Məhkəmə qərarları › İş №2(027)-1333/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1333/2025

18.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1333/2025 18.09.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 200 (iki yüz) manat hər ay ödənilməli olan sabit pul məbləğində alimentin tutularaq ona verilməsi, o cümlədən mediasiya sessiyası üçün ödədiyi 60 (altmış) manat rüsumun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə Quba rayonu, Talabışlaq kəndində anadan olmuşdur, ali təhsillidir, təqaüdə çıxana kimi həmin kəndin tam orta məktəbində riyaziyyat müəllimi işləmişdir. 1979-cu ildə X3 ilə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan onların xx.xx.1980-ci il təvəllüdlü Sədiyeva (Dilanə) Əşrəf qızı, xx.xx.1983-cü il təvəllüdlü X5, xx.xx.1985-ci il təvəllüdlü İskəndərova (Atayeva) Şahnaz Əşrəf qızı, xx.xx.1988-ci il təvəllüdlü Zeynalova (Atayeva) Sədaqət Əşrəf qızı və xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh adında 5 uşağı olmuşdur. Qızlarını ərə köçürmüş, oğlu Şakir də ailə quraraq ondan ayrı yaşayır. Kiçik oğlu Seyran ailə qurmuş, arvadı və 2 azyaşlı uşağı ilə onun evində yaşayır. Seyran həftənin şənbə və bazar günləri Bakı şəhərinə «Meyvəli» bazarına meyvə aparıb satır, həftənin qalan günlərində kəndin girişində olan avtoyuma məntəqəsində yuyucu işləyir. Hər iki işdən qazanc əldə etməsinə baxmayaraq ailəsinə baxmır, onun da ailəsinə o, baxır. Özü xeyli müddətdir ki, xəstədir, insult keçirmiş, dəfələrlə Qusar RMX-da və Quba RMX-da müalicə almışdır. Lakin, hazırda da danışığında və dayaq-hərəkət sistemində nöqsanlar vardır, müstəqil hərəkət etməkdə çətinlik çəkir. O, 509 (beş yüz doqquz) manat təqaüd alır. Oğlu Seyranın ailəsi olmasa, bu təqaüd bəs edər, lakin, oğlunun ailəsinin dolanışıq xərcləri çoxdur. Ona görə də təqaüdünü onlara xərcləyir. Ona görə də tibbi müayinə və müalicə oluna bilmir, o cümlədən dərmanlarını ala bilmir. Yaşadığı kənddə Seyran üçün ev tikməyinə baxmayaraq, o, onların evindən ailəsini də götürüb çıxmır. Ona görə ki, ailəsi onların təqaüdü ilə dolanır, özü isə 1 manat da olsa pul xərcləmir. Dəfələrlə qeyd etdikləri ilə bağlı Seyrana irad bildirmiş, lakin heç bir xeyri olmamışdır. O, maddi yardıma möhtac olan insandır. Oğlu Cavabdeh onun əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladı kimi onu - maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan atasını saxlamağa və ona qayğı göstərməyə borcludur. O, Seyrandan aliment tələbi ilə bağlı 2024-cü ilin sonlarında Quba 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Mediasiya prosesində Seyran ona aliment ödəməkdən imtina etmişdir. Ona görə də ondan aliment tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, oğlu Cavabdeh aliment tələb etməkdə haqlıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, aldığı əmək pensiyası onun müalicəsi üçün kifayət deyildir. Arvadı da onunla birlikdə yaşayır və o da əmək pensiyası alır. Digər övladları arada dərmanlarını almaqda ona kömək edirlər. Lakin cavabdeh olan övladı ona heç bir kömək göstərmir.Ona görə də yalnız alimenti ondan tələb edir. Oğlu, iddiaçını döyməsinə görə bir dəfə məhkəmə qərarı əsasında cərimə ödənilmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, maddi vəziyyətinin yaxşı olmadığı üçün iddianın təmin edilməməsini xahiş etmiş, izahatında qeyd etmişdir ki, iddiaçının özünün kifayət qədər pensiyası vardır. Əlavə olaraq anası da atası ilə birlikdə yaşayır. Anası da 400 manat əmək pensiyası alır. Bir evdə yaşasalar da, cavabdeh ailəsi ilə birlikdə bir otaqda yaşayır. Qaz, işıq pulunu o verir. Atası onlara pul xərcləmir. Gəliri olduqca azdır. İki övladı var. Atasının məhkəmədə iddia qaldırmasına səbəb o olmuşdur ki, bir dəfə qardaşı və atası ilə aralarında yaranmış mübahisə zamanı atası inzibati qaydada cərimə edilmişdir. Həmin cərimə məbləğinin bir hissəsi onun pensiyasına yönəlmişdir. Odur ki, atası ona qarşı iddia qaldırmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən: "xxxx" ASC-nin ödəniş kartı üzrə çıxarışından görünür ki, İddiaçı 509 manat məbləğində pensiya alır. Şabran rayon Mərkəzi Xəstəxanasının 04 mart 2025-ci il tarixli arayışından görünür ki, 1956-cı il təvəllüdlü İddiaçı ondan ötrü ki, o həqiqətən Şabran RMX PHŞ- nin terapiya şöbəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər “Baş beyin infarktının qalıq əlamətləri İ69.3” diaqnozu ilə stasionar müalicə almışdır. “OKİ” tibbi müalicəxanasının xx.xx.2019-cu il tarixli tomoqrafiya müayinəsinin nəticəsindən görünür ki, İddiaçı Baş beynin hər iki yarımkürəsində periventrikulyar ağ maddədə, semioval mərkzələrdə, inşalar, pariyetal və frontal subkorteksdə çoxsaylı hipodens işemik tipli və postinfakt ocaqlar aşkar edilir. Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı Quba Rayon Mərkəzi Xəstəxanasında 2019cu ildə Nevrologiya şöbəsində xx.xx.2019-cu il tarixdən xx.xx.2019-ci il tarixədək,2020-ci ildə xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci tarixinədək Nevrologiya şöbəsində, 2025-ci ildə xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək Travmatologiya şöbəsində stasionar müalicədə olmuşdur. Talabıqışlaq inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 noyabr 2024-cü il tarixli, 839 nömrəli arayışa əsasən Atayev X1 sakini olub, hal-hazırda həmin kənddə yaşayır. Ambulator, stasionar xəstənin tibbi kartasından çıxarışa əsasən İddiaçı İİİ mərhələdə hipertoniya xəstəsidir. Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(027)-2458/2023 nömrəli qərarına əsasən İddiaçı AR İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli -1400 manat məbləğində cərimə edilmişdir. Quba rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 3(027)-185/2024 nömrəli qərarına əsasən Cavabdeh AR İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 300 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmədə ilk öncə onu qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşür. Başqa sözlə, məhz iddiaçı iddia tələbinin əsası kimi istinad edilən halları sübut etmək öhdəliyi daşıyır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının X3 ilə rəsmi nikahdan xx.xx.1980-ci il təvəllüdlü Sədiyeva (Dilanə) Əşrəf qızı, xx.xx.1983-cü il təvəllüdlü X5, xx.xx.1985-ci il təvəllüdlü İskəndərova (Atayeva) Şahnaz Əşrəf qızı, xx.xx.1988-ci il təvəllüdlü Zeynalova (Atayeva) Sədaqət Əşrəf qızı və xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh olmaqla, ümumilikdə 5 uşağı olmuşdur. İddiaçı isə hazırda təkcə övladı Cavabdeh aliment tələb edir. Buna əsas olaraq hazırda cavabdeh kimi göstərilən övladının ona maddi yardım etmədiyini göstərir. AR Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. 82.2. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. 82.3. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. 82.4. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. 82.5. Valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər. 82.6. Uşaqlar valideynlik hüquqlarından məhrum edilən valideynlərinə aliment ödəməkdən azad edilirlər. Məhkəmə qeyd edir ki, yetkinlik yaşına çatmış övladlların maddi yardıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan valideynlərini saxlaması onların əxlaqı və mənəvi borcudur. Övladlar valideynlərini nəinki maddi cəhətdən təmin etməli, eyni zamanda onlara qayğı göstərməlidir. Qanunun normasının mənasına görə uşaqlar valideynlərinə şəxsi qulluq etməli, müalicəsini təşkil etməlidir və s. Övladların öz valideynlərini saxlamaları , adətən onların aliment ödəmələri qaydasında olur. Övladlardan valideynlərin xeyrinə tutulan alimentin miqdarl dəqiq müəyyən edilməmişdir. Bu məsələ məhkəmə tərəfindən həll edilir. Bu halda alimentin miqdarı müəyyən edildikdə, həm valideynlərin, həm də övladların maddi və ailə vəziyyətləri, ümumiyyətlə isə hər iki tərəfin diqqətəlayiq maraqları nəzərə alınır. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat müəyyən edilmişdir. Görünüdüyü kimi AR Prezidentinin sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 400 manat miqdarında müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, iddiaçının aldığı əmək pensiyasının məbləği 509 manat təşkil edir. Əlavə olaraq məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə birlikdə yaşayan həyat yoldaşı X3 da əmək pensiyası alır. Hazırda iddiaçının yaşını və səhhətini nəzərə alaraq məhkəmə onun əmək qabiliyyətinin olmadığı qənaətinə gəlsə də, sözügedən şəxsin aldığı əmək pensiyasının miqdarının müəyyən edilmiş minimum aylıq əmək haqqı məbləğindən daha çox təşkil etdiyini qeyd edir. Lakin “Elektron məhkəmə informasiya” sistemindən əldə edilmiş məlumatdan müəyyən olunur ki, Cavabdeh rəsmi gəliri mövcud deyildir. Eyni zamanda şəxsin öhdəsində iki azyaşlı övladı mövcuddur. Şəxs məhkəmə iclasında əldə etdiyin gəlirin kifayət qədər az olmasını qeyd etməklə, iddiaçıya hər ay müvafiq məbləğdə aliment ödəməsinin mümkün olmadığını bildirmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçının cavabdehdən savayı övladları da mövcuddur və digər övladlarının (oğlanların) onun müalicə almasında bəzi maddi yardımlar göstərdiyini bildirmişdir. Tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan, eyni zamanda təqdim edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan müəyyən olunur ki, tərəflər bir evdə yaşasalar da , onlar arasında mübahisələr, hətta məhkəmə mübahisələri mövcud olmuşdur və sadalanan hallar hazırki iddianın qaldırılmasına əsas kimi çıxış etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək məhkəmə hesab edir ki, İddiaçının Cavabdeh qarşı aliment tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İddia tələbi təmin edilmədiyindən məhkəmə hesab edir ki, 60 manat məbləğində mediasiya xərci də iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar