Məhkəmə qərarları › İş №2(027)-1176/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1176/2023

12.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1176/2023 12.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimet tələbinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh Daşdəmirova (Nurənmədova) Humay Nəriman qızı ilə birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 220.00 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh Daşdəmirova (Nurənmədova) Humay Nəriman qızı ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar və birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X2 adlı bir uşağları anadan olmuşdur. Cavbdehlə birgə yaşadığları dövrdə ona xəyanət etdiyinə görə ailə münasibətləri pozulmuş və Xaçmaz rayon məhkəməsinin 2(067)-1238/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikahın pozulması və xx.xx.2014-cü il təvəllüdlü Yusifin onun yanında qalması qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-1051/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və AR Ali Məhkəməsinin 2(102)- 5703/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın bu iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda, azyaşlı oğlu Yusif onun yanındadır və o, bir ata kimi onun qidalanması, tərbiyə olunması, təhsil alması və s. məşğuldur. Nikahın pozulmasına baxmayaraq azyaşlı uşağın maddi cəhətdən təmin olunması hər iki valideynin borcudur. Ona görə də cavabdehə qarşı yuxarıda göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, İddiaçı onu oğlu xx.xx.2014-cü il təvəllüdlü X2 ilə görüşməyə qoymur. Heç yerdə işləmir. Ayda 100 manat aliment ödəyə bilər. Qeyd olunanlara əsasən iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X2 anadan olmuşdur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı uşağın saxlanması üçün cavabdehdən uşağa görə hər ay 220 manat məbləğində aliment tələb etsə də, cavabdehin qazancının məbləği barədə sübutlar təqdim etməmişdir. Cavabdehin əmlak vəziyyəti, o cümlədən qazancının məbləği barədə məlumat olmadan alimentin miqdarı uşaq üçün 220 manat məbləğində müəyyən edilə bilməz. Məhkəmə hesab edir ki, aliment uşaq üçün hər ay 120 manat məbləğində müəyyən edilməlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, uşağa görə hər ay 120 manat məbləğində aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəməyə müraciət olunan xx.xx.2023-cü il tarixdən başlayaraq, iddiaçının xeyrinə cavabdehdən uşağa görə hər ay 120 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçı aliment alınması barədə iddialar üzrə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-nin 112.1.6 və 119.2-ci maddələrin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1, 8.1.2 və 9.4-cü maddələrinə əsasən 34,40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixindən başlayaraq hər ay 120 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icraya yönəldilsin. Cavabdeh 34,40 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar