Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1233/2022 12.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş 29.11.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin ödənilməsi, ilkin mediasiya sessiyasında ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərcinin və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 50 (əlli) manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbini dəyişərək, 29.11.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin 09.09.2019-cu il tarixli 2(027)- 2020/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, Cavabdeh hər ay 350 (üç yüz əlli) manat sabit pul məbləğində miqdarında alimentin tutulması, ilkin mediasiya sessiyasında ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərcinin və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 50 (əlli) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 02.11.2016-cı il tarixdə rəsmi qaydada ailə qurmuş, birgə nikahdan 29.11.2018-ci il tarixdə X2 doğulmuşdur. Cavabdehlə ailə qurduğu ilk vaxtlar münasibətləri normal olsa da, sonradan pisləşmişdir. 2022-ci ilin yanvar ayından qızı ilə birlikdə cavabdehdən ayrı qalır. Quba Rayon Məhkəməsinin 03.06.2020-ci il tarixli, 2(027)-685/2020 saylı qətnaməsi ilə Cavabdeh ilə onun arasında 02.11.2016-cı il tarixdə Quba rayonu, Çiçi İƏD üzrə nümayəndəliyində bağlanmış nikah qeydinin pozulması, 29.11.2018-ci il təvəllüdlü X1 onun himayəsində qalması qət edilmişdir. Quba Rayon Məhkəməsinin 09.09.2019-cu il tarixli 2(027)-2020/2019 saylı qətnaməsi ilə Cavabdeh 08.08.2019-cu il tarixdən başlayaraq, 29.11.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, Cavabdeh 29.11.2018-ci il təvəllüdlü X1 üç yaşına çatanadək saxlanılması ilə əlaqədar 50 (əlli) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməsi qət edilmişdir. 2020-ci ildə aralarında olan nikah pozulduqdan sonra həmin ilin iyul ayında onunla barışmışdır. Hazırda o, uşağı ilə birlikdə anasının evində qalır. Anasının maddi vəziyyəti ağır olduğu üçün sonuncu ona köməklik göstərə bilmir. O, uşağın tələbatlarını normal şəkildə ödəyə bilmir. Cavabdeh Quba rayonunda stomatoloq kimi fəaliyyət göstərir və əlavə olaraq cavabdehin ərzaq mağazası vardır. Cavabdehin aliment ödəməyə maddi imkanları vardır. O, ilkin olaraq məhkəmədən kənar qaydada aliment tələbi ilə bağlı mediasiya təşkilatına müraciət etsə də, Cavabdeh ilkin mediasiya sessiyasına gəlməmişdir. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərdiklərini nəzərə alaraq, iddianın tam təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, eyni zamanda məhkəmədə iddiaya etiraz təqdim edərək, bildirdi ki, Quba Rayon Məhkəməsinin 09.09.2019-cu il tarixli 2(027)-2020/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş 160 (bir yüz altmış) manat məbləğində aliment hal-hazırki maddi vəziyyətinə uyğundur. Alimentin məbləği artırılacağı təqdirdə ödəyə bilməyəcəkdir. Belə ki, aliment tutulan vaxtdan hal-hazıradək onun maddi vəziyyətində artıma doğru heç bir dəyişiklik olmamış, əksinə əlilliyə görə aldığı pensiya 2020-ci ildə kəsilmişdir. İddiaçının müəllimə işləyərək təxminən 300 (üç yüz) manat məbləğində əmək haqqı almasına baxmayaraq, uşağın bütün xərclərini (bağça, tibbi, geyim və s.) o, özü çəkir. Göstərdiklərini nəzərə alaraq, alimentin miqdarının artırılması barədə iddia tələbini əsassız hesab edərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, o cümlədən iddia tələbinin hüquqi yardım, mediasiyaya görə ödənilmiş xərclərin tutulması ilə bağlı hissəsində də əsassız hesab edərək qəbul etməmişdir. Məhkəmə iddiaçı və cavabdehi dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Quba Rayon Məhkəməsinin 09.09.2019-cu il tarixli 2(027)-2020/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh 08.08.2019-cu il tarixdən başlayaraq, 29.11.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, Cavabdeh 29.11.2018-ci il təvəllüdlü X1 üç yaşına çatanadək saxlanılması ilə əlaqədar 50 (əlli) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməsi qət edilmişdir; Quba Rayon Məhkəməsinin 03.06.2020-ci il tarixli, 2(027)-685/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə onun arasında 02.11.2016-cı il tarixdə Quba rayonu, Çiçi İƏD üzrə nümayəndəliyində bağlanmış nikah qeydinin pozulması, 29.11.2018-ci il təvəllüdlü X1 onun himayəsində qalması qət edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olundu ki, Quba Rayon Məhkəməsinin 09.09.2019-cu il tarixli 2(027)-2020/2019 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş 29.11.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutulması İddiaçı verilməsi qət edilmişdir. Hazırda təyin edilmiş aliment uşağın tələbatlarını ödəmədiyindən iddiaçı tərəf uşağın saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılaraq, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir, lakin cavabdehin aylıq qazancına adir məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh isə iddia tələbinə etiraz edir. Halbuki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, məhkəmə uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Həmçinin məhkəmə, yetkilik yaşına çatmayanlar üçün 2022-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, 29.11.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin 09.09.2019-cu il tarixli 2(027)-2020/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Belə ki, hüquqi yardımın göstərilməsi haqqında 214 saylı müqavilənin və qəbzin surətindən görünür ki, İddiaçı ilə Quba ASAN vəkil bürosunun vəkili Elgün Əlixanlı arasında 05.04.2022-ci il tarixdə hüquqi yardımın göstərilməsi barədə müqavilə bağlanmış və bunun üçün İddiaçı tərəfindən Quba ASAN vəkil bürosunun hesabına 50 (əlli) manat məbləğində ödəniş edilmişdir. Odur ki, qeyd edilən 50 (əlli) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı mediasiya seansının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiya xərci ödəmişdir. Odur ki, qeyd edilən 50 (əlli) manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Alimentin artırılmış hissəsi 33 (otuz üç) manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə uşaq üçün müəyyən edilmiş 160 (bir yüz altmış) manat aliment artırılaraq, aylıq 193 (bir yüz doxsan üç) manat məbləğində alimentin ödənilməsinin müəyyən edildiyi nəzərə alınmaqla, bir il ərzində artırılmış hissəyə dair ödəmənin məcmusu 396 (üç yüz doxsan altı) manat təşkil edir. “Dövlət rüsumu haqqında” Qanununа edilmiş 01.01.2013-cü il tarixdən qüvvəyə minmiş dəyişikliklərə görə həmin Qanunun 8.2.1-ci maddəsinə əsasən İddianın qiyməti 1.000 manatdan az olduğu halda ödənilməsi müəyyən olunmuş rüsumun məbləği 30 (otuz) manat təşkil edir. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 29.11.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin 09.09.2019-cu il tarixli 2(027)-2020/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddiaçı tərəfindən hüquqi yardıma görə vəkilə ödənilmiş 50 (əlli) manat və dövlət büdcəsinə köçürülmüş mediasiya xərci əvəzi 50 (əlli) manat Cavabdeh tutularaq İddiaçı verilsin. Alimentin artırılması tələbi ilə bağlı ödənilməsi müəyyən edilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1233/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1233/2022
12.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver