Məhkəmə qərarları › İş №2(026)-497/2024

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-497/2024

06.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-497/2024 06.11.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş mənəvi zərərin ödənilməsi tələbinə dair” ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı “dəymiş mənəvi zərərin ödənilməsi tələbinə dair” qarşılıqlı iddiaları ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş hadisə nəticəsində ona dəymiş 1000 manat məbləğində mənəvi zərərin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 1(060)-340/2023 nömrəli hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə bəraət verilərək təqsirsiz elan edilməsi hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-461/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 1(060)-340/2023 nömrəli hökmü xüsusi ittihamçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayəti CM-in 147.1-ci və 148-ci maddələrinin tələbləri rəhbər tutularaq onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi İddiaçı özünü təqsirli bilməməsi barədə verdiyi ifadənin müdafiə xarakterli olmasını nəzərə almayaraq onun əməllərinin CM-in 147.1-ci və 148-ci maddələrinin tələbləri baxımından heç bir əsas olmadan bəraət hökmü çıxartmışdır. Cavabdeh xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, onun və qızı Rəqsanə barəsində “TikTok” internet saytında “@ilhamekərimova361” adlı səhifənin İddiaçı məxsus olmaqla bu məlumatların onun tərəfindən yayıldığını və bu məlumatlar əsasında onun və qızının şərəf və ləyaqətinə ləkə gətirən hərəkətlərə yol verildiyini göstərmiş, lakin nəzərdə tutulmuş əməlləri törətməsini heç bir vasitə ilə sübuta yetirməmişdir. “TikTok” internet saytında olan “@ilhamekərimova361” adlı profil ona aid deyil və nalayiq ifadələr onun tərəfindən yazılmamışdır. “TikTok” sosial şəbəkəsində olan bu profilin ona – İddiaçı məxsus olması, nalayiq ifadələrin Cavabdeh tərəfindən yazılması və böhtan atması barədə heç bir mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən, onun hərəkətlərində qeyd edilən cinayətin tərkib əlamətləri müəyyən edilməmişdir. Ona görə də barəsində verilmiş hökmün nəticəsi tamamilə qanuni və əsaslıdır. Lakin bu hadisə onun həyatına mənfi təsir göstərmiş, maddi və mənəvi cəhətdən əziyyət çəkməsinə səbəb olmuşdur. Məhkəməyə barəsində Azərbaycan Respublikası CM-nin 147.1-ci və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında şikayət verilməsi ona qarşı şərəf və ləyaqətini alçaldan hərəkətlərdir. Bu səbəbdən dəymiş mənəvi zərər Cavabdeh tutularaq ona ödənilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş hadisə nəticəsində ona dəymiş 2000 manat məbləğində mənəvi zərərin və ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, o, 36-37 ildir ki, Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsində yerləşən 35B saylı fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Bu müddətdə yaşadığı yerdə ondan və ailə üzvlərindən heç bir şikayət olmamışdır. Yalnız son 6-7 ildə qonşuluğunda yaşayan ana-bala olan İlhamə və Naxış Kərimovalardan başqa onlardan (anası Cəmilə Vəliyevadan) şikayət edən olmamışdır. Qonşuluğunda yaşayan X1 və onun qızı İddiaçı son 6-7 ildə qonşularla daim münaqişələr yaradır, qəsdən hüquq-mühafizə orqanlarına bilə-bilə yalan məlumatlar verir, şər-böhtan xarakterli şikayətlər edirlər. Son illərdə isə onlar daha da fəallaşmışlar və haqsız, şərböhtan xarakterli şikayətlərini davam etdirirlər. Qonşuları narahat edirlər. 1-2 il bundan əvvəl onlar anası Vəliyeva Cəmiləni döyərək xəsarət yetirmişlər və bununla əlaqədar olaraq İddiaçı məhkəmə hökmünə əsasən məhkum olunmuşdur. 2022-ci ilin iyun ayında İddiaçı yenidən onun anası Cəmilə Vəliyevaya şər-böhtan ataraq şikayət etmiş, lakin onun şikayəti ilə əlaqədar işin icraatına Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2941/2022 saylı, 11 noyabr 2022-ci tarixli qərarı ilə xitam verilmişdir. Həmin qərardan İddiaçı apellyasiya şikayəti vermiş, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli qərarı ilə İddiaçı şikayəti təmin edilməmişdir. Həmin gün Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasından çıxarkən İddiaçı onun anasının üstünə hücum çəkmiş, onu söyüb təhqir edərək döymək istəmişdir. Lakin anası onun əlindən güclə qaçıb canını qurtarmışdır. Sumqayıt şəhər Pİ tərəfindən İddiaçı müraciəti əsasında toplanmış material xüsusi ittiham qaydasında cinayət təqibinin həyata keçirilməsi məqsədi ilə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və Sumqayıt Şəhər Məhkəməsinin hakimi Ramiz Quliyevin icraatında bu işə baxılaraq 13 fevral 2023-cü il tarixli, 1(060)-328/2023 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair İddiaçı tərəfindən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Həmçinin, onun və qızı Rəqsanə barəsində “TikTok” internet saytında “@ilhamekərimova361” adlı səhifənin İddiaçı məxsus olmaqla məlumatların yayıldığını və bu məlumatlar əsasında onun və qızının şərəf və ləyaqətinə ləkə gətirən hərəkətlərə yol verildiyini göstərmişdir. Bu hadisə onun təzə ailə qurmuş qızı Rəqsanənin az qala ailəsinin dağılmasına səbəb olmuş, qızının şəkilləri digər qohumlarla toyda çəkilmiş şəkillərdən götürülmüş, montaj olunaraq nalayiq sözlər yazmaqla səhifələrdə paylaşılmışdır. Bu barədə AR DİN-ə müraciət etmiş, ilkin olaraq onlara sosial şəbəkələrdə olanların qarşısını almağın çətin olduğunu bildirsələr də, bir neçə cəhddən sonra həmin səhifə hüquq-mühafizə orqanları tərəfindən silinmiş, bundan sonra artıq o paylaşımlara son qoymuşdur. Sosial şəbəkələrdə olan İlhamənin səhifələri başqa-başqa adlarla aktivdir. Ancaq Azərbaycan Respublikası DİNnin bu işə nəzarətindən onlardan artıq əl çəkmişdir. Dəfələrlə ailəsini şantaj edib, yerliyersiz məhkəmələrə verib, hətta anası Vəliyeva Cəmilə intihara cəhd etmişdir ki, İlhamədən yaxasını qurtarsın. Həkimlərin səyi nəticəsində onun həyatını qurtarmaq mümkün olmuşdur. Hazırda da onlar rahatlıqları naminə İlhamənin evinin yaxınlığında olan evlərini satıb ondan uzaqlaşmışlar. Onu yaxınlıqda görmədiyi üçün hazırda məhkəməyə vermək arzusu ilə onu məhkəmələrə verir. Ümumilikdə ona, anası və ailəsinə külli miqdarda zərər vurmuşdur. Dəfələrlə polis idarəsinə şikayət verməsi, işlərindən qalaraq pul tökərək polis idarəsində və məhkəmələrdə sürünmələri, anasının ölümdən qayıtması artıq həyatlarını cəhənnəmə çevirib və onlara 2000 manat dəyərində mənəvi zərər vurmuşdur. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı öz iddiasını müdafiə edərək bildirdi ki, iş materiallarına əlavə etdiyi sənədlərdən də göründüyü kimi, Cavabdeh onun barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmiş olsa da, məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları əsasında onun əməlində cinayət tərkibi olmadığına görə bəraət verilərək təqsirsiz elan olunmuşdur. Bu, onu göstərir ki, Cavabdeh onun barəsində əsassız şikayət verməklə, onu cinayət törətməkdə ittiham etmiş, bununla da ona mənəvi zərər vurmuşdur. Ona görə də o, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında ailə vəziyyəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı dinləyib, iddia ərizələrini və işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 oktyabr 2023-cü il tarixli, 1(105)-461/2023 saylı qərarının məzmunundan görünür ki, Cavabdeh xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edib, onun və qızı Rəqsanə barəsində “TikTok” internet saytında “@ilhamekərimova361” adlı səhifənin İddiaçı məxsus olmaqla bu məlumatların sonuncu tərəfindən yayıldığını və bu məlumatlar əsasında onun və qızının şərəf və ləyaqətinə ləkə gətirən hərəkətlərə yol verildiyini göstərmiş, onun CM-in 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 1(060)-340/2023 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə bəraət verilərək təqsirsiz elan edilməsi hökm edilmişdir. İşdə surəti olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 oktyabr 2023-cü il tarixli, 1(105)-461/2023 saylı qərarından görünür ki, həmin qərarla Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 1(060)-340/2023 saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, xüsusi ittihamçı Cavabdeh apellyasiya şikayəti təmin edilməmişdir. İşdə surəti olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 1(102)-819/2024 saylı qərarından görünür ki, həmin qərarla xüsusi ittihamçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə bəraət verilməsi və təqsirsiz elan edilməsinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-461/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Mülki Məcəllənin 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə əvvəlcə ilk iddia tələbinə dair aşağıdakıları qeyd etməyi zəruri sayır: “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 nömrəli Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Şəxsin barəsində cinayət törətməsinə dair ittihamın irəli sürülməsi, şübhəsiz ki, onun barəsində ayrı-ayrı şəxslər arasında mənfi rəyin yaranmasına səbəb olan haldır. Bu baxımdan Cavabdeh İddiaçı barəsində onun CM-in 147.1-ci və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməsinə dair xüsusi ittiham irəli sürməklə onun şərəf və ləyaqətinin ləkələnməsinə səbəb olmuşdur. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Hazırkı halda Cavabdeh İddiaçı cinayət törətməsi barədə ittihamda göstərdiklərinin öz təsdiqini tapmaması, yəni yalan olması məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları ilə öz təsdiqini tapır. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 1(060)-340/2023 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə bəraət verilərək təqsirsiz elan edilməsi hökm edilmiş, həmin nəticə apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qərarları ilə də dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəyə minmişdir. Həmin qərarların isə hazırkı iş üzrə MPM-in 82.4cü maddəsinə uyğun olaraq preyudisial əhəmiyyəti vardır və işə baxan məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi xarakter daşıyır. MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Cavabdeh da İddiaçı barəsində onun şərəf və ləyaqətini ləkələyən məlumatları öz şikayətlərində göstərmişdir. Ona görə də İddiaçı barəsində şərəf və ləyaqətini ləkələyən məlumatların yayılmış olması da işin mübahisəsiz halıdır. Beləliklə, iş materiallarından da göründüyü kimi, Cavabdeh hərəkətlərində Ali Məhkəmə Plenumunun 14 may 1999-cu il tarixli Qərarında qeyd edilmiş hər 3 hal müəyyən edilmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli, 3 noyabr 2008-ci il tarixli Qərarının 8-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Hazırkı iş üzrə ilk İddiaçı Cavabdeh vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmiş, ona dəymiş mənəvi zərəri 1000 manat məbləğində qiymətləndirmişdir. Məhkəmə Cavabdeh tərəfindən İddiaçı barəsində həqiqətə uyğun olmayan və onun barəsində mənfi rəy yaradan məlumatların yayılması nəticəsində İddiaçı mənəvi zərərin vurulduğunu qəbul edir. Ali Məhkəmə Plenumunun yuxarıda adıçəkilən 3 noyabr 2008-ci il tarixli Qərarının 10-cu bəndində qeyd olunur ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını da nəzərə alaraq bildirir ki, Cavabdeh hərəkətləri nəticəsində İddiaçı dəymiş mənəvi zərərin miqdarı 500 manat həcmində müəyyən edilməli, həmin məbləğ Cavabdeh tutularaq İddiaçı ödənilməli, ilk iddia tələbi qalan 500 manata dair hissədə təmin edilməməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdəki 10 sentyabr 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə ilk iddianın verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, ilk iddia tələbi qismən təmin edildiyindən, təmin edilmiş hissəyə mütənasib olaraq ödənilmiş dövlət rüsumu məbləğinin 15 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməli, qalan 15 manat isə ilk iddiaçının özünə aid edilməlidir. İndi isə məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı onun barəsində əsassız şikayətlər etməsini, onun və qızı barəsində “TikTok” sosial şəbəkəsində şərəf və ləyaqətini alçaldan paylaşımlar etməsini, anası X2 Kərimovanın hərəkətlərindən intihar həddinə çatmasını qeyd edərək öz tələbini əsaslandırmağa çalışmışdır. Lakin məhkəmə qarşılıqlı iddia tələbini əsassız hesab edir və bildirir ki, Cavabdeh öz tələbinin əsasını təşkil edən halları sübut edən heç bir sübut təqdim etməmiş, sadəcə qarşılıqlı iddia ərizəsində formal mülahizələr irəli sürmüşdür. Bununla yanaşı, İddiaçı onun və qızı barəsində “TikTok” sosial şəbəkəsində şərəf və ləyaqətini ləkələyən paylaşımlar etməsi qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə öz təsdiqini tapmamış, İddiaçı təqsirsizliyi sübuta yetirilmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilir ki, hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Qeyd edilənlərə uyğun olaraq məhkəmə kollegiyası bildirir ki, vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ilə bağlı iş üzrə sübutetmə yükü bunu iddia edən şəxsin üzərinə düşür. İddiaçı tələb olunan məbləğdə ona mənəvi zərərin vurulmasını və zərərin məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmasını sübut etməlidir. Buna görə də, Cavabdeh məhkəməyə müraciət edərkən məhz bu halları təsdiq edən sübutları təqdim etməli idi. Cavabdeh isə məhkəmənin Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə müvafiq qaydada fəaliyyətini həyata keçirməsi üçün lazımi sübutları təqdim etməmiş, yalnız formal mülahizələrlə çıxış etmişdir. İş materiallarından da görünür ki, Cavabdeh tələbinin təmin olunması üçün əsas olan halları təsdiq edən mötəbər sübutları təqdim etməmiş, ona dəydiyini iddia etdiyi mənəvi zərərin mövcudluğu və həmin zərərin məhz cavabdeh tərəfindən vurulması faktını sübut edə bilməmişdir. Eyni zamanda, Cavabdeh İddiaçı onun anasına da ciddi mənəvi zərər vurduğunu qeyd etsə də, anasının adından da çıxış etməyə səlahiyyətli olmasını təsdiq edən hər hansı sənəd təqdim etməmiş, anasını da iddiaçı şəxs kimi göstərməmişdir. Qeyd edilənlərə görə qarşılıqlı iddia tələbinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilmir və o təmin olunmamalıdır. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, qarşılıqlı iddia tələbi təmin edilmədiyindən, onun verilməsi üçün ödənilmiş dövlət rüsumuna dair hissədə də tələb təmin olunmamalıdır. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, ilk iddia qismən təmin edilməli, ilk iddia üzrə Cavabdeh vurulmuş mənəvi zərərə görə 500 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi alınıb ilk iddia üzrə İddiaçı verilməli, ilk iddia qalan hissədə, qarşılıqlı iddia isə bütövlükdə təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. İlk iddia üzrə Cavabdeh vurulmuş mənəvi zərərə görə 500 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi alınıb ilk iddia üzrə İddiaçı verilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar