Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1617/2024 25.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, iddiaçılar İddiaçı4 və İddiaçı2, Cavabdeh iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, X1, İddiaçı4 Cavabdeh və maraqlı tərəflər Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə və Maraqlı şəxs2nə qarşı alqı-satqı müqaviləsinin və mülkiyyət hüququnun qeydə alınmasına dair reyestr Çıxarışının ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, X1, İddiaçı4 iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 arasında 0.93 ha torpaq sahəsinin satılmasına dair Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqısatqısına dair müqavilənin və onun əsasında Cavabdeh verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, birgə mülkiyyətlərində olan Quba rayonu Bərqov kəndində yerləşən 0.93 ha torpaq sahəsi mülkiyyətçilərin: Quba rayonu Bərqov kənd sakinləri İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 razılığı əsasında xx.xx.2023cü il tarixli alqı-satqı müqaviləsi əsasında 5000 (beş min) manat pul məbləğində Cavabdeh satılmışdır. Tərəflər arasında bağlanan alqı-satqı müqaviləsi Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisində 06 dekabr 2023-cü il tarixində rəsmiləşdirilmişdir. Belə ki, alıcı onlarla əvvəlcədən ödənişin bir hissəsinin alqı-satqıdan sonra ödəyəcəyini bildirmişdir. Aralarında olan şifahi razılaşmaya görə Cavabdeh sonradan ona əlavə olaraq 5000 (beş min) manat ödəməli olsa da bu pulu ona ödəməkdən imtina etdi. Razılaşmalarını ona xatırlatsa da ona “pulum yoxdur, get nə istəyirsən elə” cavabını vermişdir. Niyə belə etdiyini soruşduqda isə onun artıq pulu yoxdur, ödəyə bilmir demişdir. Bundan əlavə cavabdeh onlara bəzi işlərdə kömək etməyi üzərinə öhdəlik kimi götürsə də sonradan bu öhdəliyə əməl etməmişdir. Onlara əvvəlcədən vədd etdiyi dəstəyi göstərməmişdir. Hesab edir ki, cavabdehin özü də bunu məhkəmədə etiraf edəcəkdir. Bu səbəbdən də o qanunvericiliyin tələbinə uyğun olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə iclasında iddiaçılar İddiaçı4 və İddiaçı2 iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək, iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirdi. İş üzrə digər Maraqlı şəxs1 notariusu Süleyman Məmmədov məhkəməyə məktub göndərərək, Quba Regional ASAN Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisinin iş rejimi və vətəndaş müraciətlərinin çoxluğu səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş iş üzrə digər iddiaçılar İddiaçı1, X1 və maraqlı tərəf Maraqlı şəxs2 məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə, məhkəmə həmin işə baxmağa haqlıdır Mülki işin materiallarında olan 06 dekabr 2023-cü il tarixli, AN-1№ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı1, İddiaçı2, X1, İddiaçı4 mülkiyyətində olan Quba rayonu, Bərqov kəndində yerləşən 0,9267 ha torpaq sahəsini onların (mülkiyyətçilərin) əvəzindən X2 tərəfindən 5000 manata Cavabdeh satılmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən verilmiş, reyestr nömrəsi **********12 olan, ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, Bərqov kəndində yerləşən 0,9267 ha torpaq sahəsi Cavabdeh mükliyyətindədir. Məhkəmə iddia tələbinin qanuni əsası ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 598.2-ci maddəsinə əsasən əgər alqısatqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surəitdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyşməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o hada əhəmiyyətli saylır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəratin dəyişməsinə bərabər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.2, 422.2.1, 422.2.2 və 422.2.3-cü maddələrinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişdirilmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər; müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; müqaviləin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozur və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavil bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəiklərinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.4-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyşdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə araşdırması zamanı müyyən olunmuşdur ki, mübahisəli əmlakın tərəflər arasında alqı-satqısı baş tutsa da, həmin əmlakla bağlı ödənilməli olan məbləğ mülkiyyətçiyə ödənilməmişdir və bunu təkzib edən hər hansısa sübüt məhkəməyə təqdim olunmamışdır. İddiaçılar və cavabdeh arasında alqı-satqı müqaviləsi bağlansada müqavilədə göstərilən əmlakın dəyəri 5000 manat pulun əmlakın mülkiyyətçisi olan iddiaçılar İddiaçı1, İddiaçı2, X1, İddiaçı4 ödənilməmişdir və bunu təkzib edən hər hansısa sübut məhkəməyə təqdim edilmədiyindən alqı-satqı müqaviləsinin formal xarakterli olduğunu təkzib edilməz edir. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən o cümlədən iddanın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddia təmin edilməli İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ilə Cavabdeh arasında Quba Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və onun əsasında Cavabdeh verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ilə Cavabdeh arasında Quba Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və onun əsasında Cavabdeh verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1617/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1617/2024
25.07.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver