Məhkəmə qərarları › İş №2(025)-724/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-724/2020

16.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-724/2020 16.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakimİsayev Elman Bəhruz oğlununsədrliyi, məhkəmə iclasının katibi x1katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 06 iyun 2011-ci il təvəllüdlü x4 və 14 yanvar 2014-cü il təvəllüdlü x3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/3 miqdarında aliment, eyni zamanda hər ay sabit pul məbləğində hər uşaq üçün 70 manat məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 26 iyul 2010-cu il tarixdə rəsmi nikaha girərək evlənmişdir. Onların birgə nikahlarından 06 iyun 2011-ci il təvəllüdlü x4 və 14 yanvar 2014-cü il təvəllüdlü x5 adlı övladları dünyaya gəlmişdir. Qəbələ Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(025)-75/2020 nömrəli qətnaməsi ilə cavabdehlə aralarında olan nikahın pozulması və yetkinlik yaşına çatmayan uşaqları 06 iyun 2011-ci il təvəllüdlü x4 və 14 yanvar 2014-cü il təvəllüdlü x3 onun himayəsində qalması qət edilmişdir. Cavabdehlə faktiki olaraq 2019cu ilin oktyabr ayından ayrılmışlar. Birgə nikahdan olan uşaqları onunla birlikdə Qəbələ rayonu Zarağan kəndində qardaşına məxsus evdə yaşayırlar. Bu müddət ərzində uşaqların cavabdehin yanında da qalmasına şərait yaratmışdır. Cavabdehlə artıq 8 aya yaxındır ki, ayrı yaşamağına baxmayaraq alimentlə bağlı məhkəməyə müraciət etməmişdir. Özü Qəbələ rayonu Böyük Əmilli kəndində müəllim işləsə də, dərs saatı az olduğundan aldığı əmək haqqı aşağıdır. Cavabdeh də müəllim işləyir. Öz aldığı əmək haqqı ilə isə uşaqların tələbatını ödəməkdə olduqca çətinlik çəkir. Qəbələ Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(025)- 75/2020 nömrəli qətnaməsi halhazırda qanuni qüvvəsini almamışdır. Lakin, cavabdehin qətnamədən apellyasiya şikayəti verə biləcəyini nəzərə alaraq alimentlə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd etdiyi kimi uşaqlar böyükdür və onun aldığı əmək haqqı uşaqların zəruri tələbatlarını belə qarşılamır. Cavabdehin isə aliment ödəmək üçün kifayət qədər imkanı vardır. Həm onun əmək haqqı, həm də cavabdeh tərəfindən veriləcək aliment ilə uşaqları çətinliklədə olsa böyüdə bilərəm. Cavabdeh müəllim işləyir və onun stabil əmək haqqı var. Qanuna əsasən aliment 2 uşağa görə valideynin qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi həcmində tutulur. Lakin cavabdehin əmək haqqı aşağı olduğundan onun əmək haqqının 1/3 hissəsinin tutulması 2020-ci il üçün yaşayış minimumundan xeyli aşağıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, hal-hazırda Qəbələ rayonu, Savalan kəndində ümumiorta məktəbdə tarix müəllimi olaraq işləyir. İddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməyə onun maddi vəziyyəti imkan verməyəcək. Odur ki, iddia tələbini təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan Qəbələ rayon Böyük Əmili kənd İ.Ə.N tərəfindən 04 oktyabr 2019-cu il tarixdə verilmiş AZ-T № 017110 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 26 iyul 2010-cu il tarixdə İddiaçı ilə rəsmi nikaha girmiş və bu barədə Qəbələ rayon Böyük Əmili kənd İ.Ə.N tərəfindən 10 nömrə ilə nikah qeydi aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Əzizov, arvada Hüseynova soyadı verilmişdir. İş materiallarında olan Qəbələ rayon Böyük Əmili kənd İnzibati ərazi dairəsi tərəfindən 05.07.2011-ci il tarixdə verilmiş AZ-İİ № 713402 saylı doğum haqqında şəhadətnamədən görünür ki, x4 06 iyun 2011-ci il tarixdə Qəbələ şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Qəbələ rayon Böyük Əmili kənd İ.Ə.N tərəfindən 28.09.2019-cu il tarixdə verilmiş AZ-İV № 335779 saylı doğum haqqında şəhadətnamədən görünür ki, x5 14 yanvar 2014-cü il tarixdə Qəbələ şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 2(025)-75/2020 saylı, 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə ddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 26 iyul 2010-cu il tarixdə bağlanmış və Qəbələ rayon Böyük Əmili kənd İ.Ə.N tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 06 iyun 2011-ci il təvəllüdlü x2 və 14 yanvar 2014-cü il təvəllüdlü x3 anaları İddiaçı yanında qalmaları qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən iki övladı anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşamışlar. Hazırda iddiaçı 06 iyun 2011-ci il təvəllüdlü x2 və 14 yanvar 2014cü il təvəllüdlü x3yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/3 miqdarında aliment, eyni zamanda hər ay sabit pul məbləğində hər uşaq üçün 70 manat olmaqla ümumilikdə 140 (bir yüz qırx) manat məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşağın mənafelərini və tərəflərin izahatlarını nəzərə alaraq, aliment tutulmasını məqsədə müvafiq hesab edir. Nəzərə alınmalıdır ki, uşaqlarını saxlamaq atanın borcu olduğu kimi, həm də ananın valideynlik vəzifələrinə aiddir. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aliment tutulur. Məhkəmə iclasında Cavabdeh hal-hazırda Qəbələ rayonu, Savalan kəndində ümumiorta məktəbdə tarix müəllimi vəzifəsində işləməsi öz təsdiqini tapmışdır. Buna görə də məhkəmə hesab edir ki, aliment Ailə Məcəlləsinin 76.1-ci maddəsi ilə müəyyən olunmuş miqdarda, yəni cavabdehin qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə, hesab edir ki, aliment 29.06.2020-ci il tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olan iddialar üzrə iddia ərizəsi verilərkən, 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 500 manatdan çox olduğundan, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 29 iyun 2020-ci il tarixdən başlayaraq 06 iyun 2011-ci il təvəllüdlü x2 və 14 yanvar 2014-cü il təvəllüdlü x3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulub İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar