Məhkəmə qərarları › İş №2(027)-1492/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1492/2020

25.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1492/2020 25.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, azyaşlı xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq onun xeyrinə cavabdehdən hər ay bir uşaq üçün 170 (bir yüz yetmiş) manat, uşaq 3 yaşınadək onun maddi ehtiyaclarının ödənilməsi üçün 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin və cavabdehin əlavə gəlirlərindən qızının yetkinlik yaşına çatanadək ¼ hissəsi miqdarında pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2017-ci il tarixli 3 Saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 2554 saylı nikah qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Ailə həyatı qurandan 2 ay sonra, cavabdeh hamilə vəziyyətdə qoyaraq qaçmışdır. O, çəkdiyi əziyyət nəticəsində uşaq doğulana qədər yataq rejimində olmuş, nəticədə uşaq xəstə doğulmuşdur. O, övladının maddi xərclərini tək başına ödəyə bilmir. Himayəsində sığındığı anası da İ qrup əlildir. O, anası ilə birlikdə kirayə yaşayır. Cavabdeh uşağa baxmır və bir ata kimi atalıq vəzifələrini yerinə yetirmir.Cavabdeh sahibkardır və Quba şəhərində “Birja” Ticarət Mərkəzində sahibkar kimi ticarətlə məşğul olur. Cavabdehin adına VÖEN-i var və hazırda da fəaliyyət göstərir. O isə azyaşlı övladına baxdığı üçün heç bir yerdə işləmir. Anasında xəstə olduğuna görə köməksiz vəziyyətdə qalmışdır. Qızı Rüqəyya kəskin respiratorvirus infeksiyası. Sepsis. Hipertermiya. Anemiya. Toksik diaqnozu ilə həkim nəzarətindədir və müalicə olunur. Qızının həkim xərcləri üçün onun kifayət qədər xərci çıxır. Bütün bu xərcləri onun valideynləri ödəyir. Cavabdeh qızının xəstə olduğunu bilə-bilə onunla qərəzli olduğu üçün uşağa baxmır.Cavabdeh öz istəyi ilə doğma övladına baxmadığı üçün o, məhkəmə qaydasında cavabdehdən aliment tutulmasını tələb edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə etdi. İş üzrə Cavabdeh iddiaya etirazında iddianı qismən qəbul edərək, bildirdi ki, azyaşlı qızı Rüqəyyaya yaxşı baxır, onun bütün xərclərini ödəyir. VÖEN-i olsa da, dondurmuş və hazırda heç yerdə işləmir. Uşağın saxlanılması üçün iddiaçının xeyrinə hər ay 150 (bir yüz əlli) manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib və cavabdehin etirazını nəzərdən keçirib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahı xx.xx.2017-ci il tarixdə 3 saylı Bakı Asan xidmət mərkəzinin Qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X3 tərəflərin birgə nikahından doğulmuşdur. İş materiallarında olan epikrizin surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X3 “Kəskin respiratorvirus infeksiyası. Sepsis. Hipertermiya. Anemiya. Toksik ensefalopatiya. İnkişaf etaplarının ləngiməsi” diaqnozu ilə həkim nəzarətindədir və müalicə olunur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.81.2-ci maddəyə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Beləliklə, göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün əlavə xərc kimi 50 (əlli) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddia tələbinin “uşağın 3 yaşınadək iddiaçının maddi ehtiyaclarının ödənilməsi üçün 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması” hissəsinə gəldikdə isə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85-ci maddəsində göstərilir ki, ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. İş materiallarından görünür ki, tərəflərin nikahı rəsmi xarakter daşıyır. Nikahın pozulmasına dair iş materiallarına heç bir sənəd əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin nikahı pozulmadığından iddiaçının iddia tələbi bu hissədə təmin edilə bilməz. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun9.1.2-ci maddəsinə əsasən iddiaçı aliment alınması barədə iddialar üzrə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-nin 112.1.6 və 119.2-ci maddələrin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1 və 9.4-cü maddələrinə əsasən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün əlavə xərc kimi 50 (əlli) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment hissədə dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar