Məhkəmə qərarları › İş №2(025)-586/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-586/2021

05.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-586/2021 05.05.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə olan 01.09.2008-ci il tarixli birgə nikahdan 28 aprel 2016-cı ildə anadan olmuş X1 ayrıca olaraq onun himayəsində olduğunu nəzərə alaraq uşağın 18 yaşı tamam olan günədək saxlanması üçün hər ay üzrə 200 (iki yüz) manatdan az olmamaqla alimentin cavabdehdən onun xeyrinə alınıb verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 01.09.2008-ci ildə Qəbələ rayon İHB-nin Quşlar kənd inzibati ərazi nümayəndəliyində 02 saylı nikah qeydə aldırmış, ailə quraraq birlikdə yaşamağa başlamışdı. Birgə nikahdan 28.04.2016-cı ildə Ayan adlı uşağı anadan olmuşdur. Əvvələr münasibətləri nisbətən normal olmuş, 2018-ci ildən isə mövcud vəziyyətdə birgə yaşamağının mümkünsüzlüyü ilə əlaqədar məcbur olaraq ayrılmışlar və həmin vaxtdan uşaq ayrıca olaraq onun himayəsində qalmışdır. Həmin vaxtdan bu yana cavabdeh uşaq ilə, o cümlədən də onun saxlanması ilə maraqlanmamış, bunun üçün imkanları olmasına baxmayaraq maddi köməklik göstərməməmiş, aliment ödəməmişdir. Odur ki, birgə nikahdan doğulmuş, onun himayəsində qalmış uşağın 18 yaşı tamam olan günədək saxlanması üçün alimentin cavabdehdən məcburi qaydada alınmasına dair məsələyə məhkəmə qaydasında baxılıb həll edilməsi üçün hazırkı iddia ərizəsi ilə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o iddiaçı - İddiaçı ilə 01 sentyabr 2008-ci il tarixdə hər ikisinin razılığı ilə ailə həyatı qurmuşdur. Onların 28 aprel 2016-cı ildə Ayan adlı qızı dünyaya gəlmişdir. Uşaq hal-hazırda anasının yanındadır. İddiaçı ilə ailəsinin bərpa olunmağını istəyir, dəfələrlə barışmaq üçün cəhdlər göstərmişdir. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Qəbələ rayon Quşlar kənd İ.Ə.N tərəfindən verilmiş 01 sentyabr 2008ci il tarixli AZ-İ № 385629 saylı “Nikah haqqında” şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 01 sentyabr 2008-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın haqqında akt qeydləri kitabında 02 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Sədirov, arvada Qədirova soyadı verilmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 30 iyun 2016-cı il tarixdə verilmiş AZ-İİİ №762810 saylı Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X2 28 aprel 2016-cı ildə Sumqayıt şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 503 nömrə ilə doğum qeydi aparılmışdır. Anası İddiaçı, atası Cavabdehdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından bir övladı anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşamışlar. Hazırda iddiaçı 28 aprel 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 200 (iki yüz) manat məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə uşağın mənafelərini nəzərə alaraq, aliment tutulmasını məqsədə müvafiq hesab edir. Ancaq məhkəmə alimentin 200 manat həddində tutulmasını ədalətli və qanuna uyğun hesab etmir. İddiaçı alimentin cavabdehin ödəmək imkanına malik olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəzərə alınmalıdır ki, uşaqlarını saxlamaq atanın borcu olduğu kimi, həm də ananın valideynlik vəzifələrinə aiddir. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehdən 28 aprel 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə, hesab edir ki, aliment 06 aprel 2021-ci il tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olan iddialar üzrə iddia ərizəsi verilərkən, 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 500 manatdan çox olduğundan, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 06 aprel 2021-ci il tarixdən başlayaraq 28 aprel 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar