdır. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti Vəndam qəsəbə İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 19.01.2022-ci il tarixli, 104 saylı arayışdan görünür ki, İddiaçı Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatdadır və hal-hazırda Qəbələ şəhərində onlara məlum olmayan ünvanda yaşayır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulmuş və Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan “Mediasiya prosesinə xitam verilməsi Barədə” 03 nömrəli, 17 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edildiyinə görə mediasiya prosesinə xitam verilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1.-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Göründüyü kimi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən Qəbələ rayonunda fəaliyyət göstərən mediator X3 müraciət edilmişdir. Müvafiq olaraq “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 29.6-cı maddəsinə uyğun olaraq “Mediasiya prosesinə xitam verilməsi Barədə” protokol verilmişdir. Beləliklə, məhkəmədə tərəfin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər 25 iyul 2014-cü il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuş, tərəflərin birgə nikahlarından 07 oktyabr 2015-ci il təvəllüdlü X10 və 11 iyun 2017-ci il təvəllüdlü X13 adlı uşaqları doğulmuşdur, tərəflər arasındakı nikah rəsmi qaydada pozulmamış, tərəflərin birgə nikahından anadan olmuş uşaqları ananın yanındadır. İddiaçı iddia ərizəsində uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 200 (iki yüz) manat sabit pul məbləğində olmaqla, iki uşağa görə ayda 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Cavabdeh isə aliment ödəməyə etiraz etmədiyini, lakin rəsmi iş yeri və əmək haqqı olduğunu, aliment təyin edilərkən həmin halın nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1 və 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə— qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi həcmində aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə 07 oktyabr 2015-ci il təvəllüdlü X10 və 11 iyun 2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/3 miqdarında alimentin tutulmasını əsaslı hesab edir. Məhkəmə belə qənaətə gələrkən cavabdehin rəsmi iş yerinin və əmək haqqının olmasını, iddiaçının cavabdehin hər ay hər uşaq üçün 200, ümumilikdə 400 manat aliment ödəməsinə dair iddiada hər hansı sübut təqdim etməməsini, iddiaçının özünün də işləyərək əmək haqqı almasını, övladlara baxmağın atanın vəzifəsi olduğu kimi, ananında vəzifəsi olmasını nəzərə alır. Eyni zamanda məhkəmə qeyd edir ki, Cavabdeh məhkəmə iclasında izahatında qeyd etmişdir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən 400 manat məbləğində iddiaçıya aliment ödəmiş və qətnamə qəbul edilərkən həmin halın nəzərə alınmasını xahiş etmişdir. İddiaçı isə həm məhkəməyə təqdim etdiyi ərizədə, həm də məhkəmə iclası zamanı ifadəsində Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi tarixdən 400 (dörd yüz) manat məbləğində aliment ödəməsini etiraf etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı ödənilmiş 400 (dörd yüz) manat aliment məbləği icra mərhələsində alimentin hesablanması zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə 28.01.2022-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 28.01.2022-ci il tarixdən başlayaraq, 07 oktyabr 2015-ci il təvəllüdlü X10 və 11 iyun 2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/3 miqdarında aliment iddiaçı X4 xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin olunmamalı, qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçıların dövlət rüsumunu ödəməkdən azad olunduğu nəzərə Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinin tələblərinə uyğun olaraq dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutulmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən 51,64 (əlli bir manat altmış dörd qəpik) manat dövlət rüsumu tutulmalı dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 28.01.2022-ci il tarixdən başlayaraq, 07 oktyabr 2015-ci il təvəllüdlü X10 və 11 iyun 2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/3 miqdarında aliment iddiaçı X4 xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh tərəfindən iddia ərizəsi məhkəməyə daxil olduğu 28.01.2022-ci il tarixdən ödənilmiş 400 manat aliment məbləği nəzərə alınsın. Cavabdeh 51,64 (əlli bir manat altmış dörd qəpik) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar