Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1072/2024 05.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən onun xeyrinə 3739 (üç min yeddi yüz otuz doqquz) manat məbləğində əmək haqqı qalığının 58 (əlli səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdi ki, o, 01 sentyabr 2015-ci il tarixindən 2023-cü ilin mart ayına kimi əmək müqaviləsi əsasında cəmiyyətin 90/15 nömrəli əmri əsasında fəhlə kimi işləmişdir. Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Quba-Xaçmaz regional şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunda X1 Sisteminin "‘Əmək və məşğulluq altsistemi”-ndə əmək müqaviləsinin qüvvədə olduğu qeyd olunmuşdur. O, bir müddət rəsmi qaydada adını qeyd etdiyi kənd təsərrüfatı məhsulları istehsal edən şirkətdə qablaşdırmada işləmişdir. Aylıq əmək haqqının bir hissəsini kartla almışdır. Qalan pulu isə nəğd qaydada almalı olmuşdur. 2023-cü ilin mart ayından oradan işdən ayrılmışdır. İşdən çıxmasına səbəb isə həmin şirkət olmuşdur. İşdən çıxan zaman Cavabdeh MMC-nin ona 3739 (üç min yeddi yüz otuz doqquz) manat məbləğində ödənilməmiş əmək haqqı borcu qalmışdır. Dəfələrlə şifahi şəkildə onlardan əmək haqqını, zəhmət haqqını istəsə də müxtəlif bəhanələr gətirərək ona ödəməli olduqları məbləği ödəməkdən yayınmışlar. Bununla bağlı Quba rayon əmək müfəttişliyinə müraciət etsə də, bu hələ ki, heç bir nəticə verməmişdir. Eyni məsələ ilə bağlı əmək müfəttişliyinin qaynar xəttinə də zəng edib bu barədə məlumat vermişdir. Bundan əlavə rayon polis şöbəsinə, DİN-nə bu barədə müraciətləri olmuşdur. O, hal-hazırda heç yerdə işləmir. Təzyiq xəstəsi olduğundan heç yerdə işləyə bilmir. Yoldaşı da 1-ci qrup əlildir. Əmək qabiliyyəti yoxdur. Maddi vəziyyəti olduqca ağırdır. O, müraciət etməklə yalnız öz zəhmət haqqının ona ödənilməsini istədiyini bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, keçən ilin mart ayının 20-də onalara bayram pulu verilib, ondan 200 manatı ona verilib, 250 manatını saxlayıblar. Hər dəfə pulun bir hissəsini saxlayaraq 3739 manat şirkət ona borclu qalmışdır. O, 9 ildən çox müddətə “DAD” şirkətində də rəsmi işə düzələrək işləyib. 10 ilə keçəndə səhhətində yaranan problemlə əlaqədar işdən ayrılıb. İşlədiyi müddətdə onun əmək haqqısı 450 manat olub. Əvvəlcə ona “Paşa Bank”ın kartı verilib pulun 238 manatı karta, qalanı əldən-ələ verilib, sonradan kartlar dəyişdirilib “Xalq Bank”ın kartları ilə əvəz olunub. Ondan sonra kart ondan alınıb, pulu ona köhnə qaydada əldən-ələ verilib. Buna baxmayaraq o pulun da bəzən 200 manat, çətin işlərdə bəzən 300 manat verilmiş, qalan hissə saxlanılmışdır. Mövsüm vaxtı rəsmi işçilərin pulu da saxlanmış, səəb kimi bağda işləyən fəhlələrin pulunun verildiyi bildirilmişdir. Şirkətdən çıxandan dəfələrlə pulunun qalan qalıq hissəsini istəsə də, şirkət pulu verməkdən yayınmışdır. Ona görə də iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı etiraf edərək, MMC-nin İddiaçı 3739 (üç min yeddi yüz otuz doqquz) manat məbləğində əmək haqqı borcunun olduğunu etiraf etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Quba Xaçmaz Regional şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, aparılan araşdırma zamanı Cavabdeh MMC-nin işə götürəninin xx.xx.2023-cü il tarixli 14/23 nömrəli məktubuna təqdim edilmiş sənədlərə və DƏMX-nin Quba- Xaçmaz regional şöbəsinə verdiyiniz xx.xx.2023-cü il tarixli izahata əsasən məlum olmuşdur ki, Siz xx.xx.2015-ci il tarixdə əmək müqaviləsi əsasında cəmiyyətin 90/15 nömrəli əmri ilə cəmiyyətə fəhlə işinə qəbul edilmişdir və 2018-ci il tarixindən 2023-cü ilin mart ayına kimi olan dövr üçün əmək haqqı cəmiyyət tərəfindən natamam ödənilmişdir. Bu səbəbdən də, Əmək Məcəlləsinin 172ci maddəsinin 1-ci hissəsinin tələbləri (Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.) pozulduğundan Cavabdeh MMC-nin direktoru X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında Protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubundan gürünür ki, İddiaçı şikayətinin həlli ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi, əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması ilə bağlı işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələri də daxildir. Həmin Məcəllənin 9-cu maddəsində nəzərdə tutulmuş işçinin malik olduğu hüquqlardan biri də qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq və iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək hüququ qeyd edilmişdir. Həmin Məcəllənin 87.5-ci maddəsinə əsasən işəgötürən tərəfindən bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqq-hesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 154.2-ci maddəsinə əsasən bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddia etiraf edildiyindən, cavabdeh "xxxx" MMC-dən 3739 (üç min yeddi yüz otuz doqquz) manat tutulmasına dair iddia əsaslı olmaqla təmin edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İddia tələbi ilə 58 (əlli səkkiz) manat ödənilmiş dövlət rüsumunun tutulması xahiş olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən, dövlət rüsumu üçün ödənilmiş 58 (əlli səkkiz) manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasan və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227. 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" MMC-dən 3739 (üç min yeddi yüz otuz doqquz) manat və ödənilmiş 58 (əlli səkkiz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-1072/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1072/2024
05.06.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver