Məhkəmə qərarları › İş №2(026)-586/2024

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-586/2024

09.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-586/2024 09.12.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 mart 2020-ci ildə anadan olmuş qızı X1 və 31 avqust 2022-ci ildə anadan olmuş oğlu X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 23 iyul 2017-ci il tarixdə Qobustan şəhər sakini Cavabdehla el adəti üzrə toy edib evlənmiş, lakin nikahlarını heç bir dövlət orqanında rəsmiləşdirməmişlər. Onların birgə evliliyindən 06 mart 2020-ci ildə Ayan və 31 avqust 2022-ci ildə Musa adlı iki uşaqları anadan olmuşdur. Əvvəllər münasibətləri normal olsa da, son zamanlar aralarında olan münasibət pozulmuşdur. Elə buna görə də iddiaçı uşaqlarını götürüb valideynlərinin yanına getmişdir və uşaqları ilə birlikdə orada yaşayır. O, heç bir yerdə işləmir. Uşaqların yetkinlik yaşına çatana kimi cavabdehin maddi yardımına ehtiyacı var. Aliment tələbi ilə bağlı mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh gəlmədiyindən məsələnin həlli mümkün olmamışdır. Ona görə də övladları 06 mart 2020-ci ildə anadan olmuş X3 və 31 avqust 2022-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə etdiyini bildirdi və qeyd etdi ki, onunla cavabdeh arasında rəsmi qeydə alınmış nikah olmamış, onlar el adəti üzrə faktiki nikahda olmuşlar. Onların bu evliliyindən iki uşağı doğulmuşdur. Hazırda özü işləmir, ona görə də uşaqlara baxmaqda çətinlik çəkir. 2024-cü ilin yanvar ayında böyrəyindən əməliyyat da olunmuşdur. Ona görə də hesab edir ki, cavabdehdən ən azından hər ay iki uşağa görə ümumilikdə 400 manat məbləğində aliment tutulmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işdə olan sənədləri araşdırıb, onlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdəki Qobustan rayon Qeydiyyat şöbəsi tərəfindən 23 oktyabr 2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, 06 mart 2020-ci ildə anadan olmuş X3 barəsində Qobustan rayon Qeydiyyat şöbəsi tərəfindən 21 aprel 2020-ci ildə 56 nömrəli atalığı müəyyən etmək haqqında akt qeydi tərtib olunmuşdur. Onun atası Cavabdeh, anası İddiaçı hesab olunmuşdur. İşdə surəti olan AZ-İV 437380 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 06 mart 2020-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. İşdə surəti olan AZ-İ 402770 seriya nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 31 avqust 2022-ci ildə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. İşdə surəti olan AZ-İV 717494 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 31 avqust 2022-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Cavabdeh barəsində sorğulanmış məlumatlardan görünür ki, o, hazırda rəsmi olaraq işləmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında rəsmi nikah münasibətləri olmasa da, onlar el adəti üzrə faktiki nikahda olmuş və bu evlilikdən onların 06 mart 2020-ci il təvəllüdlü Ayan Qəribova və 31 avqust 2022-ci il təvəllüdlü Musa Qəribov adlı uşaqları doğulmuşdur. Həmin uşaqlarla bağlı cavabdehin atalığı müəyyən olunmuş, bununla bağlı müvafiq qeydlər aparılmışdır. Ailə Məcəlləsinin 48-ci maddəsinə əsasən, bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı hazırda uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsini xahiş etmişdir. İddiaçı tələb olunan aliment məbləğini 2024-cü il üzrə uşaqların saxlanılması üçün nəzərdə tutulmuş yaşayış minimumuna əsasən tələb etmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarının 8.2-ci bəndinə əsasən, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında da qeyd edilmişdir ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ali Məhkəmə və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən hüquqi yanaşmasını nəzərə alan məhkəmə bildirir ki, cavabdehin heç bir yerdə işləməməsi onu uşağını saxlamaq və onun maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Bu zaman həm də o nəzərə alınmalıdır ki, alimentin məbləği müəyyən edilərkən uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasına əhəmiyyət verilməlidir. Ona görə də cavabdehin maddi vəziyyətinin nəzərə alınmalı olması heç də o demək deyildir ki, uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği yalnız onu ödəməli olan şəxsin ödəyə bilmək iqtidarında olduğu məbləğ həddində müəyyən edilə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyini də nəzərə alan məhkəmə bildirir ki, təyin edilməli olan alimentin məbləği heç də hər bir halda yaşayış minimumu həddində olmalı deyil, Konstitusiya Məhkəməsinin Plenumu da yaşayış minimumu məbləğinə yaxın məbləğin aliment kimi tutula biləcəyini qeyd etmişdir. Hazırkı iş üzrə yetkinlik yaşına çatmayan uşaqların anasının yanında olduğu müəyyən olunduğundan məhkəmə 06 mart 2020-ci il təvəllüdlü X1 və 31 avqust 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 25 oktyabr 2024-cü il tarixdən hesablanmaqla cavabdehdən hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsini ədalətli və düzgün hesab edir. Müəyyən edilmiş aliment məbləğindən də göründüyü kimi, o, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarındakı hüquqi mövqeyə uyğundur, eyni zamanda, yalnız cavabdehin uşaqların saxlanılmasında iştirak etməsi kimi çıxış etmir. Çünki həmin alimentin məbləği qanunvericilikdə göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğ olmaqla, həmin məbləği tam şəkildə əhatə etməmiş, uşaqların saxlanılması vəzifəsi yalnız cavabdehin üzərinə qoyulmamışdır. Bu zaman Ailə Məcəlləsinin valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olması barədə 56.1-ci maddəsi də nəzərə alınmalıdır. MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 06 mart 2020-ci il təvəllüdlü X1 və 31 avqust 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 25 oktyabr 2024-cü il tarixdən hesablanmaqla cavabdehdən hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməli, qətnamə dərhal icra edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227, 233, 234 və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia qismən təmin edilsin. 06 mart 2020-ci il təvəllüdlü X1 və 31 avqust 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 25 oktyabr 2024-cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar