Məhkəmə qərarları › İş №2(025)-944/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-944/2021

01.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-944/2021 01.07.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment və əlavə qulluğa görə pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan doğulmuş 24 iyul 2020-ci il təvəllüdlü X3mın yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin, həmçinin əlavə olaraq X1 3 yaşına çatana kimi baxılmasına görə hər ay 100 (yüz) manat miqdarında pulun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh ilə 2019-cu il tarixində el adəti üzrə toyu olmuş, nikahını 23.07.2019-cu il tarixdə Qəbələ regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsində 275 nömrə ilə rəsmiləşdirmişlər. Birgə nikahdan 24 iyul 2020-ci il tarixində X3 anadan olmuşdur. Ailə qurduğu ilk günlər münasibətləri normal olmuş, aralarında heç bir narazılıq olmamışdır. Lakin bir müddətdən sonra münasibətləri pozulmuş, xasiyyətləri uyğun gəlməmiş, teztez ailədə söz-söhbət və mübahisələr baş vermişdir. Ötən ilin iyul ayının sonlarından uşağın xəstəliyi ilə əlaqədar məcburi olaraq cavabdehdən ayrılaraq valideynlərinə məxsus evə köçmüşdür. Halhazırda valideynlərinə məxsus evdə yaşayır. Uşaq onun himayəsində olduğundan onun saxlanılması üçün yeməyə, geyimə, müalicəyə və digər ehtiyyaclara tələbatı yaranmışdır. Onun təkbaşına onu böyütmək üçün müvafiq xərclərini ödəməyi mümkün deyildir. Belə ki, o, heç bir yerdə işləmir, körpə uşağına baxır. Uşağının təminatına valideynləri köməklik edirlər. Hesab edir ki, cavabdeh fərdi fəaliyyətlə məşğuldur və uşağının saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində aliment ödəməyə maddi imkanı çatır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, Onların birgə nikahdan 24 iyul 2020-ci il tarixdə X3 adlı övladı dünyaya gəlmişdir. Uşağın tələbatları ilə maraqlanmışdır. Uşağı xəstə olduğu üçün kredit götürmüşdür. Özü Bakıda fəhlə işləyir. Maddi vəziyyəti pisdir. Yalnız 100-120 manat aliment ödəyə bilər. Odur ki, iddia tələbinin qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Qəbələ regional “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 23 iyul 2019-cu il tarixdə verilmiş AZ-lİ № 310977 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 23 iyul 2019-cu il tarixdə X4 ilə rəsmi nikaha girmiş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 275 nömrə ilə qeydi aparılmışdır. Nikah bağlandıqdan sonra ərə İmranov, arvada İmranova soyadı verilmişdir. İş materiallarında olan AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 24 iyul 2020-ci il tarixdə anadan olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən bir övladı anadan olmuşdur. Hazırda iddiaçı onun himayəsində olan 24 iyul 2020ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 175 (bir yüz yetmiş beş) manat məbləğində və 3 yaşına çatana kimi baxılmasına görə hər ay 100 (yüz) manat miqdarında alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə uşağın mənafelərini nəzərə alaraq, aliment tutulmasını məqsədə müvafiq hesab edir. Ancaq məhkəmə alimentin 175 manat həddində tutulmasını ədalətli və qanuna uyğun hesab etmir. İddiaçı alimentin cavabdehin ödəmək imkanına malik olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəzərə alınmalıdır ki, uşaqlarını saxlamaq atanın borcu olduğu kimi, həm də ananın valideynlik vəzifələrinə aiddir. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehdən 24 iyul 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə, hesab edir ki, aliment 04 iyun 2021-ci il tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Ailə Qanunvericiliyinə əsasən valideyn övladının digər zəruri xərclərinin təmin edilməsində iştiraka cəlb edilə bilər (Ailə Məcəlləsinin 81-ci maddəsi). Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında və məhkəməyə təqdim etdiyi sənədlərdə cavabdehdən uşağın 3 yaşına çatana kimi baxılmasına görə hər ay 100 (yüz) manat miqdarında pulun Cavabdeh tutulmasını iddia etsə də, tələbini əsaslandıra bilməmiş və iddiasının əsası kimi məhkəməyə mötəbər sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olan iddialar üzrə iddia ərizəsi verilərkən, 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 500 manatdan çox olduğundan, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 04 iyun 2021-ci il tarixdən başlayaraq 24 iyul 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. X2 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar