Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-510/2025 29.09.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, İddiaçı və cavabdeh Eminova (Mirzəyeva) Ülviyyə Atamoğlan qızının iştirakı ilə, İddiaçı cavabdeh Eminova (Mirzəyeva) Ülviyyə Atamoğlan qızına qarşı “aliment məbləğinin azaldılması və hesablanmış aliment borcunu ödəməkdən azad olunması tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qobustan Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 8(026)-4/2025 saylı qərardadı ilə təyin edilmiş alimentin məbləğində dəyişiklik edilərək, X1 üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,45 misli həddində aliment təyin edilməsi və 1500 manat məbləğində hesablanmış aliment üzrə borcu ödəməkdən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 02 avqust 2010-cu il tarixində Cavabdeh ilə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından 15 mart 2013-cü il tarixində Tunar və 20 may 2015-ci il tarixində Nərmin adlı övladları olmuşdur. Xasiyyətləri alınmadığı üçün Qobustan Rayon Məhkəməsinin 15 sentyabr 2016cı il tarixli qətnaməsi ilə nikahları pozulmuş və X1 üçün ondan 117 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmçinin Qobustan Rayon Məhkəməsinin 06 fevral 2015-ci il tarixli qətnaməsi ilə X2 üçün ondan 108 manat məbləğində alimentin tutulması qət edilmişdir. Sonradan Cavabdeh məhkəməyə müraciət edərək, məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin indeksasiya edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qobustan Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 8(026)-3/2025 saylı qərardadı ilə onun ərizəsi təmin edilmiş və X2 üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 1,03 misli həddində aliment təyin edilmişdir. Həmçinin Qobustan Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 8(026)-4/2025 saylı qərardadı ilə onun ərizəsi təmin edilmiş və X1 üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 1,11 misli həddində aliment təyin edilmişdir. 2025-ci ildə ölkə üzrə minimum əmək haqqı 400 manat məbləğində müəyyən edildiyi üçün o, iki uşağa görə hər ay 900 manat məbləğində aliment ödəməlidir. Bu isə onun hazırkı maddi vəziyyəti ilə heç cür uyğunlaşmır. O, yaxın günlərə kimi rəsmi olaraq işləyirdi və hər ay 520 manata yaxın əmək haqqı alırdı. Lakin iş yeri ixtisara düşdüyü üçün o, hal-hazırda günlük fəhlə kimi harada iş tapsa, orada işləyir. Onun əvvəlki məbləğdə təyin edilmiş alimentdən də xeyli miqdarda borcu qalmışdır. Ona görə də hesab edir ki, onun maddi vəziyyətinin çətin olduğu nəzərə alınaraq, məhkəmə qərardadı ilə təyin edilmiş alimentin məbləğində dəyişiklik edilməli, həmçinin bu qərardadlar qəbul olunduqdan sonra əlavə olaraq hesablanmış 3000 manat üzrə aliment borcuna da xitam verilməlidir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək bildirdi ki, o, özü rəsmi işləməsə də, fərdi şəkildə ustalıqla məşğul olur və aylıq gəliri təxminən 500-600 manat, bəzən isə 700-800 manat olur. Hazırkı halda indeksasiya olunmuş aliment məbləğini ödəməyə imkanı çatmır. Ona görə də Nərmin Mirzəyevanın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan aylıq 180 manat məbləğində aliment tutulmasını xahiş edir və bu zaman onun özünün də xərclərinin nəzərə alınmasını istəyir. Onun iddia ərizəsində qeyd etdiyi və ödəməkdən azad edilməsini istədiyi 1500 manatlıq aliment borcu qətnamənin indeksasiya olunmasından sonra yığılmış borcdur. Məhkəmə iclaslarında iştirak edən cavabdeh Eminova (Mirzəyeva) Ülviyyə Atamoğlan qızı çıxış edərək bildirdi ki, onun iddiaçı ilə birgə nikahından 2 uşağı dünyaya gəlmişdir. Hər uşağı üçün ayrı-ayrı qətnamələrlə alimentin tutulması qərara alınmışdır. İddiaçının bildirdiyi 180 manat məbləğində alimentlə bir uşağın saxlanılması qeyrimümkündür. Ona görə də aliment məbləği azaldılarsa, ən azı 250 manat məbləğində müəyyən edilməlidir. Həmçinin bildirdi ki, cavabdehin hesablanmış aliment borcunu ödəməkdən azad edilməsinə etiraz edir. İddiaçı hesablanmış bütün aliment borcunu ödəməlidir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, tərəflərin birgə nikahından 15 mart 2013-cü il təvəllüdlü X10 və 20 may 2015-ci il təvəllüdlü X9 dünyaya gəlmişdir. İşdə surəti olan Qobustan Rayon Məhkəməsinin 06 fevral 2015-ci il tarixli, 2(026)- 37/2015 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə 15 mart 2013-cü il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün 08 yanvar 2015-ci il tarixdən başlayaraq İddiaçı hər ay 108 manat sabit pul məbləğində alimentin tutulub X4 verilməsi qət edilmişdir. İşdə surəti olan Qobustan Rayon Məhkəməsinin 15 sentyabr 2016-cı il tarixli, 2(026)-898/2016 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı ilə X5 arasında 02 avqust 2010-cu il tarixdə bağlanmış AZ-İ seriyalı 569433 saylı nikahın pozulması, onların 15 mart 2013-cü ildə anadan olmuş uşaqları X8 və 20 may 2015-ci ildə anadan olmuş X6 anaları X3 yanında saxlanılması, 20 may 2015-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 30 avqust 2016-cı il tarixdən başlayaraq İddiaçı hər ay 117 manat sabit pul məbləğində alimentin tutulub X4 verilməsi qət edilmişdir. İşdə surəti olan AZ-İ 305505 seriya nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X3 nikahı ləğv edilmiş, bu barədə Qobustan rayon Qeydiyyat şöbəsində nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 20 iyun 2019cu ildə 13 nömrə ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra qadına Eminova soyadı verilmişdir. İşdə surəti olan Qobustan Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 8(026)- 3/2025 saylı qərardadından görünür ki, həmin qərardadla 15 mart 2013-cü ildə anadan olmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qobustan Rayon Məhkəməsinin 06 fevral 2015-ci il tarixli, 2(026)-37/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş aylıq 108 manat sabit aliment məbləği, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 1,03 misli həddində indeksasiya olunmuşdur. İşdə surəti olan Qobustan Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 8(026)- 4/2025 saylı qərardadından görünür ki, həmin qərardadla 20 may 2015-ci ildə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qobustan Rayon Məhkəməsinin 15 sentyabr 2016-cı il tarixli, 2(026)-898/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş aylıq 117 manat sabit aliment məbləği, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 1,11 misli həddində indeksasiya olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh əvvəllər nikahda olmuş, onların birgə nikahından 15 mart 2013-cü il təvəllüdlü X10 və 20 may 2015-ci il təvəllüdlü X9 adlı uşaqları doğulmuşdur. Lakin Qobustan Rayon Məhkəməsinin 15 sentyabr 2016-cı il tarixli, 2(026)-898/2016 saylı qətnaməsi ilə tərəflər arasında 02 avqust 2010-cu il tarixdə bağlanmış AZ-İ seriyalı 569433 saylı nikahın pozulması, onların 15 mart 2013-cü ildə anadan olmuş uşaqları X8 və 20 may 2015-ci ildə anadan olmuş X6 analarının yanında saxlanılması, 20 may 2015-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 30 avqust 2016-cı il tarixdən başlayaraq İddiaçı hər ay 117 manat sabit pul məbləğində alimentin tutulub X4 verilməsi qət edilmişdir. Həmçinin Qobustan Rayon Məhkəməsinin 06 fevral 2015-ci il tarixli, 2(026)-37/2015 saylı qətnaməsi ilə 15 mart 2013cü il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün 08 yanvar 2015-ci il tarixdən başlayaraq İddiaçı hər ay 108 manat sabit pul məbləğində alimentin tutulub X4 verilməsi qət edilmişdir. Bundan sonra Cavabdeh (Mirzəyeva) hər iki qətnamə üzrə müəyyən edilmiş aliment məbləğinin indeksasiya edilməsi barədə ərizələrlə məhkəməyə müraciət etmişdir. Qobustan Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 8(026)-3/2025 saylı və 26 fevral 2025-ci il tarixli, 8(026)-4/2025 saylı qərardadları ilə müvafiq aliment məbləğləri indeksasiya olunmuşdur. Hazırkı iş üzrə iddiaçının tələbinin də aid olduğu Qobustan Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 8(026)-4/2025 saylı qərardadı ilə 20 may 2015-ci ildə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qobustan Rayon Məhkəməsinin 15 sentyabr 2016-cı il tarixli, 2(026)- 898/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş aylıq 117 manat sabit aliment məbləği, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 1,11 misli həddində indeksasiya olunmuşdur. İddiaçı isə hazırkı tələblə məhkəməyə müraciət edərək, Qobustan Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 8(026)-4/2025 saylı qərardadı ilə təyin edilmiş alimentin məbləğində dəyişiklik edilərək, X1 üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,45 misli həddində aliment təyin edilməsi və 1500 manat məbləğində hesablanmış aliment üzrə borcu ödəməkdən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə iddia tələbinin ilk hissəsinə - aliment məbləğinin azaldılmasına dair hissəyə qiymət verərək bildirir ki, həmin hissədə iddia tələbinin hüquqi əsası kimi Ailə Məcəlləsinin 112.1-ci maddəsi çıxış edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Məhkəmə 20 may 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qobustan Rayon Məhkəməsinin 15 sentyabr 2016-cı il tarixli, 2(026)-898/2016 saylı qətnaməsi ilə təyin edilmiş 117 manat aliment məbləğinin Qobustan Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 8(026)-4/2025 saylı qərardadı ilə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 1,11 misli həddində indeksasiya olunmasını, bununla da Nərmin Mirzəyevanın saxlanılması üçün 9 il ərzində ödədiyi aliment məbləğinin 4 dəfəyə yaxın həcmdə faktiki artmış olmasını iddiaçı üçün diqqətəlayiq hal hesab edir və bu halda onun özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi məsələsi də təhlükə altında qalır. Bununla yanaşı, nəzərə alınmalıdır ki, iddiaçı cavabdehlə birgə nikahdan doğulmuş digər uşağı – Tunar Mirzəyev üçün də aliment məbləği ödəyir. Belə ki, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün Qobustan Rayon Məhkəməsinin 06 fevral 2015-ci il tarixli, 2(026)-37/2015 saylı qətnaməsi ilə təyin edilmiş 108 manat aliment məbləği Qobustan Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 8(026)-3/2025 saylı qərardadı ilə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 1,03 misli həddində indeksasiya olunmuşdur. Göründüyü kimi, hər iki indeksasiya edilmiş alimentin məbləği nəzərə alındıqda iddiaçının maddi vəziyyətində əhəmiyyətli dəyişiklik baş vermişdir. Bu isə o deməkdir ki, iddiaçının tələbinə münasibətdə Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tətbiqi üçün əsaslar mövcuddur. Bununla yanaşı, məhkəmə iddiaçının hazırkı tələbinin tam təmin edilməsini onun cavabdehlə olan nikahından doğulmuş Nərmin Mirzəyevanın təminat səviyyəsinin qorunmasına mane olacağını hesab edir və buna görə də uşağın təminat səviyyəsinin maksimum qoruna bilməsi baxımından iddia tələbinin qismən təmin edilməsini məqsədəmüvafiq hesab edir. İddiaçı qızı Nərmin Mirzəyevanın yetkinlik yaşına çatanadək saxlanılması üçün 180 manat aliment ödəmək iqtidarında olduğunu bildirsə də, cavabdeh ən azı 250 manat aliment tutulmasını tələb etmişdir. Lakin hazırkı halda məhkəmə iddiaçının qeyd etdiyi məbləğin uşağın saxlanılması üçün yetərli olmadığını, cavabdehin qeyd etdiyi məbləğin isə iddiaçının hazırkı vəziyyətinə uyğun olmadığını bildirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına əlavə edilmiş 8.4-1-ci bənddə göstərilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin birinci hissəsinə dair belə qənaətə gəlir ki, həmin hissədə iddia qismən təmin edilməli, 20 may 2015-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qobustan Rayon Məhkəməsinin 15 sentyabr 2016-cı il tarixli, 2(026)-898/2016 saylı qətnaməsi ilə təyin edilmiş və Qobustan Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 8(026)-4/2025 saylı qərardadı ilə indeksasiya edilmiş aliment məbləği azaldılaraq, iddiaçıdan hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq cavabdehə verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Qərarının 8.14-cü bəndində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ali Məhkəmə Plenumunun sözügedən hüquqi mövqeyini nəzərə alan məhkəmə bildirir ki, azaldılmış aliment məbləğinin hesablanmasına və tutulmasına hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlanılmalıdır. İddiaçının tələbinin ikinci hissəsi isə X1 üçün təyin edilmiş aliment məbləğinin indeksasiya olunmasından sonra yığılmış 1500 manat məbləğində aliment üzrə borcu ödəməkdən azad olunması ilə əlaqədardır. Həmin hissədə iddia tələbinin hüquqi əsası kimi Ailə Məcəlləsinin 107-ci maddəsi çıxış edir. Ailə Məcəlləsinin 107.1-ci maddəsinə əsasən, aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Qobustan Rayon Məhkəməsinin 15 sentyabr 2016-cı il tarixli, 2(026)-898/2016 saylı qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin Qobustan Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 8(026)-4/2025 saylı qərardadı ilə indeksasiya edilməsindən sonra yığılmış aliment borcunu iddiaçının ödəməkdən azad edilməsi ilə bağlı tərəflər arasında razılıq olmamış, iddiaçı bununla bağlı məhkəmə qaydasında tələb irəli sürmüşdür. Lakin hazırkı halda iddiaçının yığılmış həmin aliment borcunu ödəməkdən azad edilməsi üçün hər hansı əsas müəyyən edilmir, bununla bağlı iddiaçının özü tərəfindən də hər hansı sübut təqdim olunmamışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə aliment borcunu ödəməkdən azad edilməsinə dair hissədə iddiaçının tələbinin təmin edilməsi üçün əsas olmadığını bildirir. Beləliklə, məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 20 may 2015-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qobustan Rayon Məhkəməsinin 15 sentyabr 2016-cı il tarixli, 2(026)-898/2016 saylı qətnaməsi ilə təyin edilmiş və Qobustan Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 8(026)-4/2025 saylı qərardadı ilə indeksasiya edilmiş aliment məbləği azaldılaraq, İddiaçı hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq cavabdeh Eminova (Mirzəyeva) Ülviyyə Atamoğlan qızına verilməli, azaldılmış aliment məbləğinin hesablanmasına və tutulmasına hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlanılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia qismən təmin edilsin. 20 may 2015-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qobustan Rayon Məhkəməsinin 15 sentyabr 2016-cı il tarixli, 2(026)-898/2016 saylı qətnaməsi ilə təyin edilmiş və Qobustan Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 8(026)-4/2025 saylı qərardadı ilə indeksasiya edilmiş aliment məbləği azaldılaraq, İddiaçı hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq cavabdeh Eminova (Mirzəyeva) Ülviyyə Atamoğlan qızına verilsin. Azaldılmış aliment məbləğinin hesablanmasına və tutulmasına hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlanılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №2(026)-510/2025
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-510/2025
29.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver