Məhkəmə qərarları › İş №2(027)-137/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-137/2023

10.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-137/2023 10.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 29 iyun 2020-ci il tarixli, 2(027)-154/2020 saylı qətnaməsi ilə nəzərdə tutulmuş aliment məbləğinin artırılaraq, 24 dekabr 2006-cı il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 iddiaçı tərəfin yanında saxlanılması, 24 dekabr 2006-cı il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin ondan - İddiaçı tələb olunmasının qanunsuz hesab edilməsi, aldığı əmək haqqının 1/3-nin aliment kimi tutularaq qarşı tərəfə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini dəqiqləşməsinə dair ərizə ilə müraciət edərək, uşaqların saxlanması, yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 165 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində alimentin alınaraq qarşı tərəfə veriməsinin əleyhinə olmağının nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Göstərilənləri nəzərə alaraq, hazırki işlə bağlı məhkəmə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı tərəfindən iddia tələbinin əsasını dəyişməsini qanunauyğun sayır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, aralarında xx.xx.2005-ci il tarixli olan rəsmi nikahla iddiaçı Cavabdeh ilə ailəli olmuşlar. Həmin nikahdan 24 dekabr 2006-cı il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X6 dünyaya gəliblər. Quba Rayon Məhkəməsinin 29 iyun 2020-ci il tarixli, 2(027)-154/2020 saylı qətnaməsi ilə nəzərdə tutulmuş hər ay hər uşağa 150 manat sabit pul məbləğində aliment məbləğinin artırılaraq, Quba Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(027)-1891/2022 saylı qətnaməsi ilə 24 dekabr 2006-cı il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 165 (bir yüz aıtmış beş) manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində alimentin tutlması ondan - İddiaçı tələb olunmuşdur. Uşaqların saxlanılması, yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 165 (bir yüz almış beş) manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində alimentin alınaraq qarşı tərəfə verilməsinin əleyhinədir. Çünki, o, yenidən ailə qurmuşdur, 27 iyun 2021-ci il təvəllüdlü X3 adlı övladı var. Onun gəlirləri cəmi 300 (üç yüz) manatdır. İstəyir ki, "Ailə Məcəlləsi" nin 76.1.2. maddəsinə görə, (2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi) əmək haqqımdan tutularaq, iddiaçı tərəfə ödənilməlidir. Qanunla bütün uşaqların hüquqları bərabərdir. Qeyd edir ki, bu işlə bağlı Mediasiyaya müraciət etmişdir, lakin, qarşı tərəf təyin olunmuş Mediasiya prosesinə gəlməmişdir. Bu barədə Mediatorun "İlkin mediasiya prosesində iştirak edilməməsi barədə arayış" qeydlər aparılmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, təkər təmiri sexində təmirçi işləyir, 300 manat əmək haqqı alır. İkinci ailəsindən bir qızı dünyaya gəlmişdir. Həmin uşağın hüququnu pozmaq istəmir, odur ki, əmək haqıqının 3 hissəyə bölünməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Mülki işin materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-1891/2022 saylı xx.xx.2022-ci il tarixli qətnamədən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2010cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba rayon Məhkəməsinin 2(027)-154/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay hər uşaq üçün 165 manat olmaqla, ümumilikdə 330 manat sabit pul mbləğində aliment tutularaq, iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Mülki işin materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2447/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)-1891/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmış, cavabdeh X4 apellyasiya şikayəti təmin edilməmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunun bu norması məhkəmə tərəfindən alimentin müəyyən olunmuş miqarının dəyişilməsi üçün zəruri əsas kimi alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasını nəzərdə tutur. İşdəki sübutlarla müəyyən olunmuşdur ki, Fazil Məmmədov məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının azaldılmasının əsası kimi ikinci dəfə ailə qurmasını və yeni ailəsindən bir uşağının olmasını göstərmişdir. İddiaçı alimentin azaldılması üçün bundan başqa heç bir əsas göstərməmişdir. Bu isə alimentin məbləğinin azaldılması üçün əsas olmamasını göstərir. Həmçinin iş üzrə iddiaçı alimentin miqdarının artırılması barədə Quba Rayon Məhkəməsinin 2(027)-1891/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya qaydasında vermiş olduğu şikayət apellyasiya məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanılmışdır. Buda onu göstərir ki, apellyasiya məhkəməsi də uşaqların mənafeini üstün tutmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqalrın qayğısına qalmaq valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasətinin bir hissəsi də, hər bir uşağın zəruri maddi şəraitinin təmin edilməsinə yönəldilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşağın özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2015-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinə əsasən heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynlərini öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentn ödənilməsi onlara öz şəxsi istehlak təlabatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddiaçının izahatını dinləyib, qeyd olunan maddi və prosessual hüquq normalarına isinad edərək və yetkinlik yaşına çatmayan uşaqın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən, q ə t e t d i: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar