Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-524/2020 30.06.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment ödəməkdən azad edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Məhkəməsinin 09 iyun 2016-cı il tarixli, 2(025)-1007/2016 saylı qətnaməsi ilə 21 dekabr 2010-cu il təvəllüdlü x2 və 05 may 2012-ci il təvəllüdlü x1 üçün müəyyən edilmiş alimenti ödəməkdən azad edilməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 30.06.2020-ci il tarixdə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək Qəbələ rayon Məhkəməsinin 09 iyun 2016-cı il tarixli, 2(025)-1007/2016 saylı qətnaməsi ilə 21 dekabr 2010-cu il təvəllüdlü x2 və 05 may 2012-ci il təvəllüdlü x1 üçün müəyyən edilmiş alimentin 29 iyul 2019-cu il tarixdən ödəməkdən azad edilməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilmişdir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə nikahı 06 yanvar 2011-ci il tarixdə rəsmiləşdirməklə evlənmişlər. Həmin nikahdan 22 dekabr 2010-cu il tarixdə Amin adlı və 05 may 2012-ci il tarixdə isə Arzu adlı oğlanları anadan olmuşdur. Qəbələ rayon Məhkəməsinin 09 iyun 2016-cı il tarixli, 2(025)-1007/2016 saylı qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş və məhkəmənin həmin qətnaməsinə əsasən uşaqlar cavabdehdə saxlanılmaqla ondan hər ay hər uşaq üçün 50 manat tutulması qət edilmişdir. O, fiziki cəhətdən qüsurludur. Belə ki, lal və kardır. Buna görə də xəstəliyə görə pensiya alır. Uşaqlar üçün alimentin ödənilməsi onun pensiyasına yönəldilmişdir. Cavabdeh özü də ruhi xəstə olmaqla yanaşı əxlaqi davranışında çoxlu qüsurlar var və bu səbəbdən 7 ay bundan əvvəl uşaqlar qaçıb onun yanına gəlmişlər. Hazırda da onun yanında yaşayırlar. Cavabdehin yanına qayıtmaqdan imtina ediblər. Çünki cavadeh psixi vəziyyətə görə onları mütəmadi olaraq döyüb, incidir. Bu səbəbdən də uşaqlar qaçıb onun yanına gəlmişlər. Ona görə də aliment ödənilməsindən azad olunmaq istəyir. Çünki 7 aydır ki, uşaqları o, saxlayır və onların bütün ehtiyaclarını o qarşılayır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verməklə onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verməklə bildirdi ki, iddiaçı onun oğludur. Oğlu ilə gəlini arasında nikah pozluduqdan və uşaqlar anasının himayəsinə verildikdən sonra oğlu uşaqlara hər ay 100 manat aliment ödəmişdir. Keçən ilin iyul ayından isə uşaqlar həmin evdən qaçaraq atalarının yanına gəlmiş həmin vaxtdan bu günə kimi uşaqlar atalarının himayəsindədir. Bu səbəbdən də hər ay Cavabdeh hesabına ödənilən aliment silinməlidir. Odur ki, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16.01.2020-ci il tarixli nikah haqqında arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh arasında 06 yanvar 2011-ci il tarixdə Qəbələ rayonu Bum qəsəbə İnzibati Ərazi Nümayəndəliyində nikah bağlanmış, bu barədə 01 saylı akt qeydi tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16.01.2020-ci il tarixli doğum haqqında arayışdan görünür ki, x4 22 dekabr 2010-cu ildə Qəbələ rayinunda anadan olmuş, bu barədə 33 saylı akt qeydi tərtib edilmişdir. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarına əlavə olunmuş Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16.01.2020-ci il tarixli doğum haqqında arayışdan görünür ki, x5 05 may 2012-ci ildə Qəbələ rayonunda anadan olmuş, bu barədə 17 saylı akt qeydi tərtib edilmişdir. Atası İddiaçı, anası Cavabdehdır. Qəbələ Rayon Məhkəməsinin iş materiallarına əlavə olunmuş 09.06.2016-cı il tarixli 2(025)- 1007/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 06 yanvar 2011-ci il tarixdə Qəbələ rayonu Bum qəsəbə İnzibati Ərazi Nümayəndəliyində bağlanaraq, 01 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, onların birgə nikahlarından 22 dekabr 2010-cu il tarixdə anadan olmuş x4 və 05 may 2012-ci il tarixdə anadan olmuş x5 anaları Cavabdeh himayəsində saxlanılmış və yetkinlik yaşına çatanadək onların saxlanılması məqsədilə İddiaçı 25 aprel 2016-cı il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 100 (bir yüz) manat (uşaqların hər biri üçün 50 (əlli) manat olmaqla) aliment alınaraq Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyətinin x9 Nümayəndəliyi tərəfindən verilmiş 22 yanvar 2020-ci il tarixi, 42 nömrəli məktubundan görünür ki, x4 və x5 ataları İddiaçı himayəsində yaşayırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, (bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmədiyi və yenidən sübut edilmədiyi üçün (Mülki-Prosessual Məcəllənin 82.3-cü maddəsi) məhkəmə, yuxarıda qeyd olunan halları müəyyən olunmuş hesab edir) iddiaçı cavabdehlə rəsmi nikaha daxil olmuş və müvafiq məhkəmə aktı əsasında ondan 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutulmasına qərar verilmişdir. Eləcə də, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabadehin birgə nikahlarından 22 dekabr 2010-cu il tarixdə anadan olmuş x4 və 05 may 2012-ci il tarixdə anadan olmuş x5 2019-cu ilin iyul ayından hal-hazıradək ataları İddiaçı yanında qalırlar. İddiaçı atanın borcu və valideynlik vəzifəsi olduğu kimi, uşaqlarını saxlayır, tərbiyələrində, normal inkişaflarında, təhsillərində iştirak edir. Məhz bu səbəblə məhkəmə hesab edir ki, İddiaçı Qəbələ Rayon Məhkəməsinin 09 iyun 2016-cı il tarixli 2(025)-1007/2016 saylı qətnaməsinə əsasən İddiaçı və Cavabdeh birgə nikahlarından 21 dekabr 2010-cu il tarixdə anadan olmuş x2 və 05 may 2012-ci il tarixdə anadan olmuş x3 yetkinlik yaşına çatanadək hər ay sabit pul məbləğində 100 (bir yüz) manat (uşaqların hər biri üçün 50 (əlli) manat olmaqla) aliment alınaraq anaları Cavabdeh nəfinə verilməsi hissəsində olan 29.07.2019-cu il tarixdən başlayaraq aliment borcun ödənilməsindən azad edilməlidir, belə ki, həmin aliment borcun tutulması iddiaçının əmlak mənafeyini pozmuş olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 09 iyun 2016-cı il tarixli 2(025)-1007/2016 saylı qətnaməsinə əsasən İddiaçı və Cavabdeh birgə nikahlarından 21 dekabr 2010-cu il tarixdə anadan olmuş x2 və 05 may 2012-ci il tarixdə anadan olmuş x3 yetkinlik yaşına çatanadək hər ay sabit pul məbləğində 100 (bir yüz) manat (uşaqların hər biri üçün 50 (əlli) manat olmaqla) aliment alınaraq anaları Cavabdeh nəfinə verilməsi hissəsində olan 29.07.2019-cu il tarixdən başlayaraq aliment borcun ödənilməsindən İddiaçı azad edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-524/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-524/2020
30.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver