Məhkəmə qərarları › İş №2(025)-947/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-947/2021

02.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-947/2021 02.07.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 08.08.2019-cu il tarixdə doğulmuş X1 üçün 175 manat sabit pul məbləğində aliment tutulması, həmçinin 08.08.2019-cu il tarixdə doğulmuş X3 3 yaşına çatanadək, əlavə olaraq Cavabdeh hər ay 100 manat olmaqla, maddi yardım tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 13 aprel 2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından 08.08.2019-cu il tarixdə X6 adlı qızları doğulmuşdur. 2021-ci ilin aprel ayının əvvəllərində ər evindən ata evinə qonaq gəlmişdir. Daha sonra cavabdeh onu evə qaytarmamışdır. Aralarında mübahisələr, problemlər artmışdır. Belə ki, cavabdeh içki içir, nalayiq ifadələr işlədir. Hazırda atası evində olduğu müddətdə də gecələr gəlir, onları narahat edir. Hazırda aralarında olan nikah pozulmamışdır, düşünür ki, barışıb bir ailə kimi yaşaya bilərlər. Uşağın onun himayəsində olmasına baxmayaraq cavabdeh uşaqların saxlanılması ilə maraqlanmamış, könüllü şəkildə heç bir maddi vəsait və aliment ödəməmişdir. Odur ki, birgə nikahlarından olan uşaqlarının 18 yaşı tamam olan günədək saxlanılması üçün alınmasına dair məsələyə məhkəmə qaydasında baxılıb həll edilməsi üçün hazırki iddia ərizəsi ilə müraciət edir. Bir ildən artıq vaxt keçməsinə baxmayaraq cavabdeh könüllü olaraq aliment ödəməkdən yayınır. Cavabdeh uşağın saxlanılmasına yardım etmək imkanındadır. Qeyri rəsmi gəlirləri vardır. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki, iddiaçı ilə nikahları hal-hazırda pozulmamışdır. Özü hal-hazırda ofisiant işləyir və yay aylarında gündəlik maaşı 11-12 manat, qış aylarında isə 8-9 manatdır. İddiaçının iddia ərizəsində tələb etdiyi aliment məbləğini ödəməyə imkanı çatmır. Məhkəmədən göstərilənlərin nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20.05.2021-ci il tarixli, AZ-T seriyalı, 030989 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X5 13 aprel 2017-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 06 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada Abdullayeva soyadı verilmişdir. İş materiallarında olan Qəbələ regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 07.05.2021-ci il tarixdə verilmiş AZ-T № 164637 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 08 avqust 2019-cu il tarixdə Qəbələ rayonunda anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 may 2021-ci il tarixli, 849 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanda yaşayır. Beləliklə, məhkəmədə tərəfin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər 13.04.2017-ci il rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar. Birgə nikahdan 08.08.2019-cu il tarixdə Şəhnalə adlı uşaqları doğulmuşdur, tərəflər arasındakı nikah rəsmi qaydada pozulmamış, tərəflərin birgə nikahından anadan olmuş, 08 avqust 2019-cu il təvəllüdlü X6 anası İddiaçı yanındadır. İddiaçı iddia ərizəsində uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 (bir yetmiş beş) manat sabit pul məbləğində aliment və əlavə olaraq uşağın 3 yaşına çatanadək saxlanılması ilə əlaqədar 100 manat məbləğində alimentin tutulmasını xahiş etmişdir. Cavabdeh isə ofisiant işlədiyini, iddia ərizəsində göstərilən qədər aliment ödəməyə imkanı olmadığını bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2021-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə 08 avqust 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 120 (bir yüz iyirmi) manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlir. Məhkəmə belə qənaətə gələrkən cavabdehin qazancı barədə iddiaçının hər hansı bir sübut təqdim etməməsini, iddiaçının cavabdehin hər ay 175 manat məbləğində aliment ödəmə qabiliyyətinə malik olmasına və əlavə gəlirlərinin olmasına dair iddiada hər hansı sübut təqdim etməməsini, övladlara baxmağın ananın vəzifəsi olduğu kimi, atanında vəzifəsi olmasını nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsaəsn hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikddir. Məhkəmə hesab edir ki, iddia tələbi uşağa görə əlavə xərc olaraq 3 il ərzində hər ay üçün 100 (bir yüz) manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində qismən təmin edilməli, 08 avqust 2019-cu il təvəllüdlü X4 3 yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində 50 (əlli) manat aliment tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə belə qənaətə gələrkən, ananın azyaşlı uşağa qulluq ilə əlaqədar heç bir yerdə işləməsini nəzərə alır.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə 07.06.2021-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə tərəfin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 07.06.2021-ci il tarixdən başlayaraq, 08 avqust 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat məbləğində aliment və uşağ 3 yaşına çatanadək hər ay 30 (otuz) manat məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin olunmamalı, qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutulmalı dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 07.06.2021-ci il tarixdən başlayaraq, 08 avqust 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat məbləğində aliment və uşağ 3 yaşına çatanadək hər ay 30 (otuz) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar