Məhkəmə qərarları › İş №2(027)-1144/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1144/2022

18.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1144/2022 18.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş 28 aprel 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2014-cü il tarixdə el adəti üzrə ailə qurmuşlar. Birgə nikahlarını 07 avqust 2015-ci il tarixində rəsmiləşdirmişlər. Birgə nikahlarından 28 aprel 2015-ci il təvəllüdlü X3 adlı övladları doğulmuşdur. cavabdehlə aralarında olan ailə münasibətlərinin pozulması səbəbindən aralarındakı nikah pozulmuş və Quba rayon Qeydiyyat Şöbəsi tərəfindən nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 25 sentyabr 2020-ci il tarixli 103 nömrə ilə qeyd edilmişdir. Cavabdeh ilə aralarındakı nikah pozulan zaman birgə nikahlarından doğulmuş 28 aprel 2015-ci il təvəllüdlü X3 adlı uşaqları onun himayəsindədir. Quba Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli 2(027)-77/2020 saylı qətnaməsinə əsasən 28 aprel 2015-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 160 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Lakin 28 iyun 2020-ci il tarixində cavabdeh onu aldadaraq Quba regional “Asan xidmət" mərkəzinin Notariat ofisində ərizə yazdıraraq alimentdən imtina etdirmişdir. Onun kimi uşağına baxmaq cavabdehin də vəzifəsidir. Hazırda oğlu balaca olduğu üçün heç bir yerdə işləmir. O, uşağının tək başına ehtiyyacları qarşılaya bilmir. İlkin olaraq məhkəmədən kənar qaydada cavabdehlə ailə münasibətlərinii həll etmək üçün Mediasiya Şurasına müraciət etsə də, Cavabdeh onunla razılığa gəlməmiş, ona 16 dekabr 2021-ci il tarixdə ilkin mediasiya sessiyasında razılığa gəlməməsi barədə arayış verildi. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əmək haqqının 1/4 hissəsi miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və göstərmişdir ki, 28 iyun 2020-ci il tarixində cavabdeh onu aldadaraq Quba regional “Asan xidmət" mərkəzinin Notariat ofisində ərizə yazdıraraq alimentdən imtina etdirmişdir. O, İcra məmurunin dediklərinə görə inanıb notarisuda imza etmiş, icra məmuru ona notariusda heçnə deməməsini yalnız imza etməsini tapşırmışdır. Cavabdeh ona 1600 manat verməyib, müxtəlif vaxtlarda 600 manat vermişdir. İddia tələbini müdafiə edir və təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, hal-hazırda uşağın saxlanması üçün aliment ödəmək istəmir. Belə ki, 2020-ci il tarixində iddiaçıya 1600 manat pul vermiş, o da, bunun əvəzində alimentdən imtina etmişdir. İddiaçı onun 1600 manat pulunu qaytarsa o zaman aliment ödəyəcəkdir. Onun hazırda iddiaçıya aliment borcu yoxdur. İddianı əsasız hesab edir və rədd olunmasını xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan nikah haqqında AZ-İİ seriyalı, 040900 №li şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı Ənvər qızı arasında nikah 07 avqust 2015-ci il tarixdə bağlanmışdır. İş materiallarında olan AZ-İİİ seriyalı, 602040 №-li doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə Qasımova Xuraman Ənvər qızının birgə nikahından 28.04.2015-ci il tarixdə X3 anadan olmuşdur. İş materiallarında olan nikahın pozulması haqqında 25.09.2020-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 352572 №-li şəhadətnamədən görünür ki, X4 ilə Cavabdeh arasında bağlanmış nikah 25.09.2020-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan Quba rayon İcra və Probasiya Şöbəsinin 25 avqust 2020-ci il tarixli, qərarının surətindən görünür ki, Quba rayon Məhkəməsi tərəfindən verilmiş 12.06.2020-ci il tarixli, 2(027)-177/2020 saylı icra sənədinin Quba rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. İş materiallarında olan 16.12.2021-ci il tarixli, MŞİH-08934 №li ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəfklər ilkin mediasiya sessiyasından sonra prosesi davam etmək barədə qərar qəbul etmədilər. İş materiallarında olan Quba bələdiyyəsinin 06 may 2022-ci il tarixli, 359 saylı arayışından görünür ki, Cavabdeh, Quba bələdiyyəsində 19.04.2022-ci il tarixdən etibarən fəhlə vəzifəsində çalışır və 300 (üç yüz) manat əmək haqqı alır. İşdəki sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah 25.09.2020-ci il tarixdə pozulmuşdur. Tərəflərin birgə nikahından doğulmuş uşağı 28.04.2015-ci il təvəllüdlü X3 İddiaçı himayəsindədir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflər arasında uşağın saxlanması üçün aliment ödənilməsi barədə heç bir saziş bağlanmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda aliment tutulması barədə tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cu maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Ailə Məcəlləsinin yuxarıda istinad olunan 78.2-ci maddəsində də bu məqsəd öz əksini taparaq, qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 28.04.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulması, uşağın saxlanmasının iddiaçı və cavabdehin vəzifəsi olması zəminində onların mənafeləri, həmçinin uşaqın mənafeyi ilə aliment ödəyəcək cavabdehin mənafeyi arasında ədalətli tarazlıq yaradacaqdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 18.03.2022-ci il tarixdə təqdim edilmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş faktiki hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından 28 aprel 2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xeyrinə Cavabdeh 18 mart 2022-ci il tarixdən hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “X6” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunsun. 28 aprel 2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xeyrinə Cavabdeh 18 mart 2022-ci il tarixdən hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq, İddiaçı ödənilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar