Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1292/2020 23.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə alınmış əmlakın geri qaytarılması tələbinə dair mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə alınmış əmlakın geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanununa, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, Quba şəhəri, S.Vurğun küçəsi, 20 ünvanında yerləşən, sahəsi 8.9 kv.m olan qeyri-yaşayış sahəsi satıcı Əmlak Məsələləri Dövlət Komitəsi ilə alıcı Cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, 3392 nömrəli alqı-satqı müqaviləsinə əsasən 1500 (bir min beş yüz) manata Cavabdeh satılmışdır. Cavabdeh ona satılmış qeyri-yaşayış sahəsinin müqavilə üzrə müəyyən edilmiş satış qiymətindən 810 (səkkiz yüz on) manat ödəmiş, digər hissənin, yəni 690 (altı yüz doxsan) manatın ödənilməsini həyata keçirməmişdir. Alıcı bununla alqı- satqı müqaviləsinin şərtlərini, həmçinin bir sıra mülki hüquq normalarını pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsinin 2.2.2-ci bəndinə əsasən alıcı müqavilə imzalandığı andan 30 (otuz) gün müddətində əmlakın tam dəyərini, yəni 1500 (bir min beş yüz) manatı satıcının Azərbaycan Respublikasının Mərkəzi Bankındakı tranzit hesabına köçürməyi öhdəsinə götürmüşdür. Alıcı həm müqaviləyə, həm də mülki hüquq normalarına əsasən satın aldığı əmlakın dəyərini müqavilə ilə müəyyənləşdirilmiş müddətdə (30 gün ərzində) ödəməyə borclu olsa da, bu vəzifəsini icra etməmiş, bununla müqavilənin şərtlərini və Mülki Məcəllənin normalarını pozmuşdur. Alıcı müqavilənin şərtlərini icra etməməklə əmlakın mülkiyyətçisinə (dövlətə) maddi ziyan da vurmuşdur. Alıcı əmlakın dəyərini tam ödəmədiyinə görə onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində qalmışdır və cavabdehin həmin əmlak üzərində faktiki sahibliyi qanunsuzdur. Alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə yanaşı, həmçinin müqavilənin predmeti olmuş əmlakın satıcıya qaytarılması vəzifəsi də alıcının üzərinə qoyulmalıdır. Cavabdeh tərəfindən müqavilə üzrə ödənilmiş 810 (səkkiz yüz on) manat məbləğində vəsait satıcıya vurulmuş zərərin əvəzi kimi nəzərə alınmalı və alıcıya qaytarılmamalıdır. Alıcı müqavilədə nəzərdə tutulmuş əmlakın dəyərini tam ödəməmiş, bununla satıcını dövlət əmlakının satışından dövlət büdcəsinə daxil olmalı olan gəlirdən qismən məhrum etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 iddianı müdafiə edərək, bildirdi ki, cavabdeh borclu olduğu məbləqdən ödənişlər etmiş, cəmi 290 manat borcu qalmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, 3392 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Quba şəhəri, S.Vurğun küçəsi, 20 ünvanında yerləşən, sahəsi 8.9 kv.m olan qeyri-yaşayış sahəsi 1500 (bir min beş yüz) manata Cavabdeh satılmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Quba şəhəri, S.Vurğun küçəsi, 20 ünvanında yerləşən, sahəsi 8.9 kv.m olan qeyri-yaşayış sahəsi 1500 (bir min beş yüz) manata iş üzrə Cavabdeh satılmışdır. Cavabdeh alınmış obyektin dəyərini müqavilə bağlandığı andan 30 gün müddətindən gec olmayaraq ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı təşkilat cavabdeh tərəfindən müqavilənin icra edilməməsi səbəbindən cavabdeh tərəfindən ödənilmiş 810 (səkkiz yüz on) manat pulun təşkilata dəymiş ziyan kimi hesab edilməsi və xx.xx.2017-ci il tarixli, 3392 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsini tələb etmişdir. İş materiallarından göründüyü kimi, cavabdeh üzərinə düşən öhdəliyi tam icra etməsə də, satıcı təşkilata cəmi 290 manat borcu qalmışdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 443.1 -ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin maddənin 2-ci hissəsinə əsasən zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. (646.2-ci maddə) İddiaçı cavabdehin ona 290 manat məbləğində pul borclu olduğunu iddia edir. Göstərilən məbləğ hazırki müqavlənin ləğv olunması üçün əsas ola bilməz. Məhkəmə hesab edir ki, tərəflərin hər hansı kənar təsir olmadan könüllü şəkildə imzaladıqları müqavilənin mühüm şərti barədə müddəaları iddiaçının iddiası ilə şübhə altına alına və ya ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə alınmış əmlakın geri qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1292/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1292/2020
23.09.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver