Məhkəmə qərarları › İş №2(026)-399/2021

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-399/2021

20.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-399/2021 20.10.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, iddiaçı İddiaçı və cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı 25 dekabr 2008-ci tarixdə anadan olmuş övladı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment alınıb ona verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 25 dekabr 2008-ci tarixdə anadan olmuş övladı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə 1997-ci ildə qohumluq əlaqəsi ilə tanış olub evlənmişlər, lakin nikahlarını rəsmiləşdirməmişlər. 01 dekabr 1999-cu il tarixdə Şəbnəm, 26 oktyabr 2001-ci il tarixdə Şəfəq və 25 dekabr 2008-ci il tarixdə Tərlan adlı üç övladları olmuşdur. On bir il bir yerdə ər-arvad kimi yaşamışlar və 2008-ci il tarixdə Tərlan anadan olmamışdan iki ay əvvəl Mehmanla ayrılmışlar. Hazırda onunla birlikdə yaşamırlar. İki övladları yetkinlik yaşına çatmışdır, atası ilə birlikdə yaşayır. Övladı Tərlan isə onun yanında qalır. Tərlan böyüdükcə xərcləri artır, müəllim yanına hazırlığa gedir. Özü maqazində satıcı işləməklə aylıq 200 manat əmək haqqı alır. Lakin Tərlanın saxlanılması üçün kifayət etmir, ona görə də Mehmanın maddi yardımına ehtiyacı vardır. 25 dekabr 2008-ci tarixdə anadan olmuş övladı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı ilə 1997-ci ildə evlənmişlər, onların bu evlilikdən 01 dekabr 1999-cu il tarixdə Şəbnəm, 26 oktyabr 2001-ci il tarixdə Şəfəq və 25 dekabr 2008-ci il tarixdə Tərlan adlı üç övladları olmuşdur. On bir il bir yerdə ər-arvad kimi yaşamışlar. 2008-ci il tarixdə Təranə onlardan ayrılıq valideynlərinin yanına getmişdir, oğlu Tərlan da orada dünyaya gəlmişdir. Təranə evdən çıxarkən qızları Şəfəq və Şəbnəmi özü ilə aparmamışdır. Həmin vaxtdan qızlarını özü saxlayır və hazırda qızları Şəfəq və Şəbnəm Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında təhsil alırlar. Şəbnəm İV kurs tələbəsi olmaqla illik təhsil haqqı 1800 manat, Şəfəq isə İİİ kurs tələbəsi olmaqla illik təhsil haqqı 1500 manatdır. Bundan başqa onların qalmaları üçün kirayə tutduğu evin kommunal xərci 150 manat və onların geyimləri və ərzaqları üçün xeyli vəsait xərcləyir. Ona görə də qızları Şəfəq və Şəbnəmin bütün xərclərini tək müəllim əmək haqqından ödəməsini və başqa gəlir yerinin olmamasını nəzərə alaraq iddianın qismən təmin edilərək Tərlanın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat aliment kəsilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan Qobustan rayon qeydiyyat şöbəsinin verdiyi AZ-İ seriyalı 361585 saylı doğum atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 25 dekabr 2008-ci il tarixdə anadan olmuş Tərlanın atası hesab edilmişdir. Qobustan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV 251739 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 25 dekabr 2008-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçı qızıdır. Mediasiya prosesinə xitam verilməsi barədə 20 oktyabr 2021-ci il tarixli protokolda göstərilir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair müraciəti ilə əlaqədar tərəflərdən biri mediasiya prosesində iştirak etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.3-cü maddəsinə əsasən, yəni tərəflər və ya onlardan biri mediasiya prosesundən imtina etdikdə mediasiya prosesinə xitam verilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qanunun bu tələblərinə əsasən məhkəmə uşağın anası İddiaçı qızının yanında olmasını, valideynlər arasında uşaqlara aliment ödənilməsi barədə saziş olmamasını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq Cavabdeh oğlundan hər ay 120 manat sabit pul məbləğində aliment tutulub 25 dekabr 2008-ci il tarixdə anadan olmuş Tərlanın yetkinlik yaşına çatanadək saxlanılması üçün 20 sentyabr 2021-ci il tarixdən başlayaraq üçün Cavabdeh hər ay 120 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 sayı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu BMT-nin “Uşaq hüquqları haqqında” 20 noyabr 1989-cu il tarixli Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndində göstərilir ki, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istərsə bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvercilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyət valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Avropa Konvensiyasının 2-ci maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər uşağın, onun valideynlərinin və qanuni qəyyumlarının irq, dərinin rəngi, cins, dil, din, siyasi və ya digər baxışlar, milli, etnik və ya sosial mənşə, əmlak vəziyyəti, əlillik, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik qoymadan yurisdiksiyaları daxilində olan hər bir uşağın bu Konvensiyada nəzərdə tutulmuş bütün hüquqlarına hörmət edir və onları təmin edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı hər ay 200 manat sabit pul məbləğində aliment tələbinə dair iddiası qismən təmin olunmalı, Cavabdeh 25 dekabr 2008ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Aliment məhkəməyə müraciət edildiyi tarixdən, yəni 20 sentyabr 2021-ci il tarixdən tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununun tələblərini nəzərə almaqla məhkəmə hesab edir ki, Cavabdeh 44 manat dövlət rüsumu tutularaq Qobustan rayon məhkəməsinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 25 dekabr 2008-ci tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 20 sentyabr 2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 120 manat sabit pul məbləğində aliment alınıb İddiaçı Ağakərim qızına verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununun tələblərini nəzərə almaqla Cavabdeh Ağakərim oğlundan 44 manat dövlət rüsumu tutularaq Qobustan rayon məhkəməsinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar