Məhkəmə qərarları › İş №2(026)-726/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-726/2025

19.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-726/2025 19.01.2026 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 01 dekabr 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahlarından 17 iyun 2017-ci ildə anadan olmuş X5 və 10 fevral 2021-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə minimum əmək haqqının 1 misli miqdarında alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 24 sentyabr 2016-cı il tarixdə Göyçay rayon sakini olan uzaq qohumu Cavabdeh ilə nikahını Göyçay RİHB-nin Potu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 14 nömrə ilə qeyd etdirməklə evlənmişdir. Onların rəsmi nikahından iki uşaqları dünyaya gəlmişdir: 17 iyun 2017-ci ildə X5 və 10 fevral 2021ci ildə X2. X9 şəhər 1 saylı tam orta məktəbin 3-cü sinfində oxuyur. Cavabdeh ilə evləndikdən sonra 2022-ci ilə kimi Göyçay rayonunun Potu kəndində yaşasalar da, sonradan köçüb Qobustan şəhərinə gəlmiş və orada yaşamışlar. Aralarında olan münasibət pozulduğuna görə 2025-ci ilin oktyabr ayının 17-də cavabdehdən ayrılmışdır və uşaqları ilə birlikdə valideynlərinin himayəsində yaşayır. Cavabdeh onlarla maraqlanmamış və onlara heç bir maddi yardım göstərməmişdir. Cavabdeh içki aludəçisidir. Alimentlə bağlı Qobustan 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, lakin cavabdeh gəlmədiyinə görə məsələ həllini tapmamışdır. Uşaqlarının və özünün bütün xərcləri valideynlərinin üzərindədir. İddiaçı heç bir yerdə işləmir. Ona görə də uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin maddi yardımına ehtiyacı var. Məhkəmə iclaslarında iştirak edən İddiaçı çıxış edərək bildirdi ki, o, cavabdehlə 2016-cı ildə rəsmi nikaha daxil olmuş, onların birgə nikahından 2 uşaqları dünyaya gəlmişdir. Əvvəllər münasibətləri normal olsa da, sonradan bəzi səbəblərdən o, cavabdehdən ayrılaraq öz valideynlərinin yanına köçmüşdür və hər iki uşağı da hazırda onunla birlikdə yaşayır. O, cavabdehlə arasındakı nikahın pozulmasını tələb etməsə də, ondan hər iki uşağın saxlanılması üçün ayda ən az 500 manat məbləğində aliment tutulmasını tələb edir və qəbul edir ki, həqiqətən də, iddia ərizəsində tələb olunmuş aliment məbləği yüksək olmuşdur. O, cavabdehin ayda cəmi 300 manat ödəyə biləcəyinə dair bildirdikləri ilə razı deyil və heç olmasa 500 manat ödəməyə imkanı çatmadığı təqdirdə ən azı 400 manat aliment ödəməlidir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh çıxış edərək bildirdi ki, o, iddiaçı ilə arasındakı nikahın pozulmasını istəmir. Özü rəsmi olaraq işləməsə də, maşın ustası kimi fərdi əməklə məşğuldur və əsasən zavoda məxsus avtomobillərin təmirini həyata keçirir. Onun aylıq faktiki gəliri təxminən 600-650 manat civarındadır. O, uşaqların saxlanılması üçün iddiaçıya maksimum 300 manat məbləğində aliment ödəmək iqtidarındadır. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə surəti olan AZ-İİ 126580 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X3 24 sentyabr 2016-cı ildə nikahlarını bağlamış, bu barədə Göyçay RİHB-nin Potu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 24 sentyabr 2016-cı ildə 14 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. İşdə surəti olan AZ-İV 131623 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 17 iyun 2017-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası İddiaçıdır. İşdə surəti olan AZ-İV 599865 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 10 fevral 2021-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. İşdəki Qobustan şəhər A.Çernyayevski adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 99 nömrəli, 01 dekabr 2025-ci il tarixli arayışından görünür ki, 2017-ci il təvəllüdlü X5 2025-2026-cı tədris ilində həmin məktəbin 3-cü sinfində təhsil alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına əlavə edilmiş 8.4-1-ci bənddə göstərilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). İş materialları və tərəflərin bildirdikləri ilə müəyyən edilir ki, tərəflər 24 sentyabr 2016-cı ildə rəsmi nikaha daxil olmuş, onların nikahından 17 iyun 2017-ci il təvəllüdlü X5 və 10 fevral 2021-ci il təvəllüdlü X2 adlı uşaqları dünyaya gəlmiş və hər iki uşaq halhazırda iddiaçı ilə birlikdə yaşayır. İddiaçı “aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, cavabdehlə arasında olan nikahın pozulmasını tələb etməmişdir. Məhkəmə tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıya ödənilməli olan aliment məbləği ilə bağlı bildirir ki, iddiaçı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən aylıq hər uşaq üçün minimum əmək haqqının 1 misli miqdarında aliment tutulmasını tələb etmiş, məhkəmə baxış iclasında isə hər iki uşağın saxlanılması üçün ümumilikdə 500 manat, cavabdehin bunu ödəməyə imkanı çatmadığı təqdirdə ən azından 400 manat aliment ödənilməsini tələb etmişdir. Cavabdeh isə uşaqlarının saxlanılması üçün maksimum 300 manat məbləğində aliment ödəyə biləcəyini, özünün rəsmi iş yerinin olmadığını, maşın ustası kimi fərdi əməklə məşğul olduğunu və aylıq gəlirinin təxminən 600-650 manat civarında olduğunu bildirmişdir. Məhkəmə cavabdehin rəsmi iş yerinin olmaması ilə bağlı qeyd edir ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında da qəbul edilən hüquqi mövqeyə görə, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda sərgilədiyi hüquqi mövqeyə uyğun olaraq bildirir ki, cavabdehin rəsmi iş yerinin olmaması onu uşaqlarını saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Bu zaman həm də nəzərə alınmalıdır ki, uşaqlar iddiaçının himayəsində olduqlarından onların saxlanılması ilə bağlı iddiaçının üzərinə daha çox yük düşür. Bununla belə, iddia ərizəsində tələb olunan aliment məbləğinin tam təmin edilməsi də hazırkı halda mümkün deyil və belə olan halda cavabdehin özünün saxlanılması xərclərini qarşılaması da qeyri-mümkün hala gələ bilər. Bununla belə, hər ay iki uşağın saxlanılması üçün cəmi 300 manat məbləğində alimentin ödənilməsi isə uşaqlardan birinin məktəbdə təhsil alması da nəzərə alınmaqla, onların mənafeyinə uyğun olmayacaqdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia ilə məhkəməyə müraciət edildiyi tarixdən, yəni 01 dekabr 2025-ci ildən başlayaraq 17 iyun 2017-ci il təvəllüdlü X4 və 10 fevral 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulması məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 01 dekabr 2025-ci il tarixdən başlayaraq 17 iyun 2017-ci il təvəllüdlü X4 və 10 fevral 2021ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməli, qətnamə dərhal icra edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233, 234 və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia qismən təmin edilsin. 01 dekabr 2025-ci il tarixdən başlayaraq 17 iyun 2017-ci il təvəllüdlü X4 və 10 fevral 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar