Məhkəmə qərarları › İş №2(025)-980/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-980/2023

20.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-980/2023 20.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, alimentin həcminin artırılması) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından olan uşaqları 18 avqust 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin və uşağın xəstəliyi ilə əlaqədar əlavə xərc olaraq müalicəsi üçün hər ay 200 (iki yüz) manat məbləğində pul vəsaitinin və Mediasiya Təşkilatına ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh ilə 2016-cı il tarixində el adəti üzrə toyları olmuş, ailə qurmuşdur. Nikahları 24 iyul 2017-ci il tarixdə İmişli rayon Qeydiyyat şöbəsində 279 nömrə ilə qeydə alaraq rəsmiləşdirmişdilər. Birgə nikahlarından 18 avqust 2017-ci il təvəllüdlü X3 anadan olmuşdur. Ailə qurduqları ilk günlər münasibətləri normal olmuş, aralarında heç bir narazılıq olmamışdır. Sonradan təxminən 3 ildən çoxdur ki, münasibətləri pozulub. Hal-hazırda o cavabdeh şəxslə birlikdə yaşamır, təxminən 3 ilə yaxındır ki, övladı ilə birlikdə valideyninin yaşadığı evə köçərək orada yaşayır və uşağın maddi təminatı ilə cavabdeh şəxs Rusiya Federasiyasında yaşayır və maraqlanmır. Belə ki, o heç bir yerdə işləmir, yalnız ev işləri ilə məşğul olur. Uşağın saxlanılması üçün yeməyə, geyimə, müalicəyə və digər ehtiyyaclara tələbatı vardır. Onun təkbaşına onları böyütmək üçün müvafiq xərclərini ödəməyi mümkün deyildir. Belə ki, uşağın təminatına valideynləri köməklik edirlər. Digər tərəfdən uşaq X3 1 ilə yaxındır “sümük” xəstəliyindən əziyyət çəkir, müntəzəm olaraq həkim müayinəsinə və müalicəsinə ehtiyacı var. Müalicə hər ayda 2-3 dəfə Bakı şəhərində aparıır, həkimə və dərmanlara ödənilən ödəniş və gediş-gəliş haqqı ilə birlikdə hər dəfə 300 manat civarnda başa gəlir. Cavabdeh şəxs isə əlavə xərclərdə iştirak etmir və köməklik göstərmir. Ona görə də cavabdeh şəxsdən aliment məbləğinin qanunla hər bir uşaq üçün yaşayış minimumuna uyğun tərzdə tutulmasını və uşağın xəstəliyi ilə əlaqədar müalicəsi üçün hər ay ödənilən əlavə xərc kimi pul vəsaitinin tutularaq ona verilməsini istəyir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ- T 040140 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə X2 ilə rəsmi nikaha girmiş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 279 nömrə ilə qeydi aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən 14 oktyabr 2022-ci il tarixdə verilmiş AZ-T 197305 nömrəli doğum haqqında arayışdan görünür ki, X3 18 avqust 2017-ci il tarixdə anadan olmuşdur. Bu barədə 20 dekabr 2017-ci il tarixdə 1662 nömrəli akt qeydi İmişli rayon Qeydiyyat şöbəsində tərtib edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə uşağın mənafeyini nəzərə alaraq, aliment tutulmasını məqsədə müvafiq hesab edir. Ancaq məhkəmə alimentin 220 manat həddində tutulmasını ədalətli və qanuna uyğun hesab etmir. İddiaçı alimentin cavabdehin ödəmək imkanına malik olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəzərə alınmalıdır ki, uşaqlarını saxlamaq atanın borcu olduğu kimi, həm də ananın valideynlik vəzifələrinə aiddir. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahlarından anadan olmuş 18 avqust 2017-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment və mediasiya xərci 50 (əlli) manat tutularaq İddiaçı verilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olan iddialar üzrə iddia ərizəsi verilərkən, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 24 may 2023-cü il tarixdən başlayaraq, 18 avqust 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh Mediasiya Təşkilatına ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı verilsin. Cavabdeh 39 (otuz doqquz) manat 20 (iyirmi) qəpik məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar