Məhkəmə qərarları › İş №2(026)-381/2025

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-381/2025

05.06.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-381/2025 05.06.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 6 saylı X1 Mərkəzinin Cavabdeh qarşı “icarə müqaviləsinə xitam verilməsi, icarəyə verilmiş torpaq sahəsində olan tikililərin sökülərək icarəyə verilmiş torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməklə iddiaçıya qaytarılması tələbinə dair” iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 6 saylı X1 Mərkəzi Cavabdeh qarşı iddia ərizəsi ilə Qobustan Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 29 dekabr 2017-ci il tarixli, 06 nömrəli icarə müqaviləsinə xitam verilməsi, icarəyə verilmiş torpaq sahəsində olan tikililərin sökülərək icarəyə verilmiş torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Departamentinin (hazırda Meşələrin İnkişafı Xidmətinin) Şamaxı X1 Mərkəzi (hazırda 6 saylı X1 Mərkəzi) Azərbaycan Respublikası Meşə Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 1998-ci il tarixli, 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədənisağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə Qaydaları”na əsasən cavabdeh ilə 29 dekabr 2017-ci il tarixdə 06 nömrəli istifadə müqaviləsi bağlamışdır. Belə ki, Şamaxı X1 Mərkəzi ilə (bundan sonra Mərkəz) cavabdeh arasında bağlanılmış 29 dekabr 2017-ci il tarixli, 06 nömrəli müqaviləyə əsasən, Mərkəzin Şamaxı meşəbəyliyinin 22-ci kvartalının 13-cü bölməsində meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü (meşə ilə örtülü olmayan) sahədən turizmrekreasiya məqsədilə 1,0 ha sahə 2 il müddətinə Cavabdeh verilmişdir. İddiaçının əməkdaşları tərəfindən icarəyə verilmiş sözügedən torpaq sahələrinə 18 mart 2025-ci il tarixdə baxış keçirilərkən 14×13×3 metr ölçüdə mişar daşından tikilmiş bina, 9×3,5×3 metr ölçüdə mişar daşından otaq, 3×3×2 metr ölçüdə talvar, 3 ədəd 3×3,5×2 metr ölçüdə daşdan tikilmiş sanitar qovşağı, 9×3×3 metr ölçüdə otaq, 2,5×3×2 metr ölçüdə talvar, 8×4×2 metr ölçüdə daşdan tikilmiş anbar kimi bir çox faktlar müəyyən edilmişdir. Aşkar edilmiş faktlar barədə 18 mart 2025-ci il tarixdə 63 saylı akt tərtib edilmişdir. Sözügedən müqavilənin 2.1 və 2.2-ci bəndlərini pozduğundan cavabdeh ilə bağlanmış icarə müqaviləsinə xitam verilməsi barədə təklif, müvafiq təklifə ona daxil olduğu vaxtdan 15 gün müddətində rəsmi cavab verməklə razılaşıb və ya imtina etdiyi barədə mövqeyinin bildirilməsi xahiş edilən iddiaçının 06 mart 2025-ci il tarixli xəbərdarlıq məktubu ünvanlanmışdır. Sözügedən xəbərdarlıq məktubunun 10 mart 2025-ci il tarixdə ünvanına daxil olmasına baxmayaraq, cavabdeh tərəfindən məktubda qeyd edilən müddətdə hər hansı cavab iddiaçıya daxil olmamışdır. Cavabdeh icarəyə götürdüyü torpaq sahəsini təyinatı üzrə istifadə etməməklə, icarə müqaviləsinin şərtlərinə, meşə və torpaq qanunvericiliyinin tələblərinə riayət etməməklə və icarəyə verənin razılığı olmadan icarəyə götürülmüş torpaq sahəsində əlavə tikinti və quraşdırma işləri aparmaqla müqavilə şərtlərini əhəmiyyətli dərəcədə və qanunvericiliyin tələblərini pozmuşdur. Qobustan Rayon Məhkəməsinin 23 may 2025-ci il tarixli, 2(026)-381/2025 saylı qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 6 saylı X1 Mərkəzinin Cavabdeh qarşı “icarə müqaviləsinə xitam verilməsi, icarəyə verilmiş torpaq sahəsində olan tikililərin sökülərək icarəyə verilmiş torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməklə iddiaçıya qaytarılması tələbinə dair” iddia ərizəsinin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 153.2.1-ci maddəsinə əsasən imtina edilmiş, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 6 saylı X1 Mərkəzinə verilməsi qərara alınmışdır. Qobustan Rayon Məhkəməsinin 23 may 2025-ci il tarixli, 2(026)-381/2025 saylı qərardadından narazı qalan iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 6 saylı X1 Mərkəzi şikayət vermiş, şikayətində həmin qərardadın ləğv edilməsini və iddia ərizəsinin MPM-in 152.1.3-cü maddəsinə uyğun olaraq geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, qərardadın məzmunu ilə tanış olduqda məlum olmuşdur ki, sözügedən iddia ərizəsi ilə müvafiq kommersiya məhkəməsinə müraciət etməlidir. Lakin hesab edir ki, Qobustan Rayon Məhkəməsinin 23 may 2025-ci il tarixli, 2(026)-381/2025 saylı qərardadı ilə gəlinən nəticə onun əsaslandırma hissəsinə uyğun olmamışdır. Belə ki, iddia ərizəsinin qəbul edilməsindən ona mülki məhkəmə icraatında baxılmalı olmaması əsası ilə imtina edilməsi hazırda iddiaçının həmin tələblə kommersiya məhkəməsinə müraciət etmək imkanını aradan qaldırır. Ona görə də həmin qərardadın ləğv edilməsi, iddia ərizəsinin Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə uyğun olaraq işin məhkəmə aidiyyəti üzrə Qobustan Rayon Məhkəməsində baxılmalı olmaması əsası ilə geri qaytarılması zərurəti mövcuddur. Qobustan Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, 2(026)-381/2025 saylı qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 6 saylı X1 Mərkəzi tərəfindən verilmiş şikayət təmin edilmiş, Qobustan Rayon Məhkəməsinin 23 may 2025-ci il tarixli, 2(026)-381/2025 saylı qərardadı ləğv edilmişdir. Bundan sonra yenidən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 6 saylı X1 Mərkəzinin Cavabdeh qarşı “icarə müqaviləsinə xitam verilməsi, icarəyə verilmiş torpaq sahəsində olan tikililərin sökülərək icarəyə verilmiş torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməklə iddiaçıya qaytarılması tələbinə dair” iddiasına məhkəmə aidiyyəti üzrə Qobustan Rayon Məhkəməsində baxılmalı deyil, həmin iddianın kommersiya məhkəməsinə aidliyi müəyyən edilir. MPM-in 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 24.3-cü maddəsinə əsasən, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. İşdəki “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Cavabdeh barəsində sorğulanmış məlumatlardan görünür ki, o, ********** qeydiyyat sayı ilə (VÖEN) Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisi kimi uçota alınmışdır. Həmin VÖEN üzrə fəaliyyət istiqaməti kimi “yeməklərin satışı ilə əlaqədar sair xidmətlərin göstərilməsi”, fəaliyyət obyekti kimi isə ““Şirvan” yeməkxanası” göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli Qərarının 23-cü bəndində qeyd edilir ki, mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Göründüyü kimi, işdə iştirak edən şəxslərdən biri hüquqi şəxs (dövlət orqanı) olmaqla, cavabdeh isə hüquqi yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan və vergi ödəyicisi kimi qeydə alınmış şəxsdir. Bu isə işdə iştirak edən şəxslərin subyektiv tərkibinin mübahisənin kommersiya məhkəməsinə aidliyini göstərir. Bununla yanaşı, mübahisənin predmeti olan və sökülməsi tələb edilən tikililərin fotoşəkillərindən və onların xarakterindən görünür ki, sözügedən tikililər cavabdehin vergi ödəyicisi olaraq qeydə alındığı fəaliyyət istiqamətlərinə uyğun olaraq sahibkarlıq fəaliyyətinin bilavasitə həyata keçirildiyi obyektlərdir. Mübahisənin predmeti kimi sökülməsi tələb olunan obyektlər də mübahisənin kommersiya xarakterli olmasına dəlalət edir. Ali Məhkəmə Plenumunun yuxarıda qeyd edilən Qərarının 17-ci bəndində qeyd edilmişdir ki, MPM-in 30-cu maddəsinin tətbiqi ilə bağlı əlavə olaraq nəzərə alınmalıdır ki, maddənin məzmunu baxımından məhkəmənin baxış predmetini ilk növbədə məhz bir-biri ilə əlaqədar olan və birlikdə baxılması mümkün olan (MPM-in 149.3, 152.1.7-ci maddələrinin tələblərinə uyğun olaraq) tələblər təşkil etməlidir, digər tərəfdən isə həmin tələblərdən ən azı biri və yaxud əsas tələb üzrə mübahisənin hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır (bu Qərarın 13-cü bəndi). Tələblər bu şərtlərə cavab verdiyi halda subyekt tərkibinin istənilən kompozisiyası mümkündür. Qeyd edilənlər baxımından məhkəmə belə qənaətə gəlir ki, iddiaçının cavabdehə qarşı olan hazırkı iddiası MPM-in 152.1.3-cü maddəsinə uyğun olaraq geri qaytarılmalıdır. MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutub QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 6 saylı X1 Mərkəzinin Cavabdeh qarşı “icarə müqaviləsinə xitam verilməsi, icarəyə verilmiş torpaq sahəsində olan tikililərin sökülərək icarəyə verilmiş torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməklə iddiaçıya qaytarılması tələbinə dair” iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar