Məhkəmə qərarları › İş №2(027)-1559/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1559/2020

10.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1559/2020 10.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X4 məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü Fəda, xx.xx.2010-cu il təvəllüdlü Fəriqə və xx.xx.2012-ci il təvəllüdlü Nurayın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 510 manat məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X4 iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2007-ci ildə el-adəti üzrə ailə qurmuşdur. Nikahları isə xx.xx.2009-cu il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü Fəda, xx.xx.2010-cu il təvəllüdlü Fəriqə və xx.xx.2012-ci il təvəllüdlü Nuray adlı uşaqları anadan olmuşdur. Cavabdehlə münasibətləri uyğun gəlmədiyindən cavabdehin iddia tələbi üzrə Quba rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)-126/2015 saylı qətnaməsi ilə aralarında olan xx.xx.2009-cu il tarixdə bağlanmış nikahları pozulmuş, nikahları pozularkən birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü Fəda, xx.xx.2010-cu il təvəllüdlü Fəriqə və xx.xx.2012-ci il təvəllüdlü Nuray onun himayəsində saxlanılmış, onların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər uşaq üçün 60 manat olmaqla 3 uşaq üçün 180 manat savit pul məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. Sonradan cavabdehin aliment borcu yığıldığından onun həll olunmaması üçün o, Quba rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək, Quba rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)- 126/2015 saylı icra sənədinin geri qaytarılmasını xahiş etmişdir. Bundan sonra icra sənədinin icraatına xitam verilmişdir. Cavabdeh uşaqları ilə maraqlanmır,onlara heç bir maddi yardım göstərmir. Maddi vəziyyəti çox acınacaqlıdır. Uşaqlarını saxlamaqda çətinlik çəkir. Cavabdeh günəmuzd işlərdə işləyir, bundan başqa rəngsaz usta kimi evlərdə işləyir. Aylıq qazancı və gəliri 500-600 manat təşkil edir. Maddi cəhətdən vəziyyəti olduqca yaxşıdır. Lakin, uşaqlarının saxlanılmasında köməklik etmir, ümumiyyətlə uşaqları ilə maraqlanmır. Məhkəmə iclasında iddiaçı X1 iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Həsənov Elnur Möhübbət oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “doğum haqqında şəhadətnamə”nin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X10, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X9 anadan olmuşlar. İş materiallarında olan Quba rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)-126/2015 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə X5 arasında bağlanmış nikahın pozulması, nikah pozularkən tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X10, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X9 anaları X2 yanında saxlanılmaları, xx.xx.2008-ci il təvəllüdlü X10, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər uşaq üçün ayda 60 manat olmaqla 180 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, İddiaçı Cavabdehla barışdığı üçün ona qarşı aliment tələbinin olmadığını və icra sənədinin geri qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan Quba rayon İcra və probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Quba rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 2(027)- 126/2015 saylı icra sənədi X2 ərizəsi əsasında Quba rayon məhkəməsinə geri qaytarılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdehin əmlak vəziyyəti, o cümlədən qazancının məbləği barədə məlumat olmadan alimentin miqdarı hər uşaq üçün 170 manat məbləğində müəyyən edilə bilməz. Məhkəmə hesab edir ki, aliment hər uşaq üçün 130 manat olamaqla, ümumilikdə 390 manat sabit pul məbləğində müəyyən edilməlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, uşağa görə hər ay 130 manat məbləğində aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olması, digər tərəfdən, iddiaçının uşağların saxlanmasında çətinlik çəkməsi nəzərə alınaraq, xx.xx.2008-ci il təvəllüdlü X10, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün məhkəməyə müraciət olunan xx.xx.2020-ci il tarixdən başlayaraq, iddiaçının xeyrinə cavabdehdən hər uşaq üçün hər ay 130 manat olmaqla, ümumilikdə 390 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçı aliment alınması barədə iddialar üzrə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-nin 112.1.6 və 119.2-ci maddələrin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1 və 9.4-cü maddələrinə əsasən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X10, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə hər ay 130 manat olmaqla, ümumilikdə 390 manat sabit pul məbləğində aliment xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh iddiaçı X1 xeyrinə tutulsun. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar