Məhkəmə qərarları › İş №2(027)-1438/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1438/2023

25.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1438/2023 25.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş övladları 30 iyul 2012-ci il təvəllüdlü X3, 20 iyul 2014-cü il təvəllüdlü X6, 14 aprel 2019-cu il təvəllüdlü X11 və X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 220 manat olmaqla, hər ay 4 uşaq üçün 880 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh X10 ilə 2011-ci ildə el-adəti ilə evlənib ailə qurub. Nikahları xx.xx.2013-cü il tarixdə rəsmi qeyd etdiriblər. Birgə nikahdan xx.xx.2012-ci il tarixdə Nərmin və 20 iyul 2014-cü il tarixdə Yusif doğulmuşlar. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən, Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaqlar onun himayəsində saxlanılaraq, hər ay hər uşaq üçün 75 manat olmaqla, 2 uşaq üçün hər ay 150 manat məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi qət olunmuşdur. Təxminən iki ildən sonra cavabdehlə yenidən barışaraq ailə münasibətləri bərpa olunub, lakin nikahı rəsmiləşdirməmişdilər. Cavabdehlə barışdığından ərizəsi əsasında alimentin verilməsi dayandırılmışdır. Cavabdehla bir ailədə yaşadığı müddətdə onların 14 aprel 2019-cu il tarixdə əkiz uşaqları Ayla yə Ayxan doğulmuşlar. Bir müddətdən sonra cayabdehlə yenidən münasibətləri pozulmuş, cavabdeh 18 dekabr 2022-ci il tarixdə ondan ayrılaraq getmiş, artıq 6 aydır ki, ayrı yaşayırlar. Uşaqlar onun himayəsindədir. Maddi cəhətdən imkanı olduqca pisdir. Halhazırda qanunla hər bir uşağın minimum yaşayış tərzi üçün 220 manat nəzərdə tutulmuşdur. Bildirir ki, həmin məbləğ hazırkı bazar iqtisadiyyatına nisbətdə aşağı olmaqla bir ay müddətində uşağın yeməyini, paltarını yə digər ehtiyaclarını ödəmir. Övladları azyaşlı olduğundan və onların daima ana qayğısına ehtiyacı olduğundan işləyə bilmir. Belə ki, cavabdeh günəmuzd işlərdə işləyərək gəlir əldə edir. Lakin övladlarının saxlanılmasında ona kömək eləmir. Bütün qazancını özünə xərcləyir. Övladlarını valideynlərinin köməkliyi ilə saxlayır. Aliment tələbinə dair Mediasiya Şurasına müraciət etmiş, lakin cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilmiş mediasiya sessiyasında iştirak etməmişdir. Qeyd edir ki, mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 55 manat mediasiya xərci onun tərəfindən ödənilib. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİİ 226040 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən göründüyü kimi, X9 xx.xx.2012-ci il il tarixdə doğulmuş, atası - Cavabdeh, anası - İddiaçı kimi qeyd olunmuşdur. İş materiallarında olan AZ-İİİ 596293 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən göründüyü kimi, X12 20.072014-cü il il tarixdə doğulmuş, atası- Cavabdeh, anası- İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan AZ-İV 264094 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən göründüyü kimi, X11 xx.xx.2019-cu il il tarixdə doğulmuş, atası- Cavabdeh, anası- İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan AZ-İV 264093 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən göründüyü kimi, X13 xx.xx.2019-cu il il tarixdə doğulmuş, atası- Cavabdeh, anası- İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan AZ-İ 246703 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətindən görünür ki, X4 ilə Cavabdeh arasında bağlanmış nikah ləğv edilmiş, nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 38 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan X5 iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞQ-MT-027- 2023-00650 saylı arayışına əsasən, Cavabdeh X5 iştirak etməmişdir.18696 nömrəli qəbzə əsasən İddiaçı tərəfindən 55 manat mediasiya xərci ödənilmişdir. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.7-ci bəndində qeyd edilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında rəsmi nikah bağlanılmış, onların birgə nikahdan 30 iyul 2012-ci il təvəllüdlü X9, 20 iyul 2014-cü il təvəllüdlü X12 anadan olmuşdur. Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaqlar analarının himayəsində saxlanılaraq, hər ay hər uşaq üçün 75 manat olmaqla, 2 uşaq üçün hər ay 150 manat məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi qət edilmişdir. Sonradan münasibətləri bərpa olunmaqla faktiki münasibətlərindən əkiz övladları, 14 aprel 2019-cu il təvəllüdlü X11 və X13 anadan olmuşdur. Uşaqlar hal-hazırda analarının yanında qalırlar. Cavabdehin könüllü şəkildə uşağların saxlanması üçün heç bir maddi yardım göstərmədiyindən, iddiaçı aliment təyin edilməsi tələbi ilə haqlı olaraq məhkəməyə müraciət etmişdir. Həmçinin, məhkəmə təyin olunacaq alimentin miqdarının və məbləğinin müəyyən eidlməsi ilə bağlı onu qeyd edir ki,hazırki mülki iş üzrə aliment ödəmək öhdəliyi daşıyan valideyn qismində çıxış edən cavabdehin rəsmi iş yeri və aylıq qazanca malik olması halını müəyyən etmək mümkün olmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq aliment aylıq sabit pul məbləği şəklində müəyyən edilməlidir. İddiaçı hər uşaq üçün aylıq 220 manat məbləğində aliment təyin edilməsini tələb etsə də, uşaqların aylıq xərcinin qeyd edilən məbləğdə olmasına dair sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda cavabdehin hər uşağa görə sabit pul məbləğində aliment öhdəliyi, habelə zəruri ehtiyacları, daim artan günədlik tələbatları, valideynlərin hər ikisinin uşaqlarını saxlamaq öhdəliklərinin olmasını nəzərə almaqla məhkəmə hesab edir ki, aliment məbləği hər uşaq üçün 150 manat məbləğində müəyyən edilməsi ağlabatan qəbul edilir. Beləliklə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Belə ki, məhkəməyə xx.xx.2023-cü ildə müraciət edildiyindən, aliment həmin tarixdən etibarən cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, qeyd edilməlidir ki, “Dövlət rüsumu haqqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmçinin, qeyd olunan Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatdan 10000 manatdək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırki iş üzrə ödənilməli olan 92 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 30 iyul 2012-ci il təvəllüdlü X3, 20 iyul 2014-cü il təvəllüdlü X6, 14 aprel 2019-cu il təvəllüdlü X8 və 14 aprel 2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023cü il tarixdən başalayaraq hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilməli olan 92 (doxsan iki) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar