Məhkəmə qərarları › İş №2(027)-1015/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1015/2024

22.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1015/2024 22.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə 06 mart 2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş 11 may 2019-ci il təvəllüdlü X4 və 14 avqust 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 10 fevral 2018-ci il tarixdə ailə qurmuşlar, birgə nikahdan 11 may 2019-cu il təvəllüdlü X4 və 14 avqust 2020-ci il təvəllüdlü X3 doğulmuşdur. Cavabdehlə münasibəti ilk vaxtlar yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, Cavabdeh ailəsinə baxmamış, ehtiyaclarını qarşılamamış, dəfələrlə ona xəyanət etmişdir. Bu səbəbdən iki ildir ki, uşaqları ilə birlikdə valideynlərinin yanında yaşayır. Həmin vaxtdan cavabdeh uşaqları cəmi bir dəfə görüşmüş, uşaqların ehtiyaclarını ödəmək üçün isə bu vaxta qədər ümumilikdə cəmi 175 manat məbləğində pul xərcləmişdir. Uşaqların ehtiyacları günügündən artır. O, uşaqların ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. 11 may 2019-ci il təvəllüdlü oğlu Yusif Babayev autizim sindromlu uşaqdır və daimi müayinə və müalicəyə ehtiyacı var. Həm oğlunun xüsusi qayğıya və daimi müalicəyə ehtiyacı olması, həm də uşaqların balaca olması səbəbi ilə o, heç bir yerdə işləmir. Onun kimi övladlarını saxlamaq, ehtiyaclarını qarşılamaq cavabdehin də borcudur. Cavabdeh tır maşını sürücüsü işləyir və daimi qazanc yeri vardır. İlkin olaraq məhkəmədən kənar qaydada məsələnin həll olunması üçün mediasiyaya müraciət etsə də, Cavabdeh mediasiyanın keçirilməsi ilə bağlı görüşə gəlmədiyi üçün ona 16 fevral 2024-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Göstərilənləri nəzərə alaraq, iddiaçı iddianın təmin olunması xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: AZ-İİ № 257830 nikah haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə Sumqayıt “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsində nikah bağlanmış və akt qeydləri kitabındakı 270 nömrə ilə qeydə alınmışdır; AZ-İV № 286812 və AZ-İV № 507374 doğum haqqında şəhadətnamələrin notarial təsdiqli surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 11 may 2019-cü il tarixdə X4 və 14 avqust 2020-ci il tarixdə X3 doğulmuşdur; mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına almaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının X1 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh birgə münasibətindən olan 11 may 2019-cü il təvəllüdlü X4 və 14 avqust 2020-ci il təvəllüdlü X3 hazırda anası, yəni iddiaçının himayəsindədir. İddiaçı tərəf uşaqların saxlanılmasında çətinlik çəkdiyini bildirərək, cavabdehdən aliment tutulmasını xahiş etmişdir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir və uşağa görə hər ay aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Məhkəmə qeyd edir ki, tərəflərin yetkinlik yaşına çatmayan uşaqları 11 may 2019-cü il təvəllüdlü X4 və 14 avqust 2020-ci il təvəllüdlü X3 hazırda anasının himayəsində qalır. Məhkəmə cavabdehin tələb olunan alimenti vermək imkanına malik olmasına dair iddiaçının sübut təqdim etmədiyi, digər tərəfdən yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, normal qida rasionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, iddiaçının uşaqların saxlanmasında çətinlik çəkməsini əsas tutaraq belə nəticəyə gəlir ki, cavabdehdən hər uşağa görə hər ay 150 (bir yüz əlli) manat olmaqla, iki uşağa cəmi 300 (üç yüz) manat məbləğində sabit pul məbləğində alimentin tutulması göstərilən halların məcmusu baxımından ədalətli və ağlabatandır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 06 mart 2024-cü il tarixdə təqdim edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş 11 may 2019-cü il təvəllüdlü X4 və 14 avqust 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, 06 mart 2024-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşağa 150 (bir yüz əlli) manat olmaqla, iki uşağa cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Hazırki iş üzrə iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçıların dövlət rüsumunu ödəməkdən azad olunduğu nəzərə alınaraq Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinin tələblərinə uyğun olaraq dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutulmalıdır. Müəyyən edilmiş aliment məbləği 300 (üç yüz) manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə 300 (üç yüz) manat məbləğində alimentin müəyyən edildiyi nəzərə alınmaqla, bir il ərzində ödəmənin məcmusu 3600 manat (12 ay × 300 manat = 3600 manat) təşkil edir. Bu halda rüsum “Dövlət rüsumu” haqqında Qanunun 8.1.2-ci maddəsinə (30 manat + 2600 manatdan yuxarı olan hissənin 1%-i, yəni 2600 manat × 1% = 26 manat) təşkil edir. Beləliklə, cəmi 56 (əlli altı) manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 11 may 2019-cü il təvəllüdlü X4 və 14 avqust 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, 06 mart 2024-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşağa 150 (bir yüz əlli) manat olmaqla, iki uşağa cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 56 (əlli altı) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar