Məhkəmə qərarları › İş №2(026)-55/2020

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-55/2020

05.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-55/2020 05.08.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh onun müalicəsi üçün əlavə xərclərə görə cərahiyyə əməliyyatı üçün 3000 manat və dərman üçün 1000 manat, qanuni qüvvəyə minmiş Qobustan rayon məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsinin icra edilməməsinə görə 5000 manat məbləğində kompensasiyanın, dəymiş mənəvi zərərə görə 3000 manat olmaqla, cəmi 12000 manat pulun alınıb ona verilməsi dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh törətdiyi avtomobil qəzası nəticəsində onun sağlamlığına zərər dəymişdir. Sağlamlığına dəymiş zərərin ödənilməsi tələbi ilə iddia ərizəsi ilə Qobustan rayon məhkəməsinə müraciət etmiş, Qobustan rayon məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(026)- 244/2014 saylı qətnaməsi ilə Cavabdeh sağlamlığına dəymiş zərərə görə 7000 manat, mənəvi zərərə görə 3000 manat və 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi qət edilmişdir. Həmin qətnamə icra icraatına yönəldilməsinə baxmayaraq cavabdeh üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə qətnaməni icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Qobustan rayon məhkəməsi xx xxxx 2017-ci il tarixli 2(026)-47/2017 saylı qərarı ilə İXM 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 gün müddətində inzibati həbs edilmişdir. Buna baxmayaraq cavabdeh qərəzli olaraq qətnaməni icra etməkdən boyun qaçırtmışdır. İcra vərəqəsi ilə təyin olunan müddətdə qətnaməni icra etmədiyinə görə Cavabdeh ikinci dəfə Qobustan rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə İXM 528-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 gün inzibati həbs cəzası təyin olunmuşdur. Cavabdehə təyin olunan cəza növlərindən sonra qətnaməni icra etməkdən qərəzli olaraq boyun qaçırdığına görə Ağayev X3 rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə təqsirli bilinib iki il altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Səhhətində ciddi dəyişiklik olduğundan həkimlərin məsləhəti ilə zədə aldığı ayağında cərahiyyə əməliyyatı aparılmalıdır. Hazırda da müalicəsini davam etdirir, dərman və digər xərclər üçün xeyli pul vəsaiti lazımdır.Cərahiyyə əməliyyatı üçün 3000 manat, dərman və əlavə xərclər üçün isə 1000 manat pul vəsaiti tələb olunur. Cavabdehonun müalicəsi üçün əlavə xərclərə görə cərahiyyə əməliyyatı üçün 3000 manat və dərman üçün 1000 manat, qanuni qüvvəyə minmiş Qobustan rayon məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsinin icra edilməməsinə görə 5000 manat məbləğində kompensasiyanın, dəymiş mənəvi zərərə görə 3000 manat olmaqla, cəmi 12000 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh izahatında göstərdi ki, hal-hazırda cəza çəkir, iş yeri yoxdur. İmkan olan kimi işləyib Raminə veriləsi pulu ödəyəcəkdir. Torpağı var satıb ödəyə bilər. Hazırkı iddianı da qismən qəbul edir, 500-600 manat ödəyə bilər. Məhkəmə iddiaçının, onun nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işdə olan materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Abşeron rayon məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 1(012)-40/2014 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə təqsirli bilinib iki il altı ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Qobustan rayon məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(026)-244/2014 saylı qətnaməsinin surətindən görünür ki, sağlamlığına vurulmuş ziyana görə 7000 manat, mənəvi zərərə görə 3000 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat pul Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli 2(105)-2350/2015 saylı qətnaməsinin surətindən görünür ki, Qobustan rayon məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(026)-244/2014 saylı qətnaməsi ilə Cavabdeh 7000 manat maddi ziyanın alınıb İddiaçı verilməsinə dair hissəsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Qobustan rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli 1(026)-6/2019 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinib iki il altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respubliksı Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin verdiyi xx xxxx 2020-ci il tarixli ambulator kitabçadan çıxarışdan görünür ki,İddiaçı sağ bud sümüyünün aşağı üçdə-birinin bitişik sınığı, sağ baldır sümüyünün aşağı 1/3-nin bitişmiş sınığı, sağ diz qapağında kontraseturası, sol topuq sümüklərinin pozulması, hərəkət məhdudluğu diaqnozu qoyulmuşdur. Məhkəmə iclası zamanı müəyyən olundu ki, Cavabdeh törətdiyi avtomobil qəzası nəticəsində İddiaçı sağlamlığına zərər dəymiş, sağlamlığına dəymiş zərərin ödənilməsi tələbi ilə iddia ərizəsi ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. Qobustan rayon məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(026)-244/2014 saylı qətnaməsi ilə Cavabdeh sağlamlığına dəymiş zərərə görə 7000 manat, mənəvi zərərə görə 3000 manat və 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi qət edilmişdir. Həmin qətnaməni üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Qobustan rayon məhkəməsi xx xxxx 2017-ci il tarixli 2(026)-47/2017 saylı qərarı ilə İXM 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 gün müddətində inzibati həbs edilmişdir. Cavabdeh Qobustan rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə İXM 528-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 gün inzibati həbs cəzası təyin olunmuşdur. Qobustan rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 306-cı maddəsi ilə təqsirli bilinib iki il altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hazırda İddiaçı səhhətində ciddi dəyişiklik olduğundan həkimlərin məsləhəti ilə zədə aldığı ayağında cərahiyyə əməliyyatı aparılmalı olduğu barədə müayinələri və reseptləri vardır. Onun müalicəsi üçün yenidən dərman və əlavə xərclər üçün zərurət yaranmışdır. İddianın mənəvi zərərə görə 3000 manat tələb olunması hissəsi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 07 saylı qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və X5 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 4-cü bəndində qeyd edilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin qərarın 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 10-cu bəndində göstərilir ki, Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, X2 hərəkətləri iddiaçının mənəvi iztirab və sarsıntı keçirməsinə səbəb olmuşdur. Ona görə də iddianın mənəvi zərərlə əlaqədar tələb hissəsi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsi öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halların sübut edilməsi vəzifəsini tərəflərin üzərinə qoymuşdur. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və istinad olunan normalara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdeh X1 müalicə və əməliyyat aparılması üçün 3000 manat və mənəvi zərərə görə 1000 manat pul alınıb İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdeh müalicə və əməliyyat aparılması üçün 3000 manat və mənəvi zərərə görə 1000 manat pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar