Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1784/2024 18.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından dünyaya gələn xx.xx.2015-ci il təvəllüdü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 onun yanında saxlanılması, övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün 250 manat alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh ilə birgə nikahlarından dünyaya gələn xx.xx.2015-ci il təvəllüdü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 250 manat olmaqla, ümumilikdə 500 manat alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2014-cü ildə 34- №-li akt qeydi ilə tərtib olunan nikah haqqında şəhadətnaməyə əsasən rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 övladları dünyaya gəlmişdir. 11 illik evliliyində 1 il gəlin köçdüyü Xaçmaz rayonu, Arzu kəndində qaynatasına məxsus evdə yaşamışdır. Hamilə olan zaman yoldaşı ilə birgə Bakıya gedərək orada kirayə qalmışlar. Bu müddət ərzində yoldaşı ilə söz-söhbətləri düşdüyü üçün ata evinə geri qayıtmışdır. Uşaq olandan sonra boşanmaq üçün sənəd vermiş, yoldaşı isə övladının xatirinə barışmaq istəmiş, boşanmağa razı olmamışdır. Barışdıqdan sonra gəlin köçdüyü evə gedib-gəlmiş, sonra yenə Bakıya gedərək yenə eyni vəziyyətdə söz söhbətləri düşdüyü üçün qayıdıb ata evinə gəlmişdir. Artıq 5 ildir ki, gəlin köçdüyü evə getmir. Hal-hazırda Bakıda Montində kirayədə qalır. Cavabdeh Birgə nikahdan dünyaya gələn övladları ilə maraqlanmır. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyinə görə ailə münasibətləri pozulmuşdur. Nikahları formal xarakter daşıyır. Cavabdehlə barışmaqları və ailənin qorunub saxlanılması üçün dəfələrlə danışıqlar aparsa da heç bir nəticə verməmişdir. Hal-hazırda cavabdehlə barışmaqları mümkün olmadığından məhkəməyə müraciət etmək gərarına gəlmişdir. Cavabdehin yaxşı gəlirləri olsa da bugünədək ailə və övladları ilə maraqlanmır. Cavabdeh ona və birgə nikahlarından dünyaya gələn övladınn saxlanılması üçün heç bir maddi köməklik göstərmir. Cavabdeh Xaçmaz rayonu, Arzu kəndində qeydiyyatdadır, texnikalarla məşquldur və qazancı yüksəkdir, uşaqların saxlanılması üçün aliment və digər xərclərin ödəməyə maddi imkanı yetərlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verərək və əlavə olaraq bildirmişdir ki, cavabdehdən ayrı yaşayırlar. Cavabdeh uşaqlarına baxmır, onlarla maraqlanmır və heç bir maddi yardım göstərmir. O, uşaqların saxlanmasında çətinlik çəkir. Cavabdehin tələb olunan alimenti ödəməyə imkanı var. Ona görə də iddia ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, övladlarının lazımi qədər qayğısına qalır və ehtiyaclarını ödəyir. Hər ay hər uşağa görə 200 manat aliment vermək iqtidarındadır. Məhkəmə iddiaçı və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı, 993815 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər 10 oktyabr 2014-cü il tarixində nikah bağlamış, bu nikah Xaçmaz RİHB-nın Hacıəlibəy İƏD üzrə nümayəndəliyi tərəfindən həmin tarixli, 34 nömrəli akt qeydi ilə qeydə alınmışdır. İş materiallarında olan AZ-T seriyalı 154403 №-li doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikah manasibətlərindən xx.xx.2015-ci il tarixdə X4 anadan olmuşdur. İş materiallarında olan AZ-İV seriyalı 381711 №-li doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikah manasibətlərindən xx.xx.2020-ci il tarixdə X2 anadan olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞQ-MT-027-2024-00664 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərc ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər faktiki olaraq ayrı yaşayırlar və tərəflərin birgə nikah münasibətlərindən doğulmuş uşaqlar anası İddiaçı himayəsindədir. Tərəflər arasında yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment ödənilməsi barədə saziş bağlanmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1 və 22.2.2-ci maddələrinə müvafiq olaraq bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərin birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflər arasında uşaqların saxlanması üçün aliment ödənilməsi barədə heç bir saziş bağlanmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda aliment tutulması barədə tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cu maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. İddiaçı, cavabdehin işləyərək yüksək qazanc əldə etməsi və bununla da tələb etdiyi alimentin miqdarının hər uşağa görə 250 manat olmaqla, iki uşağa ümumilikdə 500 manat miqdarında təyin olunmasının əsaslı olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, işdəki sübutlara əsasən cavabdehin qazancı (gəliri) müəyyən edilmədiyindən, uşaqların əvvəlki təminat səviyyəsinin maksimal saxlanması zərurəti nəzərə alınaraq, tərəflərin ər-arvad münasibətlərindən doğulmuş yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment sabit pul məbləğində tutulmalıdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin birgə nikah münasibətlərindən xx.xx.2015-ci il təvəllüdü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh sabit pul məbləğində hər ay hər uşağa görə 200 manat olmaqla, ümumilikdə 400 manat məbləğində alimentin tutulması, uşağın saxlanmasının iddiaçı və cavabdehin vəzifəsi olması zəminində onların mənafeləri, həmçinin uşağın mənafeyi ilə aliment ödəyəcək cavabdehin mənafeyi arasında ədalətli tarazlıq yaradacaqdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı da məhkəməyə alimentin tutulması tələbi ilə bağlı 28 iyun 2024-cü il tarixdə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 28 iyun 2024-cü il tarixdən tutulmalıdır. Məhkəmə, iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş faktiki hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh birgə nikah münasibətlərindən doğulmuş xx.xx.2015-ci il təvəllüdü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən Cavabdeh hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “X3” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “X3” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun. İddiaçı ilə Cavabdeh birgə nikah münasibətlərindən doğulmuş xx.xx.2015-ci il təvəllüdü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən Cavabdeh hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1784/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1784/2024
18.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver