Məhkəmə qərarları › İş №2(027)-1655/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1655/2020

22.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1655/2020 22.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçıCavabdehna qarşı zərərin ödənilməsi və məlumatın təkzib edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu mənəvi zərərin əvəzi olaraq 10000 manat pul və dövlət rüsumu ödədiyi 30 manatın alınaraq ona verilməsi, cavabdehin "Birxeber.az” saytında onun barəsində verdiyi yalan məlumatın təkzib edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsalandırılmışdır ki, Cavabdeh "Birxeber.az" saytında onun barəsində böhtan xarakterli video-müsahibə verərək, həmin müsahibəsində guya onun yaxın adamını işə düzəltmək adı ilə 9000 manat pulunu alıb qaytarmadığını bildirmişdir. Onun bu yalan və həqiqətə uyğun olmayan video müsahibəsindən sonra bir çox dost-tanış və qohumları ona zəng edərək bu barədə məlumat vermiş, barəsində dedi-qodular yaranmış və bunun da nəticəsində o dərin iztirablar keçirməklə mənəvi zərər almışdır. Həmçinin ailə üzvləri də mənəvi iztirab keçirmişlər. Belə ki, cavabdehlə 2013-cü ildə yaxın qohumu Elvinin vasitəsilə tanış olmuş, həmin ərəfədə o, 3cü mikrorayon dairəsi yaxınlığına yerləşən ofisində hüquqi xidmətlə məşğul olmuşdur. Cavabdeh dəfələrlə həmin ofisə gələrək ondan hüquqi məsləhətlər almış və aralarında normal münasibətlər olmuşdur. 2017-ci ildə ona pul lazım olduğu üçün cavabdehdən onun üçün borca 9000 manat pul tapmasını xahiş etmişdir. Sonuncu ona yaxın qohumu Niyazidən faizlə pul götürməyi məsləhət bilmiş, o da razılaşaraq, onun əvəzinə həmin qohumundan 9000 manat borc pul almasını xahiş etmiş, bu vaxt Tahir bildirmişdir ki, qohumundan həmin pulu alıb ona versə əvəzində həmin puldan 1000 manat "şapka” alacaq. O da razılaşmışdır. xx.xx.2017-ci il tarixdə Tahir 9000 manatı ona gətirmiş, lakin əvəzində qızıl girov qoymasını təklif etmiş, onun qızıı olmadığı üçün, Tahirlə aralarında notarial qaydada müqavilə bağlanmasına razılaşmışlar. Bakı şəhər 14 saylı notariat kontorunda onunla cavabdeh arasında 9000 manat ona borc verməsi barədə xx.xx.2017-ci il tarixli "kredit müqaviləsi” bağlanmışdır. Həmin puldan 1000 manat Tahir özünə "şapka" götürmüşdür. Müqavilə bağlandıqdan sonra o, işçilərinin yanında Tahirə 14 ay, hər ay 450 manat hesabı ilə cəmi 6300 manat faiz pulu qaytarmışdır. Lakin sonradan xəstəliyi ilə əlaqədar müalicə olunduğu üçün iki (iyul, avqust) ayın faiz borcunu ödəyə bilməmişdir. Daha sonra isə cavabdeh ona heç bir xəbər vermədən 14 saylı notariat kontoruna müraciət edərək guya ona heç bir məbləğdə pul qaytarmadığını bildirmiş, kredit müqaviləsinə dair icra qeydi yazılmasını xahiş etmişdir. Cavabdehin müraciətindən sonra 14 saylı notariat kontoru ona heç bir bildiriş məktubu göndərmədən qeyd etdiyi kredit müqaviləsinə dair icra qeydi yazıb Bakı şəhər Nizami rayon İcra və probasiya şöbəsinə göndərmişdir. Həmin şöbədə bununla bağlı icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı şəhər Nizami rayon İcra və probasiya şöbəsindən ona bu barədə məlumat verildikdən sonra icra qeydi barədə xəbər tutub onun ləğvinə dair Nəsimi Rayon Məhkəməsində iddia qaldırmışdır. Hazırda bu iddia tələbi ilə bağlı Nəsimi Rayon Məhkəməsində mülki iş gedir. Cavabdeh qeyd etdiyi müqavilədə ona 9000 manat pul verməsini göstərsə də, lakin faktiki olaraq həmin puldan ona 8000 manat vermiş, qalan 1000 manat pulu isə özü götürmüşdür. Qeyd etdiyi İcra qeydinin ləğvi barədə Nəsimi Rayon Məhkəməsində iddia qaldırmağı barədə xəbər tutduqdan sonra cavabdeh onun barəsində şər-böhtan xarakterli şikayətlə Bakı şəhər Baş Polis İdarəsinə şikayət ərizəsi verərək, guya o, cavabdehdən yaxın qohumunu Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək adı ilə 9000 manat pul alaraq qaytarmamışdır. Cavabdehin həmin ərizəsi Bakı şəhər Baş Polis İdarəsindən aidiyyəti üzrə Nəsimi Rayon Polis İdarəsinə göndərilmişdir. Cavabdehin bu barədə göstərdikləri yalandır. Cavabdeh ondan əlavə pul qoparmaq məqsədilə, həm də məhkəmədə yuxarıda qeyd etdiyi iddia tələbini qaldırdığı üçün qərəzli şəkildə belə bir şikayət yazmışdır. Cavabdeh vətəndaşlara faizə pul verməklə məşğuldur. Cavabdeh bu əməli ilə küllü miqdarda gəlir əldə etməklə, dövlətə heç bir vergi vermir və vergidən yayınır. Cavabdehin qanunsuz hərəkətləri barədə, eləcə də ona qarşı olan şər-böhtan xarakterli ərizəsinə dair o da Bakı şəhər Baş Polis İdarəsinə şikayət vermişdir. xx.xx.2020-ci il tarixə o, rayonda yas mərasimində olarkən cavabdeh onun mobil nömrəsinə zəng edərək onunla görüşməyi tələb etmiş, o, cavabdehə rayonda olduğunu dedikdə sonuncu onu və ailə üzvlərini nalayiq söyüşlərlə söyüb təhqir edərək hədələmişdir. İş üzrə İddiaçı məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, əslində iddiaçının ona pul borcu var və o borcunu qaytarmamaq üçün istənilən vasitəyə əl atır. Məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib, cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçıhissə-hissə qaytarmaq şərtilə 9000 manat pul borc vermişdir. Məhkəmə araşdırması zamanı, İddiaçı məhkəməyə iddia tələbini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Sübuetmə yükü baxımından iddiaçı cavabdehin təqsirli hərəkəti nəticəsində zərər çəkdiyini sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs, onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Mülki Məcəllənin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Qanunun mənasına görə cavabdehin hərəkətlərinin, yaxud iddiaçı barədə söylənilənlərin Mülki Məcəllənin 23-cü maddəsinin təsiri altına düşməsi üçün şəxsin şəxsiyyətinə aid elə məlumatlar olmalıdır ki: 1. Həmin məlumatlar şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələmiş olsun; 2. Həmin məlumatlar yalan olsun və 3. Həmin məlumatlar yayılmış olsun. Bu üç ünsür birlikdə müəyyən edildiyi halda şəxsin şərəf və ləyaqətini, yaxud işgüzar nüfuzunu ləkləlyən məlumatlar təkzib edilməlidir. Bunlara böhtan xarakterli məlumatları aid etmək olar. Bu halda məlumatların həqiqiliyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №li Qərarında izah olunmuşdur ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Bəzi halda şəxsin şərəf və ləyaqətini alçaldan, təhqiredici ifadələr də təkzib edilə bilər. Lakin bu zaman da həmin ifadələrin yayılması müəyyən edilməlidir. “Yayılma” dedikdə məlumatın iki və daha artıq şəxslərə bildirilməsi başa düşülür. Məlumatın geniş əhali kütləsi arasında, kütləvi informasiya vasitələrində yayılması da baş verə bilər. Bu zaman da şərəf və ləyaqətin müdafiəsinə yol verilir. Qanunun tələbinə görə belə halda yayılan məlumatın yalan olmadığını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşməlidir. Lakin nə qədər ki, ilkin olaraq yalan hesab edilən məlumatların mövcud olması, onların yayılması və belə məlumatın şəxsin şəxsiyyətini alçaltması gündəmdədir, bu halların sübuta yetirilməsindən iddiaçı azad edilməmişdir və bu halları sübuta yetirmək Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinin tələbinə görə iddiaçının üzərinə düşür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir.İddiaçının tələbi əsaslandırılmadığı, yəni ona vurulmuş ziyanın nədən ibarət olması, iddiaçının şərəf və ləyaqətini alçaldan məlumatların mövcud olması, cavabdehin onu təhqir etməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilmədiyi üçün tələb əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçıCavabdehna qarşı zərərin ödənilməsi və məlumatın təkzib edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar