Məhkəmə qərarları › İş №2(026)-352/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-352/2025

30.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-352/2025 30.06.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 12 may 2025-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 aprel 2024cü ildə anadan olmuş qızı Aysunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,5 misli miqdarında alimentin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, həmkəndlisi Cavabdeh ilə el adəti üzrə toy edib evlənmiş, lakin nikahlarını rəsmiləşdirməmişdir. Onların birgə qeyri-rəsmi nikahlarından 06 aprel 2024-cü il tarixdə Aysun adlı uşaqları anadan olmuşdur. Evləndikləri gündən münasibətləri normal olmamışdır. Ona görə də uşaq doğulduqdan sonra xəstəxanadan valideynlərinin yanına getmişdir və hazırda da orada yaşayır. Bu müddət ərzində cavabdeh nə onunla, nə də uşağı ilə maraqlanmamış və onlara heç bir maddi köməklik etməmişdir. Aysunun saxlanılması üçün cavabdehin maddi yardımına ehtiyacı var. Ona görə də 06 aprel 2024-cü ildə anadan olmuş qızı Aysunun yetkinlik yaşına çatanadək saxlanılması üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,5 misli miqdarında alimentin alınması barədə qətnamə çıxarılmalıdır. Alimentin alınması ilə əlaqədar mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh həmin təşkilata gəlmədiyindən imtina olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək bildirdi ki, cavabdehlə qeyri-rəsmi nikahlarından 06 aprel 2024-cü ildə Aysun adlı uşaqları doğulmuş, cavabdehin atalığı müəyyən edilmişdir. Hazırda o, uşağını təkbaşına saxlamaqda çətinlik çəkir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən hər ay uşağın saxlanılmasına görə 600 manat məbləğində aliment tutulmasını istəyir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, o, iddiaçının ondan tələb etdiyi məbləğdə aliment ödəmək imkanına malik deyil. Belə ki, özü cəmi 400 manat aylıq əmək haqqı alır və qızının saxlanılması üçün iddiaçıya ayda cəmi 100 manat aliment ödəmək iqtidarındadır. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb, onlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə surəti olan AZ-İ 485334 seriya nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 06 aprel 2024-cü ildə İddiaçı doğulmuş X2 atası hesab edilmiş, bu barədə 1 saylı Sumqayıt “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 22 aprel 2024-cü ildə 149 nömrə ilə qeyd edilmişdir. İşdə surəti olan AZ-İV 990621 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 06 aprel 2024-cü il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Cavabdeh barəsində məlumatların sorğulanması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" MMC-də ərazi gözətçisi vəzifəsində işləyir və aylıq 400 manat əmək haqqı alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına əlavə edilmiş 8.4-1-ci bənddə göstərilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. İş materialları ilə müəyyən edilir ki, tərəflər rəsmi nikah bağlamadan faktiki nikah münasibətlərində olmuş, bu münasibətdən 06 aprel 2024-cü ildə Aysun adlı qız doğulmuşdur. Daha sonra cavabdeh 06 aprel 2024-cü ildə iddiaçıdan doğulmuş Aysunun atası hesab edilmiş, atalığın müəyyən edilməsi və doğum haqqında şəhadətnamələr tərtib olunmuşdur. Hazırda Aysunun iddiaçı ilə qalması işin mübahisəsiz halıdır. İddiaçı uşağı təkbaşına saxlamaqda çətinlik çəkdiyinə istinad edib cavabdehə qarşı aliment tələbi ilə məhkəməyə müraciət edərək, Aysunun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,5 misli miqdarında alimentin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh isə məhkəmə iclasında hər ay cəmi 100 manat məbləğində aliment ödəyə biləcəyini qeyd etmiş, bunu özünün aylıq 400 manat əmək haqqı alması ilə əlaqələndirmişdir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə uyğun olaraq cavabdehin maddi vəziyyətini və həmin maddəyə dair Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini də nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbinin tam şəkildə təmin edilməsi cavabdehi özünün saxlanılması üçün minimum tələbatlarını ödəmək imkanından məhrum edəcəkdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən hüquqi yanaşmasını nəzərə alan məhkəmə bildirir ki, cavabdehin rəsmi gəlirinin azlığı onu uşağını saxlamaq və onun maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Bu zaman həm də o nəzərə alınmalıdır ki, alimentin məbləği müəyyən edilərkən uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasına əhəmiyyət verilməlidir. Bu səbəbdən də ayda cəmi 400 manat əmək haqqı aldığına istinad etməklə hər ay uşağın saxlanılması üçün cəmi 100 manat məbləğində aliment ödəyə biləcəyinə dair cavabdehin bildirdiklərini də məhkəmə əsaslı hesab etmir. Göstərilənləri nəzərə alan məhkəmə iddiaçıya ödənilməli olan aliment məbləği ilə bağlı qeyd edir ki, məhkəməyə müraciət edildiyi 12 may 2025-ci il tarixdən başlayaraq 06 aprel 2024-cü il təvəllüdlü Hüseyinova (İsmiyeva) Aysun Zahid qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin tutulması məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 12 may 2025-ci il tarixdən başlayaraq 06 aprel 2024-cü il təvəllüdlü Hüseyinova (İsmiyeva) Aysun Zahid qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməli, iddia tələbinin təmin edilmiş hissəsində qətnamə dərhal icra edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 230, 233, 234 və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia qismən təmin edilsin. 12 may 2025-ci il tarixdən başlayaraq 06 aprel 2024-cü il təvəllüdlü Hüseyinova (İsmiyeva) Aysun Zahid qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddia tələbinin təmin edilmiş hissəsində qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar