Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-656/2020 05.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə alınmış əmlakın geri qaytarılması və maddi zərər” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə alınmış əmlakın geri qaytarılması və maddi zərər” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış, Qəbələ şəhəri H.Əliyev küçəsi 75 A ünvanında yerləşən, sahəsi 50.5 kv.m təşkil edən Məişət evinin alqı-satqısına dair xx.xx.2016-cı il tarixli, 3093 nömrəli müqavilənin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 3800 (üç min səkkiz yüz) manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanununa, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı»na uyğun olaraq, Qəbələ şəhəri H.Əliyev küçəsi 57 A ünvanında yerləşən, sahəsi 50.5 kv.m təşkil edən Məişət evi satıcı Əmlak Məsələləri Dövlət Komitəsi ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 3093 nömrəli alqı-satqı müqaviləsinə əsasən 15000 (on beş min) manata Cavabdeh satılmışdır. Sonuncu ona satılmış qeyri-yaşayış sahəsinin müqavilə üzrə müəyyən edilmiş satış qiymətindən 3800 (üç min səkkiz yüz) manat ödəmiş, digər hissəsinin, yəni 11200 (on bir min iki yüz) manatın ödənilməsini həyata keçirməmişdir. Alıcı bununla alqı-satqı müqaviləsinin şərtlərini, həmçinin bir sıra mülki hüquq normalarını pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsinin 2.2.2-ci bəndinə əsasən alıcı müqavilə imzalandığı andan 30 (otuz) gün müddətində əmlakın tam dəyərini, yəni 15000 manatını satıcının Azərbaycan Respublikası Mərkəzi Bankındakı tranzit hesabına köçürməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, alıcı həm müqaviləyə, həm də mülki hüquq normalarına əsasən satın aldığı əmlakın dəyərini müqavilə ilə müəyyənləşdirilmiş müddətdə 30 gün ərzində ödəməyə borclu olsa da, bu vəzifəsini icra etməmiş, bununla müqavilənin şərtlərini və mülki qanunvericiliyin iddia ərizəsində qeyd edilən normalarını pozmuşdur. Eyni zamanda, alqısatqı müqaviləsinin 2.1.1-ci bəndinə əsasən əmlakın dəyəri tam ödənildikdən sonra satıcı müqavilənin bir nüsxəsini əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin aidiyyəti ərazi idarəsinə göndərir. Alıcı əmlakın dəyərini tam ödəmədiyinə görə onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində qalmışdır.Cavabdehin həmin əmlak üzərində faktiki sahibliyi qanunsuzdur. Beləliklə, məhkəmə tərəfindən alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə yanaşı, həmçinin müqavilənin predmeti olmuş əmlakın satıcıyı qaytarılması vəzifəsi də alıcının üzərinə qoyulmalıdır. Qeyd edilənlərdən əlavə bildirilir ki, alıcı müqavilənin şərtlərini icra etməməklə əmlakın mülkiyyətçisinə (dövlətə) maddi ziyan da vurmuşdur. «Dövlət əmalakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Alıcı müqavilədə nəzərdə tutulmuş əmlakın dəyərini tam ödəməmiş, bununla satıcını dövlət əmlakının satışından dövlət büdcəsinə daxil olmalı olan gəlirdən qismən məhrum etmişdir. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən hesab edir ki, cavabdeh tərəfindən müqavilə üzrə ödənilmiş 3800 manat məbləğində vəsait satıcıya vurulmuş zərərin əvəzi kimi nəzərə alınmalı və alıcıya qaytarılmamalıdır. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iddiada ərizəsində qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən etiraf edərək məhkəmədə verdiyi izahatında göstərmişdir ki, 32 ildir sözügedən qeyri-yaşayış binasında yaşayır. Bu onun özünə məxsus evdir və həmin bina qəzalı vəziyyətdədir. İddiaçı ilə aralarında olan razılığa əsasən əvəllər hər ay 200-300 manat məbləğində ödəniş etmişdir. Lakin sonradan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri pulu tam şəkildə tələb etdiklərinə görə ödənişləri dayandırmaq məcburiyyətində qalmışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmədən ədalətli və qanuni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini X2 şəxsində “satıcı” olaraq onunla “alıcı” Cavabdeh arasında xx.xx.2016cı il tarixdə bağlanmış 3093 nömrəli «Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi»nin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, müqavilənin predmetini (müqavilənin 1.1-ci bəndi) «alıcı»nın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 16 saylı ərazi şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə keçirilən hərracda 01 nömrəli protokola əsasən satın aldığı Məişət evi (ümumi sahəsi -50,5 kv.m) təşkil etmişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən «alıcı» Cavabdeh müqavilədə göstərilən şərtlərlə ünvan 1 A ünvanında yerləşən Məişət evini hərracdan satış qiyməti ilə 15000.00-on beş min manata satın almışdır. Müqavilənin 2.2.2-ci bəndinə görə alınmış müəssisənin (obyektin) dəyərini, yəni hərracdan əvvəl beh kimi ödənilmiş 10% də nəzərə alınmaqla 15000 (on beş min) manatını müqavilə bağlandığı andan 30 (otuz) bank günü müddətindən gec olmayaraq və yaxud xx.xx.2016-cı il tarixək «satıcının» (VÖEN : **********) Mərkəzi bankdakı (kod 501004, m/h : AZ74NABZ********************, VÖEN : **********, S.W.İ.F.T.bik: NABZAZ2C) **********944 nömrəli tranzit manat hesabına köçürmək Cavabdeh vəzifəsidir. Müqavilənin 2.3-cü bəndinə əsasən «alıcı» müqavilə imzalandıqdan sonra müəssisədən (obyektdən) müqaviləyə uyğun olaraq istifadə etmək hüququna malikdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh (ünvan ünvan 2 ünvanladığı Çıxış №**********47 nömrəli bildirişdə qeyd edilmişdir ki, Qəbələ şəhəri H.Əliyev küçəsi 57 ünvanda yerləşən Məişət evinin (ümumi sahəsi 50.5.kv.m) satışı ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış xx.xx.2016-cı il tarixli, 3093 nömrəli alqı-satqı müqaviləsinin 2.2.2 bəndinə müvafiq olaraq əmlakın satış qiyməti olan 15000 (on beş min) manatdan 3800 (üç min səkkiz yüz) manatı onun tərəfindən ödənilmiş, qalan 11200 (on bir min iki yüz) manatı ödənilməmişdir. Müqavilə üzrə ödənilməmiş 11200 manat vəsaitin 10 (on) gün ərzində ödənilməli olduğu Cavabdeh nəzərinə çatdırılmışdır. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 421.1-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.3-cü maddəsinə əsasən Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə bağlanmış 3093 nömrəli «Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi»nə əsasən ünvan 4 A ünvanda yerləşən Məişət evi hərracdan satış qiyməti ilə (xx.xx.2016-cı il tarixdə keçirilən hərracda 01 nömrəli protokola əsasən) 15000.00-on beş min manata sonuncuya satılmışdır. Qeyri-yaşayış sahəsi satıldıqdan sonra mülki qanunvericiliyin tələblərinə “satıcı” tərəfindən tam riayət olunmaqla satılan əmlak “alıcı”nın istifadəsinə verilmişdir. Müqaviləyə görə müəssisənin (obyektin) dəyərini, yəni hərracdan əvvəl beh kimi ödənilmiş 10% də nəzərə alınmaqla 15000 (on beş min) manatını Cavabdeh müqavilə bağlandığı andan 30 (otuz) bank günü müddətindən gec olmayaraq və yaxud xx.xx.2016-cı il tarixədək «satıcının» (VÖEN: **********) Mərkəzi bankdakı (kod 501004, m/h: AZ74NABZ********************, VÖEN : **********, S.W.İ.F.T.bik: NABZAZ2C) **********944 nömrəli tranzit manat hesabına köçürməyi öhdəsinə götürmüşdür. Lakin iddiaçı üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş və əmlakın qiymətinə görə ödəməli olduğu 15000.00 manatdan yalnız 3800 manatını ödəməklə kifayətlənmişdir. İşin bu halını tərəflərin özləri də mülki işin məhkəmə araşdırılması zamanı etiraf etmişlər. Ödəməli olduğu pulun ödənilməməsinin səbəbini, ödənişlərin dayandırılmasını o, iddiaçının nümayandələrinin ondan qalan məbləği tam şəkildə ödəməsi barədə tələbi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a.və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lızamınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki işin məhkəmə araşdırılması vaxtı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2016cı il tarixdə bağlanmış 3093 nömrəli «Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi»nə görə Cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazımi qaydada və vaxtda (iddiaçıya ödəməli olduğu 15000 manatını müqavilə bağlandığı andan 30 (otuz) bank günü müddətindən gec olmayaraq və yaxud xx.xx.2016-cı il tarixədək) ödəmədiyindən sonuncu tərəfindən müqavilə əhəmiyyətli dərəcədə pozulmuşdur. Yəni, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. İşin qeyd olunan hallarını və qanunvericiliyin yuxarıda sadalanan tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı ilə aralarında xx.xx.2016-cı il tarixdə bağlanmış 3093 nömrəli «Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi»nə əsasən üzərinə düşən öhdəliklərə (müqavilə öhdəliklərinə) qanunvericilikdə nəzərdə tutulmuş qaydada və vaxtında (müqavilə bağlandığı andan 30 (otuz) bank günü müddətindən gec olmayaraq və yaxud xx.xx.2016-cı il tarixədək), eləcə də müqavilədə nəzərdə tutulmuş şərtlər sərçivəsində əməl etmədiyinə görə iddia tələbi adı çəkilən müqavilənin ləğv olunması, qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində təmin edilməlidir. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia ərizəsində cavabdehə qarşı Məişət evinin alqı-satqısına dair xx.xx.2016-cı il tarixli, 3093 nömrəli müqavilənin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə bərabər, həm də müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 3800 (üç min səkkiz yüz) manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi tələbini qoymaqla həmin tələblərin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi alqısatqı müqaviləsinin 2.3-cü bəndindən müəyyən edilir ki, tərəflərin qarşılıqlı razılaşmasına görə Cavabdeh, yəni «alıcı» müqavilə imzalandıqdan sonra müəssisədən (obyektdən) müqaviləyə uyğun olaraq istifadə etmək hüququna malik olmuşdur. Tərəflərin məhkəmədə verdikləri izahatlardan da görünür ki, sonuncu hazırda mübahisələndirilən qeyri-yaşayış sahəsindən müqavilə üzrə birinci tərəf olan “satıcı”nın könüllü razılığı və iradəsi əsasında istifadə etmişdir. Bir sözlə, qeyri-yaşayış sahəsindən cavabdehin istifadəsi iddiaçının (“satıcı”nın) iradəsi əleyhinə (iradəsinin ziddinə) olmamışdır. Bu razılıq həm də satıcının könüllü iradə ifadəsi olan müqavilənin 2.3-cü bəndində təsdiqini tapmışdır. Müqavilə bağlandığı və cavabdehin müqavilə üzrə öhdəliyin icrası müddətinin çoxdan başa çatmasına rəğmən, keçən müddət ərzində, yəni hazırkı iddiaya qədər qeyri-yaşayış sahəsinin sonuncunun qanunsuz sahibliyindən alınaraq ona qaytarılmasına dair iddiaçı məhkəmədə iddia qaldırmamaqla yaranmış vəziyyətlə barışmış və hərəkətsizlik nümayiş etdirmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 3800 (üç min səkkiz yüz) manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi tələbi təmin edilməməlidir. İddiaçıya isə həmin vəsaitin ona qaytarılmasına dair məhkəmədə müstəqil iddia qaldırmaq barədə hüquqları izah olunmuşdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin izahatlarına, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış ünvan 1 A ünvanında yerləşən, sahəsi 50.5 kv.m təşkil edən Məişət evinin alqı-satqısına dair xx.xx.2016-cı il tarixli, 3093 nömrəli müqavilə ləğv edilməli və həmin qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış ünvan 1 A ünvanında yerləşən, sahəsi 50.5 kv.m təşkil edən Məişət evinin alqı-satqısına dair xx.xx.2016-cı il tarixli, 3093 nömrəli müqavilə ləğv edilsin və həmin qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-656/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-656/2020
05.08.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver