Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1427/2021 12.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş 03 fevral 2011-ci il təvəllüdlü X4 ilə 05 aprel 2018-ci il təvəllüdlü Abdullayeva Gülnar Elgün qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün 04 dekabr 2020-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 200 manat olmaqla cəmi 400 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 07 dekabr 2009-cu il tarixdə rəsmi nikahı qeyd etdirərək ailə qurmuşalar, birgə nikahlarından 03 fevral 2011-ci il tarrixdə X4 adlı, 05 aprel 2018-ci il tarixdə isə X2 adlı uşaqları doğulmuşdur. Cavabdehlə münasibətləri ilk vaxtlar yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, cavabdeh ailəsi ilə maraqlanmır evə qazanc gətirmir, uşaqları saxlamır. Mütəmadi olaraq işləmək adı ilə Rusiya Federasiyasına gedib qayıdır. Lakin qazancını ailəsinə xərcləmir. O, uşaqlarının saxlanılması üçün cavabdeh və onun valideynlərinin köməyi olmadığı üçün valideynlərinin evinə qayıtmışdır. O, uşaqlarını valideynlərinin köməkliyi ilə saxlayır, uşaqların ehtiyacları günü-gündən artır. 03 fevral 2011-ci il təvəllüdlü oğlu X4 hazırda İV sinifdə oxuyur. Onun kimi uşaqlarına baxmaq cavabdehin də vəzifəsidir. Hazırda azyaşlı övladı olduğu üçün heç bir yerdə işləmir. Hazırda onlara məxsus Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən evin aylıq ipoteka olan 323 manat məbləğində pulu da özü ödəyir. Maddi vəziyyəti çox pisdir. O, 04 dekabr 2020-ci il tarixdə nikahın pozulması, uşaqların onun yanında saxlanılması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin sonradan iddia ərizənin geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(027)-360/2021 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış və iş baxılmamış saxlanılmışdır. Hazırda uşaqların saxlanılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 13 yanvar 2015-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 010847 №-li nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 arasında nikah 07.12.2009-cu il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2009-cu ilin dekabr ayının 07 günündə 12 № ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Abdullayeva soyadı verilmişdir. İş materiallarında olan AZE seriyalı 10900177 №li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 03.02.2011-ci il tarixdə X4 anadan olmuşdur. İş materiallarında olan 17 iyul 2019-cu il tarixdə verilmiş İİİ-TH seriyalı 763711 №-li doğum haqqında şəhadətnamədən və AA seriyalı ******* №li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 05.04.2018-ci il tarixdə X2 anadan olmuşdur. İş materiallarında olan Quba rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli 2(027)-360 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların onun yanında saxlanması və aliment tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəsinə əsasən geri qaytarılmış və ərizə baxılmamış saxlanılmışdır Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə 07 dekabr 2009cu il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə evlənib ailə qurmuş, onların birgə nikahlarından 03.02.2011-ci il tarixdə X4 və 05.04.2018-ci il tarixdə X2 anadan olmuşlar. Tərəflər faktiki olaraq ayrı yaşayırlar və tərəflərin birgə nikahlarından doğulmuş uşaqları anasının himayəsindədir. Tərəflər arasında yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment ödənilməsi barədə saziş bağlanmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda aliment tutulması barədə tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cu maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. İddiaçı, cavabdehin işləyərək yüksək qazanc əldə etməsi və bununla da tələb etdiyi alimentin miqdarının hər uşaq üçün 200 manat olmaqla iki uşaq üçün hər ay 400 manat miqdarında təyin olunmasının əsaslı olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, işdəki sübutlara əsasən cavabdehin qazancı (gəliri) müəyyən edilmədiyindən, uşağların əvvəlki təminat səviyyəsinin maksimal saxlanması zərurəti nəzərə alınaraq, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağların saxlanması üçün aliment sabit pul məbləğində tutulmalıdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin birgə nikahından 03.02.2011-ci il tarixdə doğulmuş X4 və 05.04.2018-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər uşağa görə ayda 140 manat olmaqla, iki uşağa görə hər ay 280 manat sabit pul məbləğində alimentin tutulması, uşağların saxlanmasının iddiaçı və cavabdehin vəzifəsi olması zəminində onların mənafeləri, həmçinin uşağın mənafeyi ilə aliment ödəyəcək cavabdehin mənafeyi arasında ədalətli tarazlıq yaradacaqdır. Məhkəmə iddiaçının alimentin tutulmasının 04 dekabr 2020-ci il tarixdən hesablanması barədə iddia tələbinə hüquqi qiymət verərək, hesab edir ki, həmin tələb əsassızdır və təmin olunmamalıdır. Belə ki, iddiaçı məhkəməyə alimentin tutulması tələbi ilə bağlı 11 iyun 2021-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də qanunun tələbinə görə tərəflərin yetkinlik yaşına çatmayan uşaqlarının saxlanması üçün aliment iddiaçının bu tələb üzrə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 11 iyun 2021-ci il tarixdən tutulmalıdır. Alimentin 04 dekabr 2020-ci il tarixdən tutulması tələbi qanuna zidd olmaqla, əsassızdır və təmin olunmamalıdır. Məhkəmə, iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş faktiki hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı birgə nikahından 03.02.2011-ci il tarixdə doğulmuş X4 və 05.04.2018-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 11 iyun 2021-ci il tarixdən Cavabdeh hər uşağa görə ayda 140 (yüz qırx) manat olmaqla, iki uşağa görə hər ay 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “X8” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun. Cavabdeh ilə İddiaçı birgə nikahından 03.02.2011-ci il tarixdə doğulmuş X4 və 05.04.2018ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 11 iyun 2021-ci il tarixdən Cavabdeh hər uşağa görə ayda 140 (yüz qırx) manat olmaqla, iki uşağa görə hər ay 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1427/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1427/2021
12.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver