Məhkəmə qərarları › İş №2(027)-1597/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1597/2020

11.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1597/2020 11.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2016-cı il tarixdə anadan olmuş X2 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 200 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx xxxxxx 2015-ci il tarixdə el adəti ilə ailə qurmuş, nikahlarını isə xx xxxx 2016-cı il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx xxxxxx 2016-cı il tarixdə X4, xx xxxxxx 2018-ci il tarixdə X3 adlı uşaqları doğulmuşdur. Ailə qurduqları ilk vaxtlarda cavabdehlə aralarında münasibətləri normal olmuşdur. Lakin sonradan münasibətləri pozulmuşdur. Belə ki, cavabdeh vaxt keçdikcə evə sərxoş vəziyyətdə gəlmiş, onu döymüş təhqir etmişdir. Hətta bir dəfə başına şkafla vurmuşdur. Barəsində Quba rayon Polis şöbəsinə şikayət etsə də, sonradan cavabdeh onunla barışdığından şikayətimi geri götürmüşdür. Lakin bir müddət sonra yenə də cavabdeh əməllərini təkrar etməyə başlamış, onu döymüşdür. Dəfələrlə bu vəziyyətdə yaşamaq mümkün olmadığı üçün ayrılmağa cəhd etsə də, hər dəfə cavabdeh və anası bir daha belə əməllərin olmayacağını bildirərək, onu ayrılmağa qoymamışlar. Son vaxtlar öyrənmişdir ki, cavabdeh mərc oyunları ilə məşğul olur, hətta o, evdə olmayanda onun qızıllarını aparıb mərc oyununda uduzmuşdur. O, bunu bildikdə qızıllarını cavabdehdən geri istədikdə cavabdeh qızılları yenidən alıb ona verəcəyini bildirmişdir. Uşaqlar xəstə olarkən cavabdeh uşaqlarla maraqlanmamış, uşaqlara baxmamışdır. Cavabdehlə bu vəziyyətdə yaşamaq mümkün olmadığı üçün uşaqlarla valideynlərinin evinə geri qayıtmağa məcbur olmuşdur. O, valideynlərinin evinə geri qayıtdıqdan sonra cavabdeh uşaqlarla maraqlanmamışdır. O, uşaqlara baxdığı üçün işləyə bilmir. Bu səbəbdən də maddi vəziyyəti ağırdır. Uşaqların tələbatı günü-gündən artır və o artıq uşaqlarının tələbatlarını ödəyə bilmir. Cavabdeh uşaqların saxlanması üçün könüllü surətdə maddi yardım göstərmədiyi üçün aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X7 iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onuın iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “Nikah bağlanılması haqqında” xx xxxx 2016-cı il tarixli şəhadətnamədən görünür ki, tərəflər xx xxxx 2016-cı il tarixində nikah bağlamış, bu nikah Quba rayon İİ Nügədi İƏD tərəfindən həmin tarixli, 04 nömrəli akt qeydi ilə qeydə alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2016-cı il tarixdə X4,xx.xx.2018-ci il tarixdə X3 anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdehin əmlak vəziyyəti, o cümlədən qazancının məbləği barədə məlumat olmadan alimentin miqdarı uşaq üçün 170 manat məbləğində müəyyən edilə bilməz. Məhkəmə hesab edir ki, aliment uşaq üçün 130 manat məbləğində müəyyən edilməlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, uşağa görə hər ay 130 manat məbləğində aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olması, digər tərəfdən, iddiaçının uşaqların saxlanmasında çətinlik çəkməsi nəzərə alınaraq, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəməyə müraciət olunan xx.xx.2020-ci il tarixdən başlayaraq, iddiaçının xeyrinə cavabdehdən hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddiaçı hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 200 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsini tələb etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də iddia həmin hissdə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçı aliment alınması barədə iddialar üzrə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-nin 112.1.6 və 119.2-ci maddələrin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1 və 9.4-cü maddələrinə əsasən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar