Məhkəmə qərarları › İş №2(027)-1188/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1188/2024

03.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1188/2024 03.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı Məmməsultan qzının və tərcüməçi X4 iştirakı ilə İddiaçı Məmməsultan qızının Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Məmməsultan qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş 13 iyun 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin Cavabdeh Şafı oğlundan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh Şafı oğlu ilə 14 sentyabr 1994-cü il tarixdə rəsmi nikahlarını qeyd etdirərək ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.1995-ci il təvəllüdlü Elvin, xx.xx.1999-cu il təvəllüdlü Maya adlı uşaqları anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlardan cavabdehlə münasibətləri normal olmuş, lakin sonradan pisləşmişdir. Aralrındakı münasibətlər dözülməz hal aldığından Quba Rayon Məhkəməsinin 11 mart 2009-cu il tarixli, 2(027)-261 nömrəli qətnaməsinə əsasən aralarındakı nikah pozulmuş, nikah pozulan zaman birgə nikahlarından doğulmuş uşaqlarının onun yanında saxlanılması barədə qərar qəbul edilmişdir. Nikah pozulan zaman cavabehdən uşaqların saxlanılması üçün aliment tələbindən imtina etmişdir. Aralarında olan nikah pozulduqdan bir müddət sonra onlar yenidən cavabdehlə barışaraq bir ailədə yaşamağa başlamış və onların faktiki nikah münasibətlərindən 13 iyun 2011-ci il təvəllüdlü X5 adlı övladı anadan olmuşdur. Uşaq doğularkən cavabdehlə aralarında rəsmi nikah olmasa da, cavabdehin atalığı atalığın müəyyən olunması haqqında şəhadətnamə ilə rəsmi şəkildə təsdiqlənmişdir. Lakin bir müddətdən sonra Cavabdeh Şafı oğlu ilə aralarındakı münasibətlər yenidən pozulmuşdur. Cavabdeh yetkinlik yaşına çatmayan övladının maddi təlabatlarını ödəmir. Oğlu 13 iyun 2011-ci il təvəllüdlü X6 məktəblidir, ehtiyacları günü-gündən artır. O, bir ana kimi oğlunun ehtiyaclarını tək başına qarşılamaqda çətinlik çəkir. İlkin olaraq məhkəmədən kənar qaydada məsələnin həll olunması üçün mediasiyaya müraciət etsə də, Cavabdeh Şafı oğlu mediasiyanın keçirilməsi ilə bağlı görüşə gəlmədiyi üçün ona 02 oktyabr 2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı Məmməsultan qızı iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verərək və əlavə olaraq bildirmişdir ki, cavabdehdən ayrı yaşayırlar. Cavabdeh uşağına baxmır, heç bir maddi yardım göstərmir. O, uşağın saxlanmasında çətinlik çəkir. Cavabdehin tələb olunan alimenti ödəməyə imkanı var. Ona görə də iddia ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 11 mart 2009-cu il tarixli qətnaməsindən görünür ki, X1 ilə Cavabdeh arasında 14 sentyabr 1994-cü ildə bağlanmış nikah pozulmuşdur. İş materiallarında olan İV-ИK seriyalı 661344 №-li doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikah manasibətlərindən xx.xx.2011-ci il tarixdə X5 anadan olmuşdur. İş materiallarında olan İ-ИK seriyalı, 639818№-li atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2011-ci ildə anadan olmuş X2 atası hesab edilmiş, uşağa Həbibov soyadı, Roman adı, Mübarizoviç ata adı verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞQ-MT-027-2023-001258 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh mediasiya sessiyasında iştirak etmədi. Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, tərəflər faktiki olaraq ayrı yaşayırlar və tərəflərin birgə nikah münasibətlərindən doğulmuş uşaq anası İddiaçı himayəsindədir. Tərəflər arasında yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün aliment ödənilməsi barədə saziş bağlanmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1 və 22.2.2-ci maddələrinə müvafiq olaraq bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərin birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflər arasında uşağın saxlanması üçün aliment ödənilməsi barədə heç bir saziş bağlanmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda aliment tutulması barədə tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cu maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. İddiaçı, cavabdehin işləyərək yüksək qazanc əldə etməsi və bununla da tələb etdiyi alimentin miqdarının 250 manat miqdarında təyin olunmasının əsaslı olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, işdəki sübutlara əsasən cavabdehin qazancı (gəliri) müəyyən edilmədiyindən, uşağın əvvəlki təminat səviyyəsinin maksimal saxlanması zərurəti nəzərə alınaraq, tərəflərin ər-arvad münasibətlərindən doğulmuş yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün aliment sabit pul məbləğində tutulmalıdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin birgə nikah münasibətlərindən 13 iyun 2011-ci ildə doğulmuş Həbibov (Yusifov) Roman Mübarizoviçin yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh sabit pul məbləğində hər ay 200 manat alimentin tutulması, uşağın saxlanmasının iddiaçı və cavabdehin vəzifəsi olması zəminində onların mənafeləri, həmçinin uşağın mənafeyi ilə aliment ödəyəcək cavabdehin mənafeyi arasında ədalətli tarazlıq yaradacaqdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı da məhkəməyə alimentin tutulması tələbi ilə bağlı 01 aprel 2024-cü il tarixdə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 01 aprel 2024-cü il tarixdən tutulmalıdır. Məhkəmə, iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş faktiki hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı Məmməsultan qızı ilə Cavabdeh birgə nikah münasibətlərindən doğulmuş 13 iyun 2011-ci il təvəllüdlü Həbibov (Yusifov) Roman Mübarizoviçin yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən Cavabdeh hər ay sabit pul məbləğində 200 (iki yüz) manat məbləğində aliment tutularaq, İddiaçı Məmməsultan qızına ödənilməlidir, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “X7” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “X7” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun. İddiaçı Məmməsultan qızı ilə Cavabdeh birgə nikah münasibətlərindən doğulmuş 13 iyun 2011-ci il təvəllüdlü Həbibov (Yusifov) Roman Mübarizoviçin yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən Cavabdeh hər ay sabit pul məbləğində 200 (iki yüz) manat məbləğində aliment tutularaq, İddiaçı Məmməsultan qızına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar