Məhkəmə qərarları › İş №2(027)-1071/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1071/2021

21.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1071/2021 21.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı 21 aprel 2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 21 aprel 2021-ci il tarixdən başlayaraq, 19 oktyabr 2015-ci il təvəllüdlü X5 və 02 iyul 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla, iki uşağa görə 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 50 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, iddiaının təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə 19 yanvar 2015-ci il traixdə el adəti üzrə ailə qurub. Nikahları 23 fevral 2016-cı il tarixdə rəsmiləşdirilib. Birgə nikahdan 19 oktyabr 2015-ci il təvəllüdlü X5 adlı və 02 iyul 2018-ci il təvəllüdlü X4 adlı uşağları doğulub. Cavabdehlə ailə qurduğu ilk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Aralarında daima mübahisələr olur. Sonuncu dəfə 03 fevral 2021-ci il tarixdə uşağlarıyla birlikdə cavabdehdən ayrılaraq valideynlərinin yanına qayıdıb. Hazırda iki azyaşlı övladıyla birlikdə valideynlərinin köməkliyi ilə yaşayır. Bu üç ay müddəti ərzində cavabdeh nə onunla, nə də ki azyaşlı uşağları ilə maraqlanmayıb. Hazırda maddi imkanı zəifdir. Heç bir yerdə işləmir. Uşağların ehtiyacları günügündən artır. Uşaqlarına baxmaq onun kimi cavabdehin də vəzifəsidir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gələrək, Cavabdeh 19 oktyabr 2015-ci il təvəllüdlü X5 və 02 iyul 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla, iki uşağa görə 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 50 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. Məhkəmədə Cavabdeh bildirdi ki, iddianı qismən qəbul edir, o, MMC-də satış meneceri işləyir, 260 manat əmək haqqı alır. Onun tələb olunan məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur, iki uşağa görə 260 manatın 1/3 hissəsini, yəni hər uşağa görə 45 manat, iki uşağa görə 90 manat ödəməyə razıdır və göstərilənləri nəzərə almağ məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİİ 711835 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 19 oktyabr 2015-ci il təvəllüdlü X2 şəhərində doğulmuş və 230 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İV 131356 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 02 iyul 2018-ci il təvəllüdlü X1 şəhərində doğulmuş və 338 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 108423 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 23.02.2016-cı il tarixdə nikah bağlanmış və Quba rayon Qeydiyyat şöbəsində 86 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Quba rayonu Aşağı-Xuc kəndində qeydiyyatdadır. İş materiallarında olan 20 aprel 2021-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, İddiaçı hüquqi yardıma görə 50 manat ödəniş etmişdir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Beləliklə, məhkəmə iddiaçının uşağın saxlanmasında çətinlik çəkməsi nəzərə alınaraq, məhkəməyə müraciət olunan 21 aprel 2021-ci il tarixdən başlayaraq, Cavabdeh 19 oktyabr 2015-ci il təvəllüdlü X5 və 02 iyul 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 140 (yüz qırx) manat olmağla, iki uşağa görə 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment və hüquqi yardıma görə ödənilmiş 50 (əlli) manat məbləğdə pul tutulub İddiaçı verilsin.İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 21 aprel 2021-ci il tarixdən başlayaraq, 19 oktyabr 2015-ci il təvəllüdlü X5 və 02 iyul 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 140 (yüz qırx) manat olmaqla, iki uşağa görə 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Hüquqi yardıma görə ödənilmiş 50 (əlli) manat məbləğdə pul Cavabdeh tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin alınması hissəsində dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar