Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1608/2021 03.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh ilə birgə nikahdan doğulan 26.08.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin və azyaşlı uşağa baxmağı ilə bağlı işləyə bilmədiyinə görə yaşayışının təmini üçün 150 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etdi. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 01 sentyabr 2019-cu ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurub. Birgə nikahdan 26 avqust 2020-ci il təvəllüdlü .X2 anadan olmuşdur. Ailə münasibətləri əvvəllər nisbətən normal olsa da, son 7-8 ayda cavabdehlə xasiyəti uyğun gəlmədiyindən aralarında daim söz-söhbət olur, özünü normal adam kimi aparmır, bir həyat yoldaşı kimi ona hörmət eləmir. Cavabdehin qeyri səmimi hərəkətlərinə dözməyərək 04.01.2021-ci il tarixində uşağı da götürüb ata evinə qayıdıb. Həmin dövr ərzində cavabdeh nə onunla, nə də uşağıyla maraqlanmır, onlara heç bir maddi yardım və köməklik göstərmir. Heç bir gəlir yeri olmadığından uşağın saxlanılması ilə bağlı altı aydan çoxdur ki, ciddi maddi çətinliklərlə üz-üzə qalıb. Cavabdeh uşağın saxlanması üçün ona heç bir yardım göstərmir. Aralarında uşağa alimentin ödənilməsi barədə də heç bir saziş yoxdur. Göstərilənləri nəzərə alaraq, Cavabdeh ilə birgə nikahdan doğulan 26.08.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin və azyaşlı uşağa baxmağı ilə bağlı işləyə bilmədiyinə görə yaşayışının təmini üçün 150 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddia tələbini qismən qəbul edərək, bildirdi ki, iş yeri yoxdur, iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəmək iqtidarında deyil, ayda uşağa görə 120-130 manat aliment ödəyə bilər və iddianın 150 manat hissəsini ödəməyə bilməz. Göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iddia ərizəsini və işə əlavə edilmiş sənədlərini tam, hərtərəfli və obyektiv təqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia əsaslıdır və qismən təmin olunmalıdır. İş sənədlərində olan Quba Regional “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsindən verilmiş 29.06.2021-ci il tarixli 05/Q-272-70 nömrəli nikah haqqında məlumatdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah 01.09.2019-cu il tarixində Quba Regional “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış, 762 nömrə ilə qeydə alınmışdır. İş sənədlərində olan Quba Regional “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsindən verilmiş 29.06.2021-ci il tarixli 272/70 nömrəli doğum haqqında məlumatdan görünür ki, X3 26.08.2020-ci ildə Quba şəhərində anadan olmuş, 30.08.2020-ci il tarixdə Quba Regional “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsində 1569 nömrə ilə doğum haqqında akt qeydləri kitabında qeydiyyata alınmışdır. “Atası” Cavabdeh, “anası” İddiaçı qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Quba rayon İHB-nın Zərdabi qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 30.06.2021-ci il tarixli 667 nömrəli arayışdan məlum olur ki, nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Quba rayonu Barlı qəsəbəsində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Azərbaycan Respublikası "Uşaq hüquqları haqqında" Qanunun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasətinin bir hissəsi də, hər bir uşağın zəruri maddi şəraitinin təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikası "Uşaq hüquqları haqqında" Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Uşaq hüquqları haqqında" Konvensiyasının 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazim olan həyat şəraitini öz bacarıqları va maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını maddi maddi cəhətdən təmin etməyə borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhəkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması səviyyəsinin mümükün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Rеspublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edimişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş sənədlərindən görünür ki, iddia ərizəsi məhkəməyə 07.07.2020ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə Cavabdeh 07 iyul 2021-ci il tarixdən başlayaraq, 26.08.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutulub İddiaçı qızına verilməsini qanuni hesab edir. İddia iddiaçının azyaşlı uşağa baxmağı ilə bağlı yaşayışının təmini üçün 150 manat məbləğində pulun tutuması hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78, 84.2.2-ci maddələrini və Azərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 07 iyul 2021-ci il tarixdən başlayaraq, 26.08.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutulub İddiaçı qızına verilsin. İddia iddiaçının azyaşlı uşağa baxmağı ilə bağlı yaşayışının təmini üçün 150 (yüz əlli) manat məbləğində pulun tutuması hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1(bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1608/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1608/2021
03.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver