Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-754/2022 04.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “ümumi borcun bölünməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, ailə münasibətləri üzrə sair mübahisələr) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “ümumi borcun bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İşin halları İddiaçı Cavabdeh qarşı “ümumi borcun bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə "xxxx" ASC-nin Şəki filialından 4000 (dörd min) manat (faiz 1501.80 manat ilə birlikdə) 5501.80 manat alınmış kredit borcunun 1/2 hissəsi yəni 2750.90 (iki min yeddi yüz əlli manat, doxsan qəpik) pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə olan nikahını 16 iyun 2006-cı il tarixində Qəbələ rayon Qeydiyyat şöbəsində 81 nömrə ilə qeydə alınaraq rəsmiləşdirmişlər. Birgə nikahdan 2 övladı anadan olmuşdur. Qəbələ Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli 2(025)- 550/2021 nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə aramızda olan nikah pozulmuş, 01 fevral 2013-cü il təvəllüdlü X3 və 17 mart 2016-cı il təvəllüdlü X1 onun himayəsində qalması və yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 140 manat olmaqla 280 mamat sabit pul məbləğində aliment ondan alınaraq ona verilməsi qət edilmişdir. Hal-hazırda o, cavabdeh şəxslə birgə yaşamır, kirayə mənzildə övladları ilə birgə yaşayır və qarşı tərəf uşaqlara məhkəmə qərarına əsasən təyin olunmuş alimentdən başqa hər hansı xərclərdə (evin kirayə pulu, uşaqların xəstələndikdə müalicə xərcləri və s.) köməklik etmir. Əksinə evlilik dövründə yaşadıqları valideynlərinə məxsus evin təmiri üçün xx.xx.2020-ci il tarixində cavabdeh şəxslə birlikdə gedərək "xxxx" ASC-nin Şəki filialından 4000 (dörd min) manat müddəri 36 ay, kreditin illik faizi 22% olmaqla (ödəniş faiz 1501.80 manat ilə birlikdə 5501.80 manat) kredit götürmüşlər. Bankdan alınan kredit hissə-hissə olmaqla evlilik dövründə yaşadıqları fərdi yaşayış evinin təmirinə xərclənmişdir. Lakin "xxxx" ASC-nin Şəki filialından götürülən kredit hal-haazıradək onun tərəfindən hər ay ödənilir. Bildiyinə görə evlilik dövründə ərlə-arvadın əldə etdiyi əmlak ilə eyni evlilik dövründə yaranmış borc da yarıya bölünməklə ödənilir. O, ilkin olaraq aralarında olan mübahisənin Mediasiya Şurasında həll etmək istəsə də bu baş tutmamışdır. Ona görə də məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə edərək, izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, birgə nigah dövründə İddiaçı gəlirindən heç bir xeyir görməmişdir. İddiaçının dedikləri tamamilə yalandır. Belə ki, xx.xx.2020-ci il tarixində iddiaçı ilə birlikdə gedərək "xxxx" ASC-nin Şəki filialından 4000 manat kredit götürdülər. Lakin həmin pulu iddiaçı yalnız öz şəxsi ehtiyacları üçün xərclədi. Evin təmirindən Aytəkinin heç bir köməyi olmamışdır. Evin təmiri ilə bağlı bütün xərcləri o özü borca xərcə girərək qarşılayıb. Alınan kreditdən evin təmirinə xərcləmək istəsə də iddiaçı buna imkan verməmişdir. Bunun üstündə dəfələrlə aralarında mübahisə, söz-söhbət olmuşdur. Həmçinin iddiaçı evdən çıxıb gedərkən evə külli miqdarda ziyan vuraraq getdi – divar kağızlarını cırdı, qapıları korladı, metlaxları sındırdı. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Eyni Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda ər-arvadın ümumi əmlakının müəyyən edilməsi məhkəmə qaydasında həyata keçirilir. Qeyd olunan Məcəllənin 36.8-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir. Göstərilən Məcəllənin 37.1-ci maddəsinə görə ər-arvadın arasındakı müqavilədə başqa hal nəzərdə tutumayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, iddiaçı "xxxx" ASC ilə İddiaçı arasında (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan xx.xx.2020-ci il tarixli CC/42394/77/13 nömrəli kredit müqaviləsinə əsasən Borc alana 4000 manat məbləğində illik 22 % olmaqla 36 ay müddətinə kredit verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli CC/42394/77/13 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan İddiaçı 4000 manat məbləği illik 22 %-lə, 36 ay müddətinə aylıq 152.76 manat, sonuncu ay isə 155. manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli 2(025)- 550/2021 nömrəli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, cavabdeh İddiaçı ilə iddiaçı Cavabdeh arasında 16 iyun 2006-cı il tarixdə bağlanmış və Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 81 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahlarından anadan olmuş 01 fevral 2013-cü il təvəllüdlü X3 və 17 mart 2016-cı il təvəllüdlü X2 anaları İddiaçı yanında qalmaları, iddiaçı Cavabdeh 07 aprel 2021-ci il tarixdən başlayaraq, 01 fevral 2013-cü il təvəllüdlü X3 və 17 mart 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq cavabdeh İddiaçı verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh 16 iyun 2006-cı il tarixdə birgə nikaha daxil olaraq ailə qurmuşlar. xx.xx.2020-ci il tarixində İddiaçı "xxxx" ASC-nin Şəki filialından illik faizi 22% olmaqla 36 ay müddətinə 4000 (dörd min) manat kredit götürmüşdür. Tərəflər arasında ailə münasibətləri pozulduğundan nikahları məhkəmə qaydasında pozulmuşdur. Hazırda iddiaçı birgə nikah dövründə "xxxx" ASC-nin Şəki filialından 4000 (dörd min) manat (faiz 1501.80 manat ilə birlikdə) 5501.80 manat alınmış kredit borcunun 1/2 hissəsi yəni 2750.90 (iki min yeddi yüz əlli manat, doxsan qəpik) pulun cavabdehdən alınaraq ona verilməsi tələb edir. Məhkəmə iclasında verdiyi ifadəsində, həmçinin iddia tələbində İddiaçı birgə nikah dövründə "xxxx" ASC-nin Şəki filialından 4000 (dörd min) manat (faiz 1501.80 manat ilə birlikdə) 5501.80 manat alınmış kredit borcunun 1/2 hissəsi yəni 2750.90 (iki min yeddi yüz əlli manat, doxsan qəpik) pulun cavabdehdən alınaraq ona verilməsini tələb etsə də, həmin kreditin ümumi ehtiyacları üçün – yaşadıqları fərdi yaşayış evinin təmiri üçün xərcləndiyini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bir sözlə iddiaçı Banka olan borcun ər-arvadın ümumi borcun olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyi üçün iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı “ümumi borcun bölünməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-754/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-754/2022
04.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver